AZ EN RU

Dövlət qulluğunda motivasiya: səmərəli idarəetmənin mənbəyi

Dövlət orqanında motivasiya sisteminin inkişafı dövlət qulluqçularının işinin səmərəliliyinin artırılmasına və onun düzgün təşkilinə imkan verir ki, bu da dövlət qulluqçularının öz peşə vəzifələrini daha yaxşı icra etməklə yanaşı, dövlət orqanına inamı artırır. Bu da dövlət orqanlarının və ümumilikdə, dövlət idarəçiliyinin fəaliyyətinin səmərəliliyini daha da artırır.

Dövlət orqanlarının səmərəlilik dərəcəsi, öz növbəsində, ölkənin nüfuzunun və sosial-iqtisadi inkişaf səviyyəsinin göstəricisidir. Dövlət qulluqçularının işinin təkmilləşdirilməsi prosesinə gəlincə bu, Azərbaycan Respublikasında dövlət qulluğunun təkmilləşdirilməsi üçün bütün tədbirlər kompleksi (işin stimullaşdırılmasının keyfiyyətcə yeni üsullarının tətbiqi, kadr seçimi metodları, kadrların qiymətləndirilməsi qaydaları, karyera yüksəlişi üçün şəraitin yaradılması) və dövlət qulluğu islahatlarına uyğun olaraq həyata keçirilir. Bu tədbirlərin həyata keçirilməsində xarici təcrübənin əsas götürülməsi mühüm rol oynayır.

Motivasiya işçilərə, onların dəyərlərinə və təlimatlarına uzunmüddətli təsirdən və onlar üçün müəyyən bir motivasiya təməlinin formalaşdırılmasından ibarət olan idarəetmə funksiyasıdır ki, bu da işdə işçilərdən fayda əldə etməyə imkan verir. Motivasiya mürəkkəb bir fenomen olaraq təşkilatda effektiv motivasiya sisteminin yaradılması, işçilərin məqsədyönlü fəaliyyətə həvəsləndirilməsi və təşkilatın inkişaf perspektivlərinin müəyyən edilməsini şərtləndirən amil kimi də başa düşülür. Motivasiyanın bir neçə təsnifatı var. Motivasiya xarici və daxili ola bilir. Daxili motivasiya çox vaxt motiv, xarici motivasiya isə stimul adlanır. Qeyd etmək lazımdır ki, daxili motivasiyaya əsaslanaraq işçilər tapşırıqlara daha məsuliyyətlə, səylə və vicdanla yanaşır, həm də daha tez öyrənirlər. Motivasiya müsbət stimullara (əməkhaqqı, təşəkkürlər, mükafatlar) və mənfi stimullara (cərimələr, aşağı vəzifələr) əsaslanır.

Ölkəmizdə dövlət qulluğu sisteminin

təşkili və dövlət qulluqçularını motivə edən amillər

Müstəqillik əldə etdikdən sonra ölkəmizin idarəetmə strukturunun optimallaşdırılması və təkmilləşdirilməsi sahəsində çoxsaylı islahatlar aparılıb. Dövlət idarəçiliyi sistemində həyata keçirilən konstruktiv islahatlar digər sahələrdə əldə edilən uğurları da şərtləndirib. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyuldu. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması istiqamətində təməl strateji tədbirlər görülməyə başlandı.

1996-cı ildə Ulu Öndərin təşəbbüsü ilə yaradılan Hüquqi İslahatlar Komissiyası hüquqi islahatların prioritetlərini müəyyən etdi və sovet ittifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Dövlət idarəetməsinin səmərəliliyinin artırılması, beynəlxalq standartlara cavab verən idarəetmə sistemi və hüquqi bazanın yaradılmasının təmin edilməsi məqsədilə 1998-ci ildə Ümummilli Lider Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında Fərman imzaladı. 2000-ci ildə respublikamızda ilk dəfə olaraq "Dövlət qulluğu haqqında" Qanun qəbul edildi. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu.

