AZ EN RU

Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilir

Naxçıvan Biznes Mərkəzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilir. 

    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev açaraq keçiriləcək təlim-seminarın əhəmiyyətindən danışıb, əməyi keçənlərə təşəkkür edib, uğurlar arzulayıb. 
    Sonra təlimlər başlayıb.
    Xatırladaq ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları Əhməd Həsənov, Zəminə Əliyeva və Aysel Bayramova tərəfindən təlimlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, digər satın alan təşkilatların nümayəndələrinin, sahibkarların iştirakı ilə 3 gün müddətində keçiriləcək. Təlimlər dövlət satınalmalarının planlaşdırılması, satınalmaların təşkili, satınalma metodları, iddiaçıların ixtisasına dair tələblər, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi, satınalmanın nəticələri, satınalma müqaviləsinin bağlanması və idarə olunması, şikayətlərin verilməsi və mübahisəli məsələlərin həlli kimi mövzuları əhatə edəcək.
    Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev “Şərq qapısı” qəzetinə müsahibəsində deyib:
    – Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının, özəl sahibkarlıq subyektlərinin nümayəndələrinə dövlət satınalmalarının təşkili prosesinin reallaşdırılması, bu sahədə tam şəffaflığın təmin olunması və qanunvericilik bazasının həyata keçirilməsi istiqamətində təlimlərin keçirilməsinə başlanılıb. Əminik ki, muxtar respublikadakı bütün dövlət qurumları nümayəndələrinin iştirakı ilə bu sahədə peşəkar qabiliyyətləri, təcrübələri olan əməkdaşlar tərəfindən üç gün ərzində keçiriləcək təlimlər çox yüksək nəticələr verəcək. Beləliklə də bütün dövlət satınalmalarının şəffaflığı, səmərəliliyi tam təmin olunacaq, bu sahədə tam bərabərhüquqlu rəqabət mühiti yaradılacaq, burada öz xidmətlərini təklif etmək istəyən sahibkarlıq subyektləri böyük inamla, sərbəst şəkildə öz məhsullarını təqdim edəcəklər. Bu da həm dövlət büdcəsinin vəsaitinə qənaət olunmasına, həm rəqabət mühitinin yaradılmasına, həm də dövlət və sahibkarlıq subyektləri arasında əlaqələrin daha da genişləndirilməsinə gətirib çıxaracaq. Tədbirin keçirilməsində əməyi keçən hər bir kəsə, xüsusilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşlarına təşəkkürümü bildirirəm ki, təklifimizi nəzərə alaraq muxtar respublikada belə bir tədbirin keçirilməsi üçün Naxçıvana gəliblər, təlim keçəcəklər. Nəticələrin ən yüksək səviyyədə olacağına da əminəm. Uğurlar arzulayıram.
    Onu da qeyd edim ki, müxtəlif mövzuları əhatə edən belə təlim-seminarlar davamlı şəkildə, bütün sahələr üzrə keçiriləcək. Bu günün tələbatını, dövlət qurumlarının müraciətini nəzərə alaraq ən çox tələb bu sahədə olduğu üçün ilkin olaraq satınalmadan başladıq. Proses qarşılıqlı şəkildə baş tutacaq. Belə ki, həm Naxçıvan Muxtar Respublikası ərazisində, həm də burada iqtisadiyyat sahəsi üzrə çalışan əməkdaşların ölkənin digər bölgələrinə ezam olunaraq oradakı fəaliyyətlə tanış olmaları həyata keçiriləcək. Beləliklə, kursların təşkili il ərzində davam etdiriləcək. 

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov “Şərq qapısı” qəzetinə açıqlamasında bildirib ki, xidmət tərəfindən öz fəaliyyət istiqamətləri üzrə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu gün isə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə birlikdə həm satın alan təşkilatlar, həm də sahibkarlar üçün 3 günlük təlim-seminar proqramına başlayırıq. Proqramın məqsədi dövlət satın alan təşkilatlarını dövlət satınalma haqqında qanunun bütün müddəaları ilə tanış etmək, qanuna müvafiq olaraq satınalmaların təşkilinin birlikdə müzakirəsini aparmaqdır. Təlim çərçivəsində, eyni zamanda sahibkarlar dövlət satınalmalarında iştirak sahəsində maarifləndiriləcək, onların öz tender təkliflərini necə hazırlayıb hansı sənədlərlə birlikdə vaxtında satın alan təşkilatlara təqdim etməsi barədə müzakirələrimiz olacaqdır. Seminarlar gələcəkdə müxtəlif vaxtlarda periodik olaraq təşkil ediləcək. 

Nail ƏSGƏROV

Nəşr edilib : 16.02.2023 11:57