AZ EN RU

Dövlətçiliyə sədaqət nümunəsi, əmin-amanlığa xidmət amalı

İyulun 2-si onların günüdür. Dövlətçiliyə sədaqət andı içən, sabitliyə, əmin-amanlığa xidmət edən Azərbaycan polislərinin. Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan edilib.

Daxili işlər orqanlarının formalaşmasında mühüm mərhələ

Ulu Öndər Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə daxili işlər oqranlarının inkişafına, strukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirib. Dövlətin əsas sütunlarından sayılan bu orqanların təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi və milli kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edilib. Bu amil müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında müstəsna rol oynamaqla yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə də özünü göstərib. 
Kadrların milli ruhda yetişdirilməsinin nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb...
Ümummilli Liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanla bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməli qoyuldu. 
Daxili işlər orqanları öz peşəkar fəaliyyəti ilə müstəqilliyimizin sonrakı illərində də uğurlara imza atıb. Azərbaycan polisi sabitlik, əmin-amanlıq naminə yeri gəldikdə canını belə fəda edərək bütün tədbirləri vaxtında, dəqiqliklə icra edib. 

Dəyişən dövr, müasir metodlar, peşəkar yanaşma

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan islahatlar çərçivəsində daxili işlər orqanlarının da fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün tədbirlər həyata keçirilib. Ötən illərdə xidmətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. 
Dövlət başçısı daim Daxili İşlər Nazirliyinin strukturunun və normativ-hüquqi bazasının, maddi-texniki təchizatının təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsi­nin və təminatının gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu gün müasirləşmə tendensiyası DİN-in bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “Qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. 
Əzəli torpaqlarımızın düşmən tapdağından azad olunmasında böyük şücaət və qəhrəmanlıq nümunəsi göstərən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv etdilər. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyəti 66 şəhid verdi, 346 hərbi qulluqçu isə yaralandı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncamlarla Daxili Qoşunların əməkdaşlarından 1690-ı müxtəlif orden və medallara, o cümlədən 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. 
Bu gün ölkəmizin bütün bölgələri ilə yanaşı, işğaldan azad olunan ərazilərdə, Şuşada, Laçında, Xankəndidə daxili işlər orqanlarının fəaliyyəti təşkil olunub, günün bütün saatlarında polislərimiz vətəndaşların əmin-amanlığının təmini, dövlətin qanuni mənafelərinin qorunması keşiyində mətinliklə dayanırlar. Hər gün bu peşəkar hüquq-mühafizə əməkdaşları onlarla qanunsuz silahlar aşkarlayır, narkobiznesin qarşısını alır, mütəşəkkil cinayətkar qrupları müəyyənləşdirərək məsuliyyətə cəlb edir. 
Daxili işlər orqanlarının əməkdaşlarının göstərdikləri şücaət, peşəkar fəaliyyət dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. 2 iyul – Azərbaycan Polisi Günü hər il böyük təntənə ilə qeyd olunur. Dövlətimizin başçısı Azərbaycan Polisinin fəaliyyətini dəyərləndirib: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”. 