2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev respublikada dövlət qulluğu sistemində islahatların həyata keçirilməsi prosesini daha da genişləndirdi. Azərbaycan Respublikasında müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirilməyə başlandı. Ölkədə dövlət idarəetmə orqanlarının işi dövrün tələblərinə uyğun yenidən quruldu, keyfiyyətli kadr korpusu yaradıldı, nazirlik və komitələrin müvafiq istiqamətlər üzrə vahid dövlət siyasətini həyata keçirən hakimiyyət orqanlarına çevrilməsi istiqamətində zəruri tədbirlər görüldü. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiyanın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun həyata keçirilməsi üçün dövlət qulluğuna qəbulun bərabərlik, şəffaflıq və müsabiqə əsasında keçirilməsi ilə bağlı idi. Azərbaycan Respublikasının dövlət qulluğu üçün müasir tələblərə cavab verən kadr potensialının yaradılması, idarə olunması və ondan səmərəli istifadə edilməsi işinin təkmilləşdirilməsi məqsədilə bir sıra addımlar atıldı.

Yeni müstəqillik qazanmış ölkə üçün yeni idarəçi kadrlar lazım idi. Bu məqsədlə Ulu Öndər Heydər Əliyev respublikada fəaliyyət göstərən 52 təhsil müəssisəsi arasında yeganə olaraq Prezident yanında olan Dövlət İdarəçilik Akademiyasının yaranması haqqında Fərman imzaladı. Akademiya dövlət idarəçilik sahəsi üçün mütəxəssis hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi tədqiqatların təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə yaradılmışdı. Akademiyanın yaradılması dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması, yeni idarəetmə mədəniyyətinin formalaşması və inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanda son illər dövlət qulluğu sahəsində qanunvericilik aktları ildən-ilə təkmilləşdirilir, geniş hüquqi baza yaradılır. Dövlət qulluqçularının sosial təminatı da bu peşəyə marağı artırıb. İldən-ilə dövlət qulluğuna gələnlərin sayında müşahidə olunan artım bunu deməyə əsas verir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2023-cü il yanvar ayının 1-nə verdiyi məlumata əsasən Azərbaycanda dövlət qulluqçularının sayı 27,1 min olub ki, onların da 29,4 faizini qadınlar təşkil edir.

Dövlət qulluqçularının əməyini stimullaşdıran, onlara motivasiya verən amillərdən biri kimi sosial təminat və pensiya təminatını da göstərmək olar. Dövlət qulluqçularının motivasiyasını yüksəldən amillərdən biri də mükafatlardır. Dövlət qulluqçularının motivasiyasının artırılması üçün mütəmadi olaraq dövlət qulluğu sistemində əməkhaqqı artımı prosesi həyata keçirilir. Dövlət qulluğunda, müxtəlif dövlət orqanlarında artıq motivasiya sisteminin bir qədər dövlət büdcəsindən asılı olmayan istiqamətdə, yəni işə əsaslanaraq, xidməti fəaliyyətin nəticəsində işçinin dəyərləndirilərək qiymətləndirilməsi və onun nəticəsində əməkhaqqının artırılması, mükafatların, bonusların, müəyyən qədər zəruri olan güzəştlərin və sair verilməsi istiqamətində işlər aparılır.

Naxçıvanda dövlət qulluğunda

motivasiya tədbirlərinin təkmilləşdirilməsi

Naxçıvan Muxtar Respublikasının çoxəsrlik dövlətçilik tarixi var. 2023-cü il 30 dekabr tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu nəzərə alaraq “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: “Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.

Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarına dövlət qulluqçularının qəbulu, inzibati vəzifələrin tutulması Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2023-cü ildə dərc etdiyi rəsmi statistik məlumatlara əsasən 2023-cü il yanvar ayının 1-i vəziyyətinə muxtar respublikada 2348 dövlət qulluqçusu var.

