AZ EN RU

Dövlət qulluqçuları üçün təlimlər davam edir

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçuları üçün mayın 13-dən başlayan təlimlər bu gün Naxçıvan, Şərur və Culfa şəhərlərində davam etdirilib.

Mayın 14-də Naxçıvan Şəhər İcra Hakimiyyətində təlimçi Gündüz Əhmədlinin moderatorluğu ilə keçirilən təlim “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”  mövzularında olub.

Təlimdə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirmə prosesinin planlaşdırılması və həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilməli tədbirlər və vəzifələr, dövlət qulluqçularının etik davranış qaydaları və onların əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri, korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri və məsuliyyət, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, müvafiq sahədə beynəlxalq təcrübə, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər və digər qaydalar barədə məlumat verilib.

Həmin gün Ordubad və Culfa rayonlarında fəaliyyət göstərən dövlət qulluqçuları ilə Culfa Rayon İcra Hakimiyyətində təlimçi Mirzağa Yaqubzadə tərəfindən  “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi”, Şərur şəhərində isə Şərur, Sədərək və Kəngərli rayonunun dövlət qulluqçuları üçün  təlimçilər – Nazlı Abduləlimova və Sevinc Məmmədova tərəfindən  “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında təlimlər keçirilib.

Təlimlər maraqla izlənilib, sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 15.05.2024 14:39