AZ EN RU

Dövlət qulluqçuları üçün təlimlər davam edir

Xəbər verdiyimiz kimi mayın 13-dən etibarən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlimlərə başlanılıb.

Mayın 14-də Naxçıvan Şəhər İcra Hakimiyyətində təşkil edilən təlimdə mərkəzi icra hakmiyyəti orqanları və Babək rayonunda fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Təlimdə mərkəzin əməkdaşı Ülviyyə Bədəlova “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında çıxış edərək dövlət idarəçiliyində iştirak hüququ, dövlət qulluğu, dövlət qulluğunun əsas vəzifələri və prinsipləri barədə danışıb. Dövlət qulluqçusu anlayışı, dövlət qulluqçusunun əsas vəzifələri və hüquqları, dövlət qulluğuna qəbul qaydaları, qulluqda fəaliyyətin davam etdirilməsi şərtləri haqqında geniş məlumat verib. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər, həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya məhdudiyyətlərə əməl olunmaması zamanı dövlət qulluqçusunun məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi halları ilə bağlı iştirakçılar məlumatlandırılıb.

Həmin gün Şahbuz rayonunda “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, Culfa rayonunda isə Ordubad və Culfa rayonlarının dövlət qulluqçuları üçün “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” mövzularında təlimlər keçirilib.

Təlimdən sonra iştirakçılar təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər. Babək rayon Maliyyə idarəsinin əməkdaşı Sərxan Allahverdiyev bildirib ki, təlimdə dövlət qulluqçularının hüquq və vəzifələri, dövlət qulluğuna dair qanunvericiliyin normalarının tətbiqi ilə bağlı hüquqi biliklərimizin  artırılmasına kömək edəcək mühazirələri dinlədik.  Həqiqətən bu təlim biz dövlət qulluqçularını düşünərək  atılmış gözəl bir addımdır.  Təlimdən razı qaldım və bizimlə  bərabər burada iştirak edən hər bir iştirakçıya uğurlar arzu edirəm.

Digər müsahibimiz Naxçıvan şəhərindən dövlət qulluqçusu Elmira Əliyeva bildirdi ki, dövlət qulluqçuları üçün maarifləndirmə xarakteri daşıyan bu təlimlər hər birimiz üçün faydalıdır. Çünki dövlət qulluqçusu, ilk növbədə, öz hüquq və vəzifələrini bilməlidir. Biz də təlimdə yaxından iştirak edib hüquqi biliklərimizin artırılmasına çalışdıq. Düşünürəm ki, təlimdə qazandıqlarımızın fəaliyyətimizdə faydası olacaq və bir daha təşkilatçılara minnətdarlığımızı bildirirəm. 

Culfa rayonundakı təlim iştirakçısı, Ordubad rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Lütvəliyev qeyd edib ki,  “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” mövzularında təlimlərdə iştirakdan razı qaldım. Bu mövzuda təlimlər dövlət qulluğunda çalışan gənclər üçün çox faydalıdır, çünki onlara gələcəkdə rəhbər vəzifələrdə işləyən zaman insan resurslarının idarə edilməsində təcrübə qazandıracaq. Eyni zamanda təlim müddətində bizi maraqlandıran suallara da aydınlıq gətirildi. Bu mənada təlimlərin bütün iştirakçılar üçün faydalı olduğunu düşünürəm.

Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Mədinə Əlisoy isə bildirdi ki, keçirilən təlimlər dövlət qulluğunda çalışanların hüquqi biliklərinin artırılmasında böyük əhəmiyyəti kəsb edir. Biz də təlimlərin iştirakçısı olaraq bu sahədə biliklərimizi artırmağa çalışırıq. Təlimlərdən razı qaldıq və belə tədbirlərin gələcəkdə də davam etdirilməsini istərdik.

Səbuhi HƏSƏNOV

Müsahibələr: Aidə İBRAHİMOVA

Bülbül QULİYEVA

Nəşr edilib : 14.05.2024 15:41