AZ EN RU

Dövlət sərhədlərinin nəzarətə götürülməsi ölkəmizin suveren hüququdur

    Vətən müharibəsindən ötən zaman müddətində ölkəmizin bir sıra ərazilərində Ermənistan hökumətinin yaratdığı təxribatların, terror aktlarının şahidi olmuşuq. 44 günlük haqq-ədalət mübarizəmizdə bütün iqtisadi gücü, hərbi potensialı əlindən çıxmış, daxilində, sözün əsl mənasında, vətəndaş müharibəsi başlamış Ermənistanın dəfələrlə bu cür addım atması bir daha onların rəzil və alçaq xislətlərini dünyaya çatdırır. Bu da bir reallıqdır ki, rəşadətli ordumuz tərəfindən bir küncə qısılmış, məğlubiyyət aktını qəbul etməkdən başqa çıxış yolu olmayan Ermənistan ordusu öz zəifliyini dəfələrlə qəbul etməli olsa da, baş verən hadisələrdən dərs çıxarmaq bilmir ki bilmir. Bütün bu baş verən mənfi hadisələr də səbəb yaradır ki, daim sülh mövqeyində dayanan Azərbaycan Respublikası qətiyyətli addımlar atsın, düşmən təxribatlarından Vətənimizin ərazi bütövlüyünü, xalqımızı qorumaq üçün ciddi qərarlar, qətnamələr qəbul etsin, bir sözlə, bədnam qonşulara heç bir halda göz açdırmasın. Dövlətimiz tərəfindən Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin yaradılması haqqında qərarın qəbul edilməsi də hərəkətin təhlükəsizliyini təmin edilməsi yolunda atılan növbəti mühüm addım kimi diqqəti cəlb edir.
    Ölkəmizin bütün xəbər portallarında, mərkəzi media saytlarında məlumat verilib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 1200-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Günün ən aktual məsələsi sayılan bu hadisə siyasi xadimlərimizin, alimlərimizin – ictimaiyyətin nəzarətindən yayınmır. Bu səbəbdən hadisəyə mütəxəssis, tarixçi-alim mövqeyindən yanaşmaq üçün Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevlə həmsöhbət olduq.
    Arzu müəllim hazırda baş verən ən aktual hadisə ilə bağlı deyir ki, ölkəmizin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması haqqında qərarı və addımı beynəlxalq hüquq prinsiplərinə və normalarına tam cavab verir. Bu bizim mənəvi haqqımızdır. Ölkə sərhədlərinin nəzarətə götürülməsi Azərbaycan Respublikasının, xalqımızın suveren hüququdur. Belə ki, dövlətimiz tərəfindən atılan bu addım, həm də beynəlxalq normalara tam cavab verir. Hətta Ermənistanın özünün də tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyini tanıdığını bəyan edib. Bu addım həm də ərazimizə qeyri-leqal yolla silah-sursatın gətirilməsinin qarşısını almağın alternativ yoludur.
    Ölkə sərhədinin nəzarət altına alınmasına münasibət bildirən həmsöhbətimiz diqqətə çatdırır ki, bu məntəqənin qurulmasının səbəbini də Ermənistan hökuməti bütün məsuliyyəti ilə çox yaxşı anlayır. Çünki düşmən mövqeyi tutan tərəf, yəni Ermənistan üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq ötən dövr ərzində Azərbaycana qarşı hərbi təxribatları dayandırmadı, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə etdi, təxribatlar törətdi, regionun davamlı inkişafına, sabitliyin təminatına ciddi maneələr yaratdı. Ermənistanın baş naziri Nikol Paşinyanın son çıxışı da onu bir daha göstərdi ki, sülh sazişi imzalanmadıqca Ermənistandan xarici qüvvələr vasitə və alət kimi istifadə edəcək, xalqına rahatlıq gətirməyəcək, ölkəni indikindən də çətin duruma salacaq, səfalətə sürükləyəcək. Tam əminliklə deyirik ki, Ermənistan səfalətdən, xaosdan çıxmaq üçün bu kimi təxribatlardan əl çəkməli, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplər əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmalı, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik törətməməli,  Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləməlidir. Bu, Ermənistan hökumətinin düşdüyü ağır, çarəsiz vəziyyətdən çıxması üçün tək yoldur.

Tarixboyu Azərbaycan türkünə qarşı təcavüzkar mövqe sərgiləyən Ermənistan nə məğlubiyyətdən öncə, nə də sonra mənfur xislətindən əl çəkə bilmir. Siyasi gücü sıradan çıxmış, beynəlxalq arenada nüfuzunu itirmiş olmasına baxmayaraq, son çırpınışlarını yenə də Azərbaycan xalqına qarşı terror aktlarını törətməklə sınayır. Bəlkə də, səhvini anlayıb Qafqaz regionunda qüdrətin, gücün kimdə olduğunu başa düşsə, dərk etsə, hətta bütün məsuliyyəti ilə Azərbaycan xalqından üzr istəsə, əfv diləsə, müqəddəratı tamamilə dəyişər... Ölkəmiz isə tutduğu sülh və əmin-amanlıq yolundan dönməyəcək. Çünki dövlətimiz üçün ən doğru yol azad Vətən torpaqlarında xalqımızın firavan yaşamasıdır.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 24.04.2023 15:54