AZ EN RU

Dövlət qayğısı ilə qazanılan uğurlar gələcək fəaliyyət üçün stimuldur

    Muxtar respublikamızda elm, təhsil, mədəniyyət, incəsənət sahəsinə göstərilən dövlət qayğısı hesabına bu sahələrdə istedadlı gənclərimiz çalışır, uğur qazanır, ölkənin gələcəyinə öz töhfələrini verirlər. Gülxanım Orucova da təhsil sahəsində uğur qazananlardan biridir. Onunla həyata keçirdiyi işlər və əldə etdiyi nailiyyətlər barədə həmsöhbət olduq. 
    Öyrəndik ki, 1989-cu ildə Şərur rayonunun Kərimbəyli kəndində anadan olan Gülxanım 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına daxil olub, 2013-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2009-2016-cı illərdə Şərur rayon Xələc kənd tam orta məktəbində ixtisası üzrə müəllim kimi fəaliyyət göstərib. Həmin dövrdə şagirdləri ilə müxtəlif müsabiqələrə qoşularaq qalib olan müsahibim “Təhsil problemləri” qəzetində “Müasir dərsin qurulması” mövzularında bir neçə məqalə ilə çıxış edib. 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “Yeni fənn kurikulumları” təlimində iştirak edib, kursu müvəffəqiyyətlə başa vurduğu üçün təlimçi seçilib. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin magistratura səviyyəsinin İbtidai təhsilin metodikası və metodologiyası ixtisasına daxil olub, 2016-cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2016-cı ildən Naxçıvan Şəhər Təhsil Şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin edilib. Hazırladığı məqalələr elmi jurnallarda dərc olunub. O, “Azərbaycan müəllimi”, “Nuh yurdu” qəzetləri ilə mütəmadi əməkdaşlıq edir. 
    Həmsöhbətim son zamanlarda təhsil sahəsində həyata keçirilən layihələrin istedadlı gənclərin üzə çıxarılmasında böyük rol oynamasından söz açaraq bildirdi ki, belə layihələrdən biri 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsidir: – İcraçı rəhbəri olduğum bu layihənin həyata keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara cəlbi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, onlarda tədqiqatçılıq bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsidir. Layihədə iştirak edən şagirdlər Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparır ki, bu da şagirdlərin müstəqil işləmələrinə, onlarda tədqiqatçılıq qabiliyyətinin düzgün formalaşmasına və inkişafına imkan yaradır. Layihə çərçivəsində şagirdlərimiz çox böyük uğurlar əldə ediblər. Bir sıra beynəlxalq müsabiqələrin qalibi olub və hazırladıqları elmi məqalələr konfrans materiallarında işıq üzü görüb. 2019-cu ildə “Sabahın tədqiqatçıları” layihəsinin qazandığı uğurlar haqqında AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri Fizzə Məmmədova ilə birgə hazırladığımız məqalə Rusiya Federasiyasında 50 xirs indeksli, 2 impakt-faktorlu “Elm və təhsilin müasir problemləri” jurnalında, “Elm və təhsilin vəhdətində” “Sabahın tədqiqatçıları”nın yeni uğurları adlı məqaləm Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının təsis etdiyi Rusiya elmi istinad indeksinə daxil olan impakt faktorlu “Tendençii razvitiya nauki i obrazovaniya” jurnalında 2022-ci ilin yanvar nömrəsində dərc olunub.
    Müsahibim rəhbərlik etdiyi Naxçıvan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyinin fəaliyyəti haqqında da məlumat verdi: – Ötən ildən Naxçıvan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyinin sədriyəm. Assosiasiyanın təsis olunması istedadlı və bacarıqlı gənc müəllimlərin aşkara çıxarılmasında, onların peşəkar və fərdi imkanları üçün əlverişli şəraitin yaradılmasında, təcrübə və informasiya mübadiləsinin təşkil edilməsində mühüm rol oynayır. Assosiasiya muxtar respublikamızın bütün rayonlarından sayılıb-seçilən gənc təhsilverənləri bir araya toplayaraq, müəllimlər üçün davamlı öyrənmə imkanları yaradır. Bu assosiasiya müsbət gənc müəllim obrazının ən ideal səviyyədə formalaşmasına çalışır. Məqsədimiz təhsildə innovasiyalarla bağlı gənc müəllimlər arasında əməkdaşlığın inkişafına, onların maarifləndirilməsinə, ideya və layihələrinə dəstək vermək, rəqəmsal texnologiyalar, süni intellekt dövrünə hazırlayan yeni bacarıqların tətbiqinə istiqamətləndirməkdir. Eyni zamanda gənc müəllimləri bir arada birləşdirən şəbəkələşməni gücləndirmək, vahid strukturlaşmış mexanizm və idarəetmə sistemi yaratmaqdır. Həmçinin gənc müəllimlərin asudə vaxtlarının təşkil edilməsi, onların muxtar respublika əhəmiyyətli ictimai və sosial işlərdə iştirakının təmin olunması istiqamətində də proqramlar hazırlayırıq. Yerli təlimçilər tərəfindən müəllimlər üçün müxtəlif mövzularda təlimlər, bilik yarışları, kitab müzakirələri keçirilir. Assosiasiya tərəfindən Naxçıvanın gənc müəllimləri arasında “Naxçıvan təhsili: dünən və bu gün” I yaradıcılıq müsabiqəsi, cari ilin 10-14 yanvar tarixlərində “Təhsildə inkişaf və innovasiyalar üzrə layihə hazırlanması” təlimi təşkil edilib. Fevral ayından isə “Mənim açıq dərsim” layihəsinin icrasına başlanılıb. 
    Onu da deyək ki, Gülxanım Orucova muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan daim bəhrələnib. 2021-ci il tarixdən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinə üzv seçilib. 2020-ci il yanvarın 31-də 2 fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin diplomu ilə, 2020-ci il martın 7-də təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla təltif olunub. Həmçinin həmin il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yaranmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikasının təhsil naziri tərəfindən Fəxri fərmana layiq görülüb. 
    Müsahibim söhbətində bu il fevralın 5-də Naxçıvan şəhərində Azərbaycan Respublikasının gənclər və idman nazirinin gənclərlə keçirdiyi görüşü, xüsusilə vurğuladı: – Bu görüşdə mən də iştirak etdim. Muxtar respublikada gənclərə göstərilən dövlət qayğısından və bunun nəticəsində onların müxtəlif ölkə səviyyəli və beynəlxalq müsabiqələrdə qazandıqları uğurlardan bəhs etdim. Naxçıvan gənclərinin gələcək layihələri haqqında ətraflı məlumat verdim. 
    Hazırda Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri, “Sabahın tədqiqatçıları-2022” layihəsinin rəhbəri olan, “Təhsil idarəçiliyi”, “Şagirdlərin ali təhsil müəssisələrinə hazırlığına psixoloji dəstək”, “Təhsil kouçu”, “Yeni fənn kurikulumları” və digər mövzularda təlimlər verən Gülxanım Orucovayagələcək fəaliyyətində uğurlar arzulayırıq. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 04.03.2022 19:19