AZ EN RU

Dövlətimiz beynəlxalq hüququn prinsip və normalarına sadiqdir

Ulu öndər Heydər Əlİyеv: Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır vəonları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

    Bu il Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 ili tamam olur. Hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
    Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır.
    Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası demokratik, hüquqi və  dünyəvi dövlət quruculuğu yolunu seçmiş, insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə  qoşulmuşdur.
    1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəaları əks etdirilmiş və dövlətimizin ali məqsədlərindən biri kimi məhz insan hüquqlarının qorunması təsbit edilmişdir. Üçdəbir hissəsi insan hüquq və azadlıqlarına həsr edilmiş bu Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur. Hüquq və azadlıqların bəyan olunma dərəcəsinə görə Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqları sahəsində qəbul olunmuş beynəlxalq sənədlər də daxil olmaqla beynəlxalq hüquq standartlarının bütün tələblərinə cavab verir.
    Konstitusiyanın qəbulundan sonra cəmiyyətin bütün sahələrini əhatə edən köklü dəyişikliklər prosesi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş çox mühüm qanunlar və normativ-hüquqi aktlar qəbul edilmişdir. 
    Şərqdə ilk dəfə olaraq ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini təsdiqləyərək Ulu Öndərimizin bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirmişdir.
    Ümummilli Liderin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral  tarixli Fərmanı və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncamı ölkəmizdə qanunvericilik və institusional islahatlara təkan vermiş, insan hüquqlarının müdafiəsi sahəsində hüquqi mexanizmlər təkmilləşdirilmişdir.
    1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulan Azərbaycan Respublikası 2001-ci ildə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və demokratik ənənələrə, ədalətə, insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
    Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qanunun aliliyinin təmin olunmasını, insan hüquqları və azadlıqlarının müdafiəsini strateji prioritet kimi müəyyənləşdirən Ulu Öndər demişdir: “İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi dövlətin ali məqsədidir. Azərbaycanda insan hüquqlarının qorunması, insan azadlıqlarının təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur”.
    Ulu Öndərin əsasını qoyduğu müasir insan hüquqları siyasətini yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müasir dövlətçilik siyasəti nəticəsində Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün hərtərəfli təminatlar yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesini keyfiyyətcə yeni müstəviyə keçirmişdir. 
    Ölkə başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi istiqamətində tədbirlərin davamlılığı təmin edilmişdir.
    Ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyimiz bərpa edilmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasına nail olunmuşdur. Azərbaycan ərazi bütövlüyü bərpa edilməklə həm də öz doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarının hüquq və azadlıqlarının kütləvi surətdə pozulmasının qarşısını alaraq onların konstitusion hüquqlarının və azadlıqlarının həyata keçirilməsi təmin edilmişdir.
    Qeyd etmək lazımdır ki, sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə sadiq olan Azərbaycan beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə uyğun olaraq hər hansı ayrı-seçkiliyə yol vermədən Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin də bərabər hüquqlarını multikultural dövlət siyasətinə uyğun olaraq qoruyur. 
    Bütün bunlara baxmayaraq, Ermənistan hələ də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpa olunmasına, nəticə etibarilə Naxçıvan əhalisinin öz ölkəsi daxilində sərbəst hərəkət etmək azadlığının təmin olunmasına imkan vermir. Eyni zamanda indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi çoxsaylı fundamental insan hüquqları prinsiplərinin, beynəlxalq hüququn jus cogens normalarının, beynəlxalq konvensiyaların ciddi və sistematik pozulmasıdır və bu, davamlı sülhün bərqərar olunmasına ciddi təhdid törədir.
    Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında insan hüquq və azadlıqları ilə bağlı həyata keçirilən mühüm islahatlar ardıcıl şəkildə davam etdirilir. Ölkə başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmiş, insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm tədbirlərdən biri olan Müvəkkil təsisatı yaradılmışdır. Həyata keçirilən bu tədbirlər muxtar respublikada insan hüquqlarının müdafiəsi istiqamətində mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin edir. 
    Təhlükəsizliyin carçısı rolunda çıxış edən, sülh və əmin-amanlıq şəraitində daxili imkanlardan və ehtiyat mənbələrindən səmərəli istifadə edərək Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmiş Naxçıvan Muxtar Respublikasında hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən mühüm islahatlar ardıcıl şəkildə davam etdirilir.
    Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının qətiyyət və uğurla reallaşdırıldığı muxtar respublikamızın yüksələn iqtisadi inkişafı, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, etibarlı müdafiəsinə və davamlı inkişafına öz töhfəsini verməkdədir.

Günay Rzayeva
Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) 

Nəşr edilib : 08.12.2023 19:05