AZ EN RU

Dövlətimizin əsas amalı insan sağlamlığıdır

    Tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Ulu öndərin müəyyənləşdirdiyi strateji siyasət kursunu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səhiyyə sistemində də layiqincə davam etdirir. Ötən müddətdə bu vacib sahənin inkişafı, onun maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibb xidmətinin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açmışdır. Ölkə başçısının da dediyi kimi: “Səhiyyə xidməti ən yüksək səviyyədə olmalıdır. Bu bizim sosial siyasətimizin əsas istiqamətidir. Çünki insanların sağlamlığı üçün bütün işlər görülməlidir. Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Hər bir yaşayış məntəqəsində, hər bir rayonda tibbi xidmət yüksək dünya səviyyəsində olmalıdır”. 

    Son illər Azərbaycanda bütün sahələrin dinamik inkişafını hər birimiz öz həyatımızda görürük. Bu inkişafın təməlində dayanan başlıca amillərdən biri də səhiyyə ilə bağlı qəbul olunmuş mühüm Dövlət proqramlarıdır. Həmin proqramlar əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması, icbari tibbi sığortanın tətbiqi sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. 
    Səhiyyədə qazanılan uğurları bu gün muxtar respublikamızda da görmək olar. Bəhs edilən sahənin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Naxçıvanda dinamik xarakter alan genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsinə çevrilmişdir. Ölkədə ilk dəfə olaraq pullu tibbi xidmətin məhz muxtar respublikamızda ləğv edilməsi, həyata keçirilən çox mühüm islahatlar öz bəhrəsini göstərməkdədir. Diyarımızda yüzlərlə səhiyyə obyektinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialının sosial siyasətin icrasına, əhalinin sağlamlığına yönəldiyinin parlaq göstəricisidir.
    Naxçıvanın bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. İyun ayının 18-də muxtar respublikamızda Beynəlxalq Tibbi Forumun keçirilməsi də səhiyyə infrastrukturunun yüksək səviyyədə olmasına əsaslanırdı. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncam imzalamış, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. İyunun 18-də isə Naxçıvan Dövlət Milli Dram Teatrında Birinci Beynəlxalq Tibbi Forumun açılış tədbiri keçirilmiş, Ali Məclisin Sədri cənab Vasif Talıbov forumun açılışında iştirak etmişdir. Forumda çıxış edən muxtar respublika rəhbəri demişdir: “Sağlam cəmiyyətin formalaşmasında səhiyyənin mühüm rolu vardır. Ona görədir ki, tarixən tibb elminə, həkimlik sənətinə qayğı insanlığa qayğı kimi dəyərləndirilmişdir. Müasir dövrdə də ölkələrin inkişafında əhalinin sağlamlıq səviyyəsi və tibbi xidmətlə təminat əsas göstərici hesab olunur”. 
    Dünyanın 7 ölkəsindən 350-dən artıq elm adamının qatıldığı forumda 700-dən çox iştirakçı təmsil olunurdu. Tibbi forumun muxtar respublikamızda keçirilməsi uzun illər ərzində qurulan müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, Azərbaycan Tibb Universitetinin və xaricdən gələn həkim-mütəxəssislərin iştirakı ilə xəstələrin konsultativ müayinə, əməliyyat və müalicələri keçirilmişdir. Forum iştirakçıları və mövzuların müxtəlifliyi təbabətin aktual problemlərinin həlli yolunda yüksək səviyyədə müzakirələrin aparılması, gələcəkdə həkim olmaq arzusunda olan tələbələrin də hazırlığına mühüm töhfə olacaqdır. 
    Ümummilli liderin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirməyə başladığı islahatların içərisində Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması da yurd sevgisinin böyük ifadəsidir. “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə diqqətlə yanaşıb, xüsusi qayğı göstərib. Bu gün Naxçıvanda səhiyyə sektorunda aparılan kompleks islahatlar ulu öndərin layiqli davamçıları tərəfindən ardıcıllıqla həyata keçirilir. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Həmçinin həkimlər və orta tibb işçiləri ixtisasartırma kurslarına göndərilir, onların bilik səviyyəsi və peşəkarlığı artırılır. 25 tələbə ilə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində hazırda 1254 tələbə təhsil alır. Bu müddətdə Naxçıvan Dövlət Universitetində də təhsil və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə universitetin dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alması qürurverici nailiyyətdir. 
