AZ EN RU

“Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqi ilə bağlı maarifləndirici tədbir

“Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsindən ibarətdir.

Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən satınalan təşkilatların müvafiq əməkdaşlarının qatıldığı təlimlərdə indiyədək 100-dən artıq mütəxəssis iştirak edib. Təlim iştirakçılarına təşkilatların aidiyyəti nümayəndələrinə satınalma prosedurlarının ilkin mərhələdən sonadək aparılması ilə bağlı metodiki köməkliklər göstərilib.

Təlimdə dövlət satınalmalarının əsas prinsipləri, satınalma mərhələləri, satınalma metodları, çərçivə sazişi, ehtimal olunan qiymətin hesablanması, satınalma komissiyasının formalaşdırılması, şərtlər toplusunun hazırlanması, satınalmanın ləğv edilməsi, yekun protokolun hazırlanması, şikayətlərin verilməsi və onlara baxılmasına dair mövzular ətrafında çıxışlar olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Diqqətə çatdıraq ki, yaxın günlərdə belə təlimlərin muxtar respublikanın rayonlarda keçirilməsi də nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi

yanında Antiinhisar və İstehlak Bazarına

Nəzarət Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 09.04.2024 17:02