AZ EN RU

Dövlət qulluqçuları üçün təlimlərə başlanılıb

Mayın 13-də Naxçıvan Muxtar Respublikasında çalışan dövlət qulluqçuları üçün təlimlərə start verilib.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ilk təlim Naxçıvan şəhərində təşkil olunub. Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının iştitrakı ilə keçirilən təlimdə mərkəzin əməkdaşı Ülviyyə Bədəlova “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında çıxış edib, iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb.

Həmin gün Sədərək, Kəngərli, Şərur rayonlarında təlimçi Elnur Abbasov tərəfindən “Dövlət qullluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, Şahbuz rayonunda isə təlimçi Pərviz Kazımov tərəfindən “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında təlimlər keçirilib. Rayonlarda keçirilən təlimlərə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri cəlb olunub. Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ayın 13-də başlayan təlimlərə mayın 17-də yekun vurulacaq. 

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin hüquqi təminat sektorunun məsləhətçisi Mirzağa Yaqubzadə “Şərq qapısı” qəzetinə müsahibəsində bildirib ki, Naxçıvandakı bu təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına uyğun olaraq keçirilir. Analoji tədbirlər ötən il Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının digər regionlarında təşkil olunub. Bu il isə 13-17 may tarixlərində Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulub. Təlimlərin keçirilməsində məqsəd dövlət qulluqçularının hüquq və vəzifələri, dövlət qulluğuna dair qanunvericiliyin normalarının tətbiqi ilə bağlı dövlət qulluqçularının hüquqi biliklərinin artırılmasıdır.

Təlim iştirakçısı, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Kəramət Abbasov keçirilən təlimlə bağlı fikirlərini bu cür ifadə etdi: Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən bu təlimdə iştirak etməkdən məmnun qaldım. Belə ki, dövlət qulluqçularının qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri haqqında bəhs edilən təlim bu sahədə biliklərimizin daha da təkmilləşməsinə imkan verir. Buna görə də keçirilən təlimi təqdir edirəm və düşünürəm ki, iştirakçıların hər biri bu təlimlərdən yararlana biliblər.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 13.05.2024 16:21