    Naxçıvanda keçirilən tibbi forum çox önəmli məqsəd daşıyır ki, bu da biz həkimlərin qarşılıqlı təcrübə mübadiləsi aparmalarına böyük imkan yaradacaq. Bundan əlavə, yeni tərəfdaşlıqlar muxtar respublikada alitəhsilli tibbi kadr hazırlığı, səhiyyənin yüksəkixtisaslı yerli mütəxəssislər ilə təminatı, Naxçıvan Dövlət Universitetində bu sahədə tədrisin keyfiyyətinin yüksəldilməsi, dünya tibb elminin yeniliklərinin mənimsənilməsi və tətbiqi baxımından da öz töhfəsini verəcək. Müasir dövrümüzdə, qloballaşan dünyada milli mədəniyyət, tarixi və etnik köklərin birliyi ilə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq və bərabərlik nümayiş etdirir. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrində Türkiyə Respublikasının özünəməxsus yeri vardır. Bununla yanaşı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, həmçinin forum çərçivəsində türk professor-alim kollektivinin burada iştirak etməsi, bir neçə ali təhsil ocağının da bu ali təhsil müəssisəsilə əlaqələr qurması, müqavilələr imzalaması, sözsüz ki, bu əlaqələri daha da inkişaf etdirəcəkdir.
     Dünya üzrə tanınmış alimlərin, professorların iştirak etdiyi I Beynəlxalq Tibbi Forumda tibbin ən son nailiyyətlərinə dair elmi müzakirələrin aparılması, təqdimatlar, sözsüz ki, biz həkimlər üçün müəyyən məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli oldu. Onu da xüsusi olaraq qeyd edək ki, tibbi forumun Naxçıvanda keçirilməsi Azərbaycan səhiyyəsi tarixində böyük hadisədir. Bu forumun özəlliyi tibb elminin bütün sahələrini əhatə etməsində, universitetlərlə əməkdaş­lıq müqavilələri imzalanmasındadır. Bu müqavilələr gələcəkdə elmi və tibbi klinik sferada əməkdaşlığa da yol açacaq. Çox sayda dərnəklər, ictimai birliklər, Azərbaycanın tanınmış tibb adamları bu foruma öz töhfələrini verdilər. Bu foruma müxtəlif ölkələrdən qatılan həkimlər və alimlərlə söhbət etmək, onlarla müxtəlif tibbi sahələrdə fikir və düşüncələrimizi bölüşmək imkanı da əldə etdik. Belə bir forumun iştirakçısı olmaq isə bizim üçün böyük fəxr idi. Forumda iştirak edən qonaqların böyük razılıq və yüksək təəssüratla ayrılmaları çox qürurverici oldu. 
    Muxtar respublikanın bütün bölgələrində yüksək memarlıq üslubu ilə inşa olunan, hər cür tibbi avadanlıqlarla təchiz edilən səhiyyə obyektləri bir gerçəkliyi vurğulayır: dövlətimizin əsas amalı insan sağlamlığıdır. Bu gün nəinki muxtar respublikanın mərkəzində, həmçinin ən ucqar dağ və sərhəd yaşayış məntəqələrimizdə tibb ocaqlarında yüksək şərait yaradılıb, günün bütün saatlarında qəflətən ağır vəziyyətə düşən xəstələri abad yollarla, müasir tibbi avadanlıqlarla təchiz edilmiş təcili yardım maşınları ilə lazımi səhiyyə ocağına çatdırmaq imkanına nail olunub. Sözsüz ki, əgər bu gün xəstələr pulsuz dərmanlarla təmin olunursa, sağlam gələcəyimiz naminə təhsil müəssisələrində profilaktik tədbirlər həyata keçirilirsə, anaların, körpələrin vaxtlı-vaxtında müayinəsi təşkil olunursa, müxtəlifixtisaslı həkim briqadaları bütün yaşayış məntəqələrində insanları tibbi yoxlamaya cəlb edirsə, bu, sağlamlığa göstərilən qayğının ən böyük nümunəsidir. 
    Bu gün diyarımızda aparılan çoxşaxəli quruculuq işləri də sağlamlığımıza qayğının ifadəsidir. Çünki insanlara müasir binalarda işləmək imkanı yaradılırsa, yaşayış binaları təmir olunursa, hər bir bina istilik sistemi, işıqla təmin edilirsə, axan sular, dağ bulaqları evlərimizə qədər çəkilib gətirilirsə, bu bizə – “sağlamlığımıza tükənməz qayğı var”, – deməyə haqq verir. Konkret olaraq qeyd edək ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində diyarımızda yeni səhiyyə ocaqları tikilməkdə, təmirə ehtiyacı olanlar əsaslı surətdə yenidən qurulmaqda, müasir tibbi avadanlıqlarla təchiz olunmaqdadır. Bu gün inamla demək olar ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin sağlamlığının qorunması, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası bundan sonra da daim diqqət mərkəzində saxlanılacaqdır.
    Müasir Azərbaycan səhiyyəsinin dinamik inkişafının memarı olan ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə, eləcə də muxtar respublikamızda sədaqətlə, yaradıcı şəkildə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də yeni uğurlara vüsət verib. Tam əminliklə demək olar ki, görkəmli dövlət xadiminin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.
    İnsanların baş tacı onların sağlamlığıdır. Amma xəstəliklərdən də heç zaman sığortalanmamışıq. Xoşbəxtik ki, artıq səhiyyənin acınacaqlı illəri arxada qalmışdır. İndi səhiyyə infrastrukturunda aparılan islahatlar nəticəsində gündən-günə yeni nailiyyətlər əldə olunur. Danılmaz faktdır ki, bu torpaq sevgisi, yurd məhəbbəti muxtar respublikanın hər qarışını əhatə edib. Düşünülmüş, planlı şəkildə gələcəyə yol almış bu inkişaf tablosunda səhiyyəmizin məxsusi yeri var. Çünki bu günümüz kimi, gələcəyimiz də yalnız sağlam insanların sağlam düşüncələri üzərində qurulacaqdır.

İlhamə MUSTAFAYEVA
 Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Təməl tibb fənləri
kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru

Nəşr edilib : 05.07.2022 18:30