AZ EN RU

Dövlət uşaq siyasəti uğurla həyata keçirilir

Dövlət proqramı icra olunur

    Uşaqlar hər bir ailənin xoşbəxtliyi,cəmiyyətimizin gələcəyi, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Ona görə də onların təhsil almalarına, sağlamlıqlarına, hərtərəfli inkişaf etmələrinə yüksək qayğı ilə yanaşılır. “Biz uşaqlarımızı yaxşı tərbiyə etməli, yaxşı şəraitdə yaşatmalı, onları gələcək üçün hazırlamalıyıq”, – deyən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb. 

    Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün kateqoriyadan olan uşaqlar, həmçinin valideyn himayəsindən məhrum olmuş və valideynlərini itirmiş uşaqların sosial müdafiələrinin gücləndirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bunun ifadəsidir ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 dekabr tarixli Fərmanına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ödənilən müavinətlərin məbləği artırılaraq 100 manatdan 120 manatadək, övladlığa uşaq götürənlərə ödənilən aylıq müavinət isə 160 manatdan 200 manatadək artırılıb. Bundan başqa, dövlət, özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqının dövlət tərəfindən ödənilməsi bu qəbildən olan uşaqlara göstərilən qayğıdan xəbər verir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 yanvar tarixli Qərarı ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” dəyişiklik edilib. Dəyişikliyə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən olunmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, eləcə də ortaaylıq əməkhaqqının 5 mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurdusa, artıq bu xərclərin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına ödənilməsi təmin ediləcəkdir. 
    Qürur hissi ilə deyə bilərik ki, muxtar respublikamızda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar hərtərəfli təminatla əhatə ediliblər. Dövlətimizin göstərdiyi qayğının nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində valideyn himayəsindən məhrum olmuş uşaq yoxdur. Müvafiq təbəqədən olan uşaqların hər biri qohumlarının himayəsində yaşayır, milli dəyərlər əsasında tərbiyə olunur, ali və orta ixtisas müəssisələrində təhsil alaraq gələcəyin əsl layiqli vətəndaşları kimi yetişirlər. Bunun ifadəsidir ki, müvafiq kateqoriyadan olan 19 gənc dövlətimizin göstərdiyi qayğı nəticəsində orta ixtisas və ali təhsil müəssisələrində təhsil alır. Bu da muxtar respublikada uşaq hüquqlarının, qohumluq əlaqələrinin və ailə dəyərlərinin necə yüksək səviyyədə qorunduğunun bariz nümunəsidir.
    Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tək valideynli, valideyn himayəsindən məhrum olmuş uşaqlara qış geyimləri, hədiyyələr verilir, həmin uşaqların yaşadıqları evlərdə monitorinqlər keçirilir, monitorinq zamanı uşaqların təlim-tərbiyələri, yaşayış və sosial şəraitləri, sağlamlıqları və uşaq hüquqlarını əhatə edən digər sahələr yoxlanılır, qəyyum və himayədarlar, eləcə də uşaqlarla qanunamüvafiq söhbətlər aparılır. Görülən işlərin davamı kimi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iş planına uyğun olaraq komissiyanın ekspert qrupu tərəfindən muxtar respublika üzrə ötən il, ümumilikdə, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 10 uşağın yaşadığı evlərdə monitorinq aparılıb. Həyata keçirilən monitorinqlərin məqsədi uşaqların hüquq və mənafelərinin qorunması, onların hüquqlarının pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. 
    Həmçinin komitə tərəfindən hər iki valideynini itirmiş, tək valideynli, valideyn himayəsindən məhrum olmuş uşaqların yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilir. Ekskursiyalara cəlb olunmuş uşaqlara Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda filmlər göstərilir, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tamaşalar nümayiş etdirilir. Həmin kateqoriyadan olan uşaqların iştirakı ilə “Yay məktəbi” təşkil olunur, müxtəlif idman və əyləncəli oyunlar, intellektual yarışlar keçirilir. Yay tətili günlərində onların Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunur, 15 sentyabr – Bilik Günü ərəfəsində bu sosial kateqoriyaya aid uşaqlara məktəbli formaları və dərs ləvazimatları verilir, onlar qış geyimləri ilə təmin olunurlar.
    Bir sözlə, qürurvericidir ki, gələcəyin qurucuları olan uşaqlar belə bir cəmiyyətdə böyüyür. Qürurvericidir ki, uşaqların xoşbəxtliyinə, gülüş sədalarına, firavan yaşayışımıza səbəb olan bu diyarda yaşamaq nəsibimiz olub. Əminik ki, cəmiyyətin ən həssas təbəqəsi olan uşaqlarla bağlı qarşıya qoyulan vəzifələr bundan sonra da uğurla yerinə yetiriləcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Uşaqlara qayğı yalnız dövlət qurumlarının yox, hamının mühüm vəzifəsi olmalıdır. Uşaqların xalqımıza xas olan milli dəyərlər ruhunda tərbiyə olunması, təhsilli, vətənpərvər və sağlam yetişmələri bizim hamımızı düşündürməli, cəmiyyətin bütün təbəqələri dövlət uşaq siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməlidir”.

Nuray ƏSGƏROVA

Nəşr edilib : 08.04.2022 17:45