AZ EN RU

Dövlət qayğısı hər bir şəhid və qazi ailəsini əhatə edir

    Vətənimizdə Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderimizin 1994-cü il avqust ayının 26-da imzaladığı “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərmanı müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə stimul oldu. 

    Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biri həmin kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilməsidir. Bunun ifadəsidir ki, ötən dövr ərzində yüzlərlə Birinci Qarabağ müharibəsi qazisi və şəhid ailəsi mənzillə təmin edilib. Tarixə qızıl hərflərlə yazılan Vətən müharibəsi bitəndən sonrakı dövrdə də şəhid ailələri və qazilər mənzillə və avtomobillə təmin olunub. 
    O da qeyd olunmalıdır ki, Naxçıvan Muxtar Respublikasında da həmin döyüşlərdə iştirak edən və fiziki imkanlarını itirən şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Vətən müharibəsində şəhid olan övladlarımızın ailələri hər cür şəraitə malik olan mənzillərlə təmin edilib. Bu ayın əvvəlində muxtar respublikada yaşayan bir neçə şəhid və qazi ailəsi evlə, bəzi qazilər isə avtomobillə təmin olundu. 
    Qədim diyarımızın özü qədər qədim olan Culfa rayonundan olan Nəcəfovlar ailəsini qəhrəmanlar ailəsi adlandırsaq, yanılmarıq. Ailə başçısı Məhəmməd Nəcəfovla həmsöhbət olanda öyrənirik ki, onun özü və iki qardaşı 1990-cı illərdə sərhədlərimizə amansız hücumlar zamanı düşmənə sipər olublar. Onun söhbəti:
    – Çətin günlər idi, düşmən hücumu gözlənilmədən olmuşdu. Hamı bir nəfər kimi sərhədlərimizi müdafiə etməyə tələsirdi. Naxçıvanı bir neçə tərəfdən atəş altına salan düşmən əlisilahlı biz isə əliyalın olsaq da, qalib gəldik. Qeyrətli xalqımız və həmin illərdə Naxçıvana gələn Ulu Öndərin sayəsində düşmən geri çəkildi. Həmin illərdə üç qardaş üçümüz də döyüşürdük. Vaqiflə mən Naxçıvanda, Əli qardaşım isə Qarabağa yollanmışdı. Bədənimdə olan qəlpə yaraları 30 il idi ki, məni çox incidirdi, amma itirilən torpaqların acısı daha çox canımı ağrıdırdı. Əlinin Ağdam döyüşlərində yaralanması, oğullarımızın igidliklə şəhidliyə yüksəlməsi, var gücləri ilə döyüşmələrinə baxmayaraq, torpaqlarımızın düşmənə peşkəş verilməsi od olmuşdu ürəyimdə. Həyat yoldaşım və mən üç oğlumuzu ailəmizə layiq şəkildə böyüdür, onları bir gün Vətənin müdafiəsində layiqincə dayanmağa hazırlayırdıq. Şükür Allaha, həmin gün gəldi və üç oğlum da Vətən müharibəsində digər hərbçilər kimi düşmənə aman vermədi. Oğlum Yaqub Cənnət Şuşanı azad edənlərdən biri olub, şəhadət şərbəti içib özü də cənnətə sakin oldu. İbrahim gözünün nurunu Vətən torpağına qurban verib əmisinin tamamlaya bilmədiyi işi tamamladı. Ağdamın azad olmasında cəsarət və hünər göstərdi. İsmayıl döyüşlərdə yaralansa da, döyüşdən çəkilmədi. Yurdumuza qəhrəman kimi qayıtdılar. Yaqubun toyunu görə bilmədik, Vətən bayrağını bağrımıza basıb fəxr etdik. Dövlətimiz var olsun, Vətən sağ olsun, – dedik. Bu gün Xankəndidə, Şuşada dalğalanan bayrağı, Füzulidə, Laçında çırağı yanan evləri görəndə qürur duyuram. Həm şəhid, həm də qazi atası kimi dövlətimiz bizi hər cür qayğı ilə əhatə edib. Yaxın günlərdə Culfa şəhərində qazi oğlum İbrahimə iki, bizə isə üçotaqlı mənzil verildi. Dövlətimiz hər zaman bizim yanımızdadır. Tanrı bu dövlətə, bu xalqa igid oğullar qismət edib. Və bu o deməkdir ki, bizim biləyimiz heç vaxt bükülməyib, bükülməyəcək də. 
    Kəngərli rayon Qarabağlar kənd sakini Məhəmmədəli Hüseynzadə də Vətən müharibəsində igidlik göstərən oğullardandır. O, Füzuli istiqamətində döyüşlərdə iştirak edib və sağlamlığını itirib. Yaxın günlərdə avtomobillə təmin edilib. 
    O dedi:
    – Vətən üçün canından, sağlamlığından keçən insanlara, şəhidlərin ailələrinə göstərilən qayğı bir daha onu sübut edir