AZ EN RU

Dövlət qulluqçuları üçün keçirilən təlimlər başa çatıb

Bu gün Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçuları üçün keçirilən təlimlərə yekun vurulub.

Təlimin son günü Naxçıvan Şəhər İcra Hakimiyyətində təşkil edilən təlimlərdə Naxçıvan şəhərindəki mərkəzi icra hakimiyyəti orqanlarının və Babək rayonundakı idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Dövlət İmtahan Mərkəzinin əməkdaşları Gündüz Əhmədli “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, Nazlı Abduləlimova və Sevinc Məmmədova “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” mövzularında çıxışlar ediblər. Şərur, Sədərək və Kəngərli rayonlarının dövlət qulluqçuları üçün isə Şərur Rayon İcra Hakimiyyətində Mirzağa Yaqubzadənin moderatorluğu ilə “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında təlim keçirilib.

Təlimlərdə adıçəkilən mövzular haqqında iştirakçılara geniş məlumatlar verilib, müzakirələr aparılıb və suallar cavablandırılıb.

Bugünkü təlimdə iştirak edən dövlət qulluqçuları da fikir və təəssüratlarını “Şərq qapısı”qəzeti ilə bölüşüblər:

Ayaz Əliyev, Naxçıvan Muxtar Respublikası Təhzil Nazirliyinin əməkdaşı:

Bu gün “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında keçirilən təlimdə kollektivimizin bir neçə əməkdaşı ilə iştirak etdik. Təlimdən razı qaldım. Mövzu ilə bağlı iştirakçıların sulları Dövlət İmtahan Mərkəzinin əməkdaşı tərəfindən dolğun şəkildə cavablandırıldı. Hesab edirəm ki, təlimdə əldə etdiyimiz biliklər dövlət qulluqçusu olaraq fəaliyyətimizin düzgün qurulmasında faydalı olacaqdır. 

Tural Qasımov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı:

Mən də bu təlimin iştirakçısıyam. Hər şeydən əvvəl demək istəyirəm ki, təlim çox maraqlı keçdi. Xüsusilə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı mövzu mənim üçün maraqlı idi. Bu sahədə biliklərimizə  yenilərini əlavə etdik. İştirakçılar da müzakirələrdə fəal idilər. Onları maraqlandıran suallara ətraflı cavab verilirdi. Tədbirin təşkilində əməyi olanlara minnətdarlığımı bildirirəm.

Kamal İsmayılov, Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi:

Bildiyiniz kimi, artıq bir neçə gündür ki, muxtar respublikamızda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən dövlət qurumlarında çalışanlar üçün müxtəlif mövzularda təlimlər keçirilir. Şərur rayonunda da bir neçə belə təlim keçirilib. Əvvəlki təlimlərdə olduğu kimi bu təlimdə də Şərur rayonu ilə yanaşı, Kəngərli və Sədərək rayonlarının dövlət qulluqçuları iştirak edirdi. Təlimlər çox maraqlı keçdi, iştirakçılarla faydalı müzakirələr aparıldı. Düşünürəm ki, iştirakçıların hər biri razı qaldı. Bu cür tədbirlərin gələcəkdə də keçirilməsinin tərəfdarıyam, çünki dövlət qulluqçularının hüquqi biliklərinin yetərli olması onların fəaliyyətində də öz əksini tapır. Bu mənada keçirilən təlimlərin hər kəs üçün faydalı olacağını düşünürəm.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə 3-17 may tarixlərində muxtar respublikada təşkil edilən təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına uyğun olaraq keçirilir. Analoji tədbirlər ötən il Azərbaycan Respublikasının digər regionlarında da təşkil olunub. Təlimlərin keçirilməsində məqsəd dövlət qulluqçularının hüquq və vəzifələri, dövlət qulluğuna dair qanunvericiliyin normalarının tətbiqi ilə bağlı dövlət qulluqçularının hüquqi biliklərinin artırılmasıdır.

                                                                                       Səbuhi HƏSƏNOV

 

 

Nəşr edilib : 17.05.2024 17:01