AZ EN RU

“Dövlət qurumlarında informasiya təhlükəsizliyi” mövzusunda növbəti seminar keçirilib

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat”a uyğun olaraq dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə təşkil olunan  növbəti seminar keçirilib. 

    Dövlət İmtahan Mərkəzinin sədr müavini Ümid Qurbanov çıxış edərək bildirib ki, bu gün dövlət qurumlarında müasir texnologiyaların tətbiqi və onlardan istifadə geniş vüsət alıb. Yeni texnologiyalardan, internet resurslarından istifadə informasiya təhlükəsizliyinin təmin olunması və informasiya-kommunikasiya texnologiyalarından düzgün və təhlükəsiz istifadəni təmin etmənin zəruriliyini də ortaya qoyur. Keçirilən tədbir dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən potensial təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin müəyyən olunması məqsədi daşıyır. 
    Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşı Məhərrəm Zeynalov çıxış edərək artıq ikinci dəfə keçirilən seminarın əhəmiyyətinə toxunub. Bildirilib ki, bu istiqamətdə müvafiq tədbirlər davam etdiriləcək.
    Sonra nazirliyin əməkdaşı İnci Şirzadova slayd vasitəsilə Nümunəvi Təlimat barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, təlimatda dövlət qurumlarında informasiya təhlükəsizliyinin təşkili və təmini qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi tələblər müəyyənləşdirilib. Təlimatda nəzərdə tutulmuş informasiya təhlükəsizliyinin təminatı barədə tələblərin pozulmasına yol vermiş hər bir əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
    Seminarda dövlət orqanlarının informasiya texnologiyaları və təhlükəsizliyi sahəsinə cavabdeh olan 28 nümayəndəsi iştirak edib. Seminarın sonunda dövlət qurumlarının əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 12.05.2022 19:36