AZ EN RU

Dövlət qulluqçuları keçirilən təlimlərlə bağlı təəssüratlarını bölüşüblər

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə muxtar respublikada mərkəzi və icra hakimiyyəti orqanlarının əməkdaşları üçün təlimlərə başlayıblar. Bu gün təlimlər Naxçıvan, Şərur və Culfa şəhərlərində təşkil olunub. Təlimlərdə iştirak edən dövlət orqanlarının nümayəndələri təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüblər.

Şərur rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Hilal Məmmədov bildirdi ki, təlimdə bəhs edilən mövzular dövlət qulluqçularının öz hüquq və vəzifələri haqqında biliklərinin artırılmasına xidmət edir. Bu isə idarə və müəssisələrdə işləyən kadrların öz fəaliyyətlərini qanunvericiliyin tələbləri səviyyəsində qurmasına imkan verir. Bu baxımdan düşünürəm ki, keçirilən təlimlər çox faydalıdır.

Sədərək rayon Təhsil şöbəsinin kadrlar üzrə məsləhətçisi Kəramət Rzayev isə qeyd etdi ki, iştirak etdiyimiz təlim çox maraqla qarşılandı. Təlimdə əsas istiqamətlərdən biri də rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi mövzusunda idi. Belə resursların idarə edilməsi dövlət idarəçiliyində mühüm amillərdən biridir. Sevindirici haldır ki, təlimçi ilə iştirakçılar arasında bununla bağlı maraqlı müzakirələr oldu, suallarımız cavablandırıldı. Ümumi olaraq təlimin çox yaxşı ab-havada keçdiyini deyə bilərəm.

Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbinə Həsənova isə keçirilən təlimlə bağlı fikirlərini belə ifadə etdi: Təlimlər maarifləndirmə məqsədi daşıyırdı və düşünürəm ki, hər bir dövlət qulluqçusu bu təlimlərdən faydalanmalıdır. Çünki bu təlimlər bizim hüquq və vəzifələrimiz haqqında biliklərimizin daha da təkmilləşdirilməsinə xidmət edir. İnanıram ki, əldə etdiyimiz biliklər gələcək fəaliyyətimiz üçün yaxşı təcrübə olacaq. Buna görə də təşkilatçılara minnətdarlığımı bildirirəm.   

Müsahibələr:

Gülcamal TAHİROVA

Fariz ƏHMƏDOV

Nəşr edilib : 15.05.2024 17:46