AZ EN RU

Dövlət qulluğuna qəbul məsələlərinin müzakirəsinə dair tədbir keçirilib YENİLƏNİB

    Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında Naxçıvan Muxtar Respublikasında yerləşən mərkəzi, yerli icra hakimiyyətləri orqanları, məhkəmə orqanları və digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçuları ilə dövlət qulluğuna qəbul məsələlərinin müzakirəsinə dair tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə  Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin direktoru Sabir Məmmədov açıb. Qeyd olunub ki, müasir dövlət qulluğu, dövlət idarəetmə kadrlarının fəaliyyəti ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan  çevik və səmərəli dövlət mexanizminin əsasını təşkil edir. Hər bir hakimiyyətin başlıca nailiyyətlərindən biri geniş və qlobal miqyasda düşünməyi və  lokal şəkildə fəaliyyət göstərməyi bacaran kadrlardır. Bu gün keçirilən təlimin məqsədi də muxtar respublikada qulluq keçən dövlət qulluqçularının dövlət qulluğu məsələləri üzrə biliklərinin təkmilləşdirilməsi, dövlət qulluğu vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar müəyyən edilmiş tələblər barədə məlumatlandırılmasından ibarətdir. Eyni zamanda təlimdə dövlət qulluğu məsələləri ilə bağlı qanunvericiliyin tətbiqi, o cümlədən dövlət qulluğuna qəbulun şəffaflığı və vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazır­lığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi məsələlərinə toxunulacaq. Həmçinin dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, xidməti fəaliyyətin qiymətləndirilməsi və dövlət qulluqçularının mükafatlandırılması, dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası, dövlət qulluqçularının etik davranış qaydaları və dövlət qulluğunda hazırkı çağırışlarla əlaqədar məsələlər müzakirə olunacaq.
    Tədbirdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramovanın çıxışı olub. Qeyd edilib ki, hər bir ölkənin uğurlu inkişafı onu idarə edən rəhbər kadrların uzaqgörənliyindən, strateji düşünmə qabiliyyətindən, bütövlükdə, dövlət qulluğunda çalışanların ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirməsindən, öz işinə nə dərəcədə məsuliyyətlə yanaşmasından, müasir dünyanın tələblərini bilməsindən, öz bilik və bacarığını daim təkmilləşdirməsindən çox asılıdır. Bu baxımdan dövlət qulluqçularına verilən tələblər çox yüksəkdir. Ölkə Prezidenti dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyini peşəkar və səriştəli kadrlar yaradacaqdır. İndi dövlət idarəetməsində insan potensialının üstünlüyünə, dövlət qulluqçusunun işgüzarlıq, mənəvi və intellektual keyfiyyətlərinə daha çox əhəmiyyət verilir. Bu, bir həqiqətdir ki, yalnız peşəkarlığı yüksək olan kadrlar sayəsində dövlət qurumlarının səmərəli fəaliyyətini təmin etmək olar.
    Vurğulanıb ki, dövlət qulluğunda peşəkarlığın artırılmasına təkan verən amillərdən biri dövlət qurumlarında müasir idarəetmə formaları və sistemlərinin tətbiq edilməsidir. Tətbiq olunan yeni idarəetmə formaları işçilərin həmin forma və metodları mənimsəməsinə, öz bilik və bacarığını artırmasına, müasir tələblərə uyğunlaşmasına səbəb olur.
    Hazırda respublikada dövlət qulluqçularının peşəkarlığını artırmaq üçün bütün dövlət qurumlarında böyük işlər görülür.
    Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayevin “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları”, həmin şöbənin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasovun “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, Mərkəzin Dövlət informasiya resursları departamentinin Dövlət qulluqçularının reyestrinin aparılması və ehtiyat kadrların qeydiyyatı sektorunun müdiri Sakit Əliyevin “Dövlət qulluqçularının Reyestrinin aparılması qaydaları” mövzularında slaydlar əsasında təqdimatları olub.
    Sonda dəyirmi masa ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Gülcamal TAHİROVA

Nəşr edilib : 09.08.2023 10:42