AZ EN RU

Dövlət qulluqçuları üçün təlimlər davam edir

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçuları üçün təlimlər davam edir.

Mayın 16-da Naxçıvan Şəhər İcra Hakimiyyətində təşkil edilən təlimdə mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər. Dövlət İmtahan Mərkəzinin əməkdaşları Nazlı Abduləlimova və Sevinc Məmmədova “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik”, Şahbuz Rayon İcra Hakimiyyətində təlimçi Mirzağa Yaqubzadə “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi”, Culfa Rayon İcra Hakimiyyətində isə Ordubad və Culfa rayonunun dövlət qulluqçuları üçün təlimçi Gündüz Əhmədli  “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında təlim keçiblər.

Təlim zamanı adıçəkilən mövzular çərçivəsində iştirakçılara məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Bugünkü təlimdə iştirak edən mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları da fikir və təəssüratlarını “Şərq qapısı”qəzeti ilə bölüşüblər:

Sevinc Cabbarova, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri:

Bildiyiniz kimi, artıq bir neçə gündür ki, Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən dövlət qurumlarında çalışanlar üçün müxtəlif mövzularda təlimlər keçirilir. Bu gün mənim iştrakçısı olduğum təlim münaqişəli vəziyyətlərin idarə edilməsi, eyni zamanda insan resurslarının idarə edilməsində rəhbər şəxslərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyırdı. Mövzu çox maraqlı idi. Xüsusilə bu cür emosional vəziyyətlərdə münaqişlərin müxtəlif metodlarla idarə edilməsi, psixoloji sabitliyin təmini, opponenti rəqibə çevirmədən davranışlar və sair hər bir dövlət qulluqçusunun bilməsi vacib olan faktordur. Təlim maraqlı keçdi, əlavə olaraq iştirakçıları maraqlandran suallar moderatorlar tərəfindən lazımınca cavablandırıldı. Düşünürəm ki, anoloji tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

Mustafa Fətullayev, Naxçıvan Muxtar Respublikasının Turizm departamentinin maliyyə, təsərrüfat və ümumi işlər sektorunun müdiri: Təlimlərdə iştirakdan razı qaldım. Bu mövzuda təlimlər dövlət qulluğunda çalışanlar üçün çox faydalıdır, çünki dövlət qulluqçularının kollektivlə işləmək bacarıqları nə qədər yüksək olarsa, görülən işin faydası da o qədər çox olar. İnanıram ki, buradakı iştirakçılar da təlimdən razı qalıblar. Təlimçilərə, eyni zamanda bu tədbirlərin təşkilatçılarına minnətdarlığımı bildirirəm.

Kamandar Ələkbərov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının kadr və ümumi işlər sektorunun müdiri: Təlim maraqlı keçdi. Bu sahədə bildiklərimizə yeni biliklər də əlavə edə bildik. Əlavə olaraq müzakirlər də maraqlı keçdi. Həmkarlarımızı maraqlandıran suallara ətraflı cavablar verildi.  Həqiqətən bu təlim biz dövlət qulluqçularını düşünərək atılmış gözəl bir addımdır.  Razı qaldıq, buradakı iştirakçıların hər birinə uğurlar arzu edirəm.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 16.05.2024 17:26