100 ilin polisləri – muxtar respublikada ictimai asayiş diqqət mərkəzindədir

Bir əsrlik tarixi inkişaf yolu qət edən Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə gedən tərəqqi prosesləri daxili işlər orqanlarını da əhatə edib. Bu proses özünü həm maddi-texniki təminatda, həm də kadr, struktur islahatlarında göstərib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi ictimai təhlükəsizliyin daha da etibarlı qorunması üçün mütəmadi olaraq texniki vasitələrin alınması, şəxsi heyətin istifadəsinə yeni avtomobillərin  verilməsi işin günün tələbləri səviyyəsində qurulmasına geniş imkanlar açıb.  Nəticədə, bu gün muxtar respublikanın paytaxtı Naxçıvan şəhərindən ucqar dağ kəndlərinədək hər yerdə ictimai asayişin qorunması, sabitliyin bərqərar edilməsi üçün lazımi xidməti fəaliyyət təşkil olunub. 
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin aid idarə, şöbə və xidmətlərinin kadr təminatı da daim diqqətdə saxlanılır, bacarıqlı kadrların yetişdirilməsi istiqamətində işlər həyata keçirilir. Bu baxımdan nazirliyin Orta İxtisas Polis Məktəbi 5-ci ildir, nümunəvi fəaliyyət göstərir. Bu illər ərzində məktəbin 3 məzun buraxılışı olub. Məktəbin fəaliyyətinin əsas istiqaməti daxili işlər orqanları üçün orta ixtisas təhsilli zabit kadrları hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdir. Belə ki, məktəbdə orta ixtisas təhsili alan kursantlarla yanaşı, daxili işlər orqanlarında xidmətə yeni qəbul edilmiş sıravi və kiçik rəis heyəti əməkdaşları da ilkin hazırlıq kursu keçirlər. Orta ixtisas təhsilini müvəffəqiyyətlə bitirən məzunlara “Hüquq-mühafizə fəaliyyəti” ixtisası verilməklə, daxili işlər orqanlarında polis zabiti kimi xidməti vəzifələrə təyin olunurlar.
Hər ay muxtar respublikanın müəyyən istiqamətlərini əhatə edən səyyar xidmət təşkil edilir. Xidmət zamanı dövlət qurumlarından uzaqda yerləşən yaşayış məntəqələrində sakinlərin şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi istiqamətində tədbirlər görülür. Həmçinin vətəndaş məmnunluğunun artırılmasına xidmət edən, yaşlı, fiziki qabiliyyəti məhdud şəxslərin və ya yataq xəstələrinin yaşadıqları mənzillərdə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları ilə təmini istiqamətində də işlər görülür. Bundan başqa, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları il ərzində yol hərəkəti iştirakçılarını maarifləndirmək məqsədilə tədbirlər keçirir, məktəblilərə yeraltı, yerüstü piyada keçidləri əyani şəkildə göstərilir, uşaqların zərərli vərdişlərdən uzaq tutulması, idmana yönəldilməsi, həmçinin internetdən gələ biləcək təhlükələr barədə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır. Cinayətkarlıqla mübarizə fəaliyyətində vacib əhəmiyyət kəsb edən sahələrdən biri Kibercinayətkarlıqla Mübarizə Bölməsidir ki, bu bölmə vətəndaşların kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm iş aparır. Vətəndaşların kiberdələduzluq hallarının qurbanına çevrilməməsi, internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmaları, işbazların şirnikləndirici təkliflərinə inanmamaları üçün  tez-tez maarifləndirici postlar, videomateriallar paylaşılır. 
Muxtar respublikada son dövrlərdə həyata keçirilən struktur islahatları nəticəsində işə yanaşmada yeni mexanizmlərin, müasir metodların tətbiqi, fəaliyyətin daha da peşəkarlaşdırılması polis orqanları tərəfindən cinayət hadisələrinin üstünün qısa zamanda açılmasına, narkotik ticarətinin qarşısının alınmasına yol açıb. Naxçıvan polisi öz cəldliyi, çevikliyi ilə yanaşı, həm də ilin müxtəlif əlamətdar günlərində məxsusi, maraqlı aksiyaları, jestləri ilə tanınır, bu nümunəvi davranışlar vətəndaşlar tərəfindən də böyük məmnunluqla qarşılanır. Ümumiyyətlə, son iki ildə Naxçıvanda əsl polis mədəniyyəti, vətəndaşlarla düzgün münasibət, davranış qaydaları formalaşıb, polis əməkdaşlarına inam, etibar artıb...
Nobel mükafatı laureatı, tanınmış yazıçı Qabriel Qarsiya Markes deyirdi ki, ədəbiyyat olmasaydı, dünya zərrəcə dəyişməzdi. Amma polis olmasaydı, dünya tamamilə başqa cür olardı. Bəli, bu gün dünyada baş verən kriminogen vəziyyətləri, neqativ halları, cinayət hadisələrini düşünəndə məşhur ədəbiyyatçının fikirlərinə haqq qazandırmaya bilmir və nə yaxşı ki belə çevik, bacarıqlı polislərimiz var deyirik. Təqdirəlayiq haldır ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi və tapşırıqları əsasında ölkəmizdə insan üçün ən qiymətli həyati devizə malik olan sabitlik, əmin-amanlıq bərqərar olunub, vətəndaş məmnunluğu təmin edilib. Hökm sürən  bu təhlükəsiz yaşayışın təməlində digər hüquq-mühafizə orqanları ilə yanaşı, məhz çevik, peşəkar Azərbaycan polisi də dayanır. Dövlətçiliyə sədaqət nümunəsi, əmin-amanlığa xidmət amalı ilə daim seçilməyin, təqdir edilməyin arzusu ilə günün mübarək, peşəkar Azərbaycan polisi!

Nail ƏSGƏROV

Nəşr edilib : 02.07.2024 08:39