Dövlət qulluğuna qəbul üçün dünya trendləri müəyyən olunub. Dövlət İmtahan Mərkəzi (DİM) bu sahədə işlər aparır. Azərbaycan Respublikasında dövlət qulluğuna qəbul islahatlar dönəmindədir. Hazırda səriştə modelinə keçid həyata keçirilir. Bunun üçün DİM böyük tədbirlər həyata keçirir. Artıq Naxçıvanda dövlət qulluğuna qəbul da bu prosesin tərkib hissəsi olub. DİM Naxçıvanda dövlət qulluqçularının təlim ehtiyaclarını öyrənir və bu təlimlərin təşkil edilməsini nəzərdə tutur. Bu həm də Azərbaycan Respublikasının digər bölgələrində də yaşayan vətəndaşların Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna cəlb olunmasına gətirib çıxaracaq və Naxçıvana müsbət hal kimi təsir edəcək. “Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq ayda bir dəfə Bakı şəhəri ilə yanaşı, artıq Naxçıvan şəhərində də sertifikat imtahanları keçirilir. Həmin sertifikat Naxçıvanda olan vətəndaşların Azərbaycan Respublikasının digər dövlət orqanlarına da müraciət etməsinin mümkünlüyünə şərait yaradır. Bu proses ikitərəflidir, həm Naxçıvan Muxtar Respublikası digər bölgələrdə yaşayan mütəxəssisləri cəlb edir, həm də muxtar respublikadakı mütəxəssislər digər regionlarda yerləşən dövlət orqanlarında işləmək imkanı əldə edir. Mütəxəssislər elektron qaydada müraciət etdikdən sonra onlayn müsahibə mərhələsində iştirak edirlər. Beləliklə, mütəxəssislərin imkanları təkcə Naxçıvan Muxtar Respublikası ilə məhdudlaşmır.

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda motivasiya tədbirlərinin təkmilləşdirilməsi, o cümlədən dövlət qulluqçularının təlimlərə cəlb edilməsi, onların zəruri tələbatlarının ödənilməsi məsələləri “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda da öz əksini tapıb. Belə ki, Tədbirlər Planında dövlət qulluqçularının təhsilinin təşkili, dövlət qulluğunda bilik, bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, təlim modullarının hazırlanması, onların təlim tələbatlarının öyrənilməsi və prioritet istiqamətlərin müəyyənləşdirilməsi, müvafiq dövlət orqanlarında (qurumlarında) dövlət qulluqçularının təlimlərə cəlb edilməsi, onların bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi məqsədilə təlimlərin keçirilməsi, dövlət qulluğuna qəbul və inzibati dövlət qulluğu vəzifələrinin tutulmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-hüquqi aktların, layihələrinin hazırlanması və təsdiq edilməsi, dövlət orqanları üzrə vəzifə təlimatlarının hazırlanması, Naxçıvan Muxtar Respublikası ərazisində dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üzrə vahid yanaşmanın tətbiq edilməsi, muxtar respublikada qulluqkeçən dövlət qulluqçuları haqqında məlumatların Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsi, Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada aparılması: test imtahanı və müsahibələrin həyata keçirilməsi, muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində tədbirlər görülməsi, həmçinin elektron xidmətlərdən istifadənin asanlaşdırılması məsələləri öz əksini tapıb.  

Muxtar respublikada dövlət qulluğunda motivasiya tədbirlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan biri də dövlət qulluqçularının sosial təminatının yaxşılaşdırılması və mükafatlandırılması məsələləridir. “Dövlət qulluğu haqqında” Qanunda “dövlət qulluqçuları üçün təminatlar”, “dövlət məvacibi”, “dövlət qulluqçularının pensiya təminatı”, “dövlət qulluqçularının mükafatlandırılması” nəzərdə tutulub. Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı dövlətçiliyin inkişafında xidmətə, peşəkarlığa və xüsusi nailiyyətlərə, vəzifə borcunun ləyaqətlə və vicdanla yerinə yetirilməsinə, dövlət quruculuğu işlərində xidmətlərə görə verilir. "Rəşadətli əməyə görə" nişanı isə dövlət qulluğunda, iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, hüquq-mühafizə və sosial sahələrdə, ədəbi-bədii yaradıcılıqdakı nailiyyətlərə, Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətə görə verilir.

Elşən Yolçuyev

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin əməkdaşı

Nəşr edilib : 13.05.2024 16:56