AZ EN RU

“Döyüş yolu” kitabının təqdimatı keçirilib

Babək Rayon Mədəniyyət  Sarayında Vətən müharibəsi şəhidi Allahyar Telmanlıya həsr olunmuş “Döyüş yolu” kitabının təqdimatı keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə  Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edib.

Bildirib ki, Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ruhuna sonsuz ehtiram hissindən, şəhid ailələrinə böyük qayğısından irəli gəlir.

 İcra başçısı qeyd edib ki, şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur. “Döyüş yolu” kitabını vətənpərvərlik ruhunda yazılmış əsər adlandırmaq olar. Allahyarın şərəfli döyüş yolunu işıqlandıran bu kitab gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rola malik olacaq əsərdir. Gələcək nəsillər “Döyüş yolu” kitabını vərəqləyərkən Zəfər tariximizi daha yaxından öyrənəcəklər. Kitabda istedadlı qələm sahibi Tərifə Kərimova bir şəhidin harayına səs verərək onun həyatını əks etdirib. Allahyarın döyüş cəbhəsində göstərdiyi qəhrəmanlıq çox böyük məsuliyyət hissi və peşəkarlıqla qələmə alınıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyə Həmzəyeva qeyd edib ki, cənab Prezidentin yürütdüyü siyasətin əsas istiqaməti Vətən uğrunda canından və sağlamlığından keçən oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdır. Hər bir azərbaycanlı öz igid oğulları ilə fəxr edir. Allahyar da  belə oğullardandır. Onun Aprel döyüşlərində iştirakı və orada  ağır yaralanmasına baxmayaraq, ordudan tərxis olunmaması və mübarizəyə davam edib Vətən müharibəsində iştirakı igid oğulun qəhrəmanlığından xəbər verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə bildirib ki, şəhidlərimizin həyat yolu gənclərimizə örnəkdir. Qəhrəman əcdadımızın qanını öz damarlarında daşıyan Vətənin azadlığı, bütövlüyü uğrunda  canını, sağlamlığını qurban vermiş bütün oğul və qızlarımızın xatirəsi hər kəs üçün  üçün əzizdir. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullar illərdir, davam edən işğalı sonlandırmaqla Xocalının qisasını aldılar, Birinci Qarabağ müharibəsində şəhid olmuş oğulların ruhunu şad etdilər.

Şəhidin hərbi liseydə oxuduğu illərdə müəllimi olmuş Naxçıvan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş redaktoru  Ruhiyyə Rəsulova diqqətə çatdırıb ki,  Naxçıvanda  fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Lisey gələcəyin vətənpərvər hərbçilərinin yetişməsi üçün geniş imkanlara malikdir. Allahyar da onlardan biri idi. O, Aprel döyüşlərində göstərdiyi  şücaətlə Vətənini sevən bir gənc zabit olduğunu sübut etdi. Bu kitabda iki məqaləsi olduğunu vurğulayan Ruhiyyə Rəsulova kitaba ön söz yazmış Asim Yadigarın müəllifi olduğu şəhid Allahyara həsr olunan şeiri səsləndirdi.

Kitabın müəllifi Tərifə Kərimova kitabın ərsəyə gəlməsində köməklik göstərənlərə minnətdarlıq edərək bildirib  ki, şəhidlər Vətənin övladlarıdır. Onlar Azərbaycanın unudulmaz oğullarıdır. Hər bir qələm sahibi onların xatirəsini əbədiləşdirmək üçün əlindən gələni edir. Şəhidin kursant yoldaşı Vüsal Bəylərli çıxış edərək şəhidin vətənpərvərliyindən danışıb, onun daim yaddaşlarda yaşayacağını qeyd edib.

Şəhidin anası Nuriyyə xanım göstərilən dövlət qayğısına görə  təşəkkürünü bildirib.

Sonda tədbirin bədii hissəsinə baxış olub. Şəhidə həsr edilmiş videoçarx nümayiş etdirilib.

 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 04.03.2024 18:22