AZ EN RU

Dövlət qulluqçusu olmaq xalqa xidmət imkanıdır

Ölkədə xaos və anarxiyanın qarşısı alınır, dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edilir, bəli bütün bunlar məhz onun, Ulu Öndər Heydər Əliyevin  1993-cü ildə ali siyasi hakimiyyətə qayıdışından sonra baş verdi.  Müstəqil Azərbaycanda müasir dövlət quruculuğu prosesi də məhz bu tarixdən sonra başladı. Heydər Əliyevin ideyaları əsasında gündən-günə inkişaf edən respublikamızın iqtisadi potensialı gücləndikcə, dövlətin idarə edilməsində mühüm vasitə olan dövlət qulluğu da müasir tələblərə uyğun olaraq daim təkmilləşdirilir. Azərbaycanda dövlət qulluğu Ulu Öndərin hələ 2000-ci ildə təsdiq etdiyi və 2001-ci ilin sentyabrında qüvvəyə minmiş “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, 180-dan artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb. Ölkədə idarəçiliyin təşkilində mühüm rol oynayan bu aktlarla dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər tənzimlənir. Eyni zamanda bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Ümummilli Lider Heydər Əliyev hər bir vəzifəli şəxsdən, ilk növbədə, “mənəvi saflıq, dövlətin qanunlarına riayət etmək, öz işinə sədaqət” tələb edirdi. O, hamının öz yerində, öz vəzifəsinə uyğun məsuliyyət daşıdığını xüsusi qeyd edir, hamıya təvazökar olmağı, vəzifədən sui-istifadə etməməyi, heç kəsin xüsusi status arzusunda olmamasını tövsiyə edir, qanun qarşısında hamının bərabər olduğunu dönə-dönə xatırladırdı. Ulu Öndər vəzifəli şəxslərdən, dövlət qulluqçularından “gecə də, gündüz də öz vəzifəsi və məsuliyyəti haqqında düşünməyi”, təkcə işdə olub iş saatlarını başa vurmaq barədə düşünməməyi tələb edirdi. 

Ümummilli Liderimiz mükəmməl idarəçilik sistemi, bacarıqlı məmur formalaşdırma institutu, mexanizmi olmayan dövlətin gələcəyinin olmadığını görürdü. Buna görə də dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və mütəmadi inkişafı ilə bağlı konseptual məsələləri gündəliyə gətirdi. Dövlət qulluqçularının fəaliyyətinin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsipləri və bu günün tələbləri baxımından onların qarşısında duran vəzifələri Azərbaycan Prezidenti İlham Əliyev daha da genişləndirir və konkretləşdirir. O, keçirdiyi müşavirələrdə, mərkəzi və yerli hakimiyyət orqanları ilə görüşlərində bu məsələni ön plana çəkir.

İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutaraq cəmiyyətdə ədalət prinsipini daim önə çəkir, hər şeyin ədalət prinsipi əsasında qurulmalı olduğunu və ədalətin pozulmasının yolverilməzliyini, əks halda, cəmiyyətin çətinliklərlə üzləşə biləcəyini xüsusi vurğulayır. Son illər Azərbaycanda Prezidentin müəyyən etdiyi dövlət proqramlarının və həyata keçirilən layihələrin yerinə yetirilməsi bilavasitə dövlət qulluqçuları tərəfindən təmin edilir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə fəaliyyət planını qeyd etmək yerinə düşər.

Dövlət qulluqçularının nə dərəcədə səmərəli fəaliyyət göstərməsi özünü məhz məmur-vətəndaş münasibətlərində büruzə verir. Bu məsələdən danışan Azərbaycan Prezidenti deyir: “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”. Yeni nəsil dövlət qulluqçuları müasir informasiya və kommunikasiya texnologiyalarından daha səmərəli istifadə etməyə və idarəetmə sistemində ən müasir informasiya texnologiyalarının tətbiqinə üstünlük verirlər ki, bu da zamanın, dövrün tələbindən irəli gəlir. Fəxrlə demək olar ki, Azərbaycanda dövlətin idarə olunmasında yeni prinsipləri və idarəetmə texnologiyalarını uğurla həyata keçirən belə kadrlar formalaşır.

Ölkə Prezidenti öz müdrik siyasəti ilə ölkəmizdə dövlət qulluğunun daim təkmilləşdirilməsi, kadr siyasətinin gücləndirilməsi, ən başlıcası dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atır. Peşəkar dövlət qulluqçularının mükafatlandırılması, Fəxri adlara, orden və medallara layiq görülməsi, əmək haqqlarının ardıcıl olaraq artırılması bu siyasətin əsasını təşkil edir. Bütün bu addımların qarşılığında dövlət qulluqçuları üzərlərinə düşən öhdəliyi öz səriştəliliyi, peşəkarlığının artırılması işi ilə daim təkmilləşdirməli, elmi-nəzəri səviyyələrini yüksəltməli və praktiki iş təcrübələrini artırmaq istiqamətində çalışmalıdırlar. Bu gün dövlət qulluqçularının peşə bayramı günüdür. Bu bayram dövlət qulluqçularının işinin qiymətləndirilməsi və gənclərin bu vacib sahəyə marağının təbliğini nəzərdə tutur. Peşə bayramının qeyd edilməsi respublikamızda dövlət idarəçiliyinə göstərilən çox ciddi diqqətin təzahürüdür.

 

Aygün Hüseyn

Naxçıvan Televiziyasının əməkdaşı

Nəşr edilib : 23.06.2024 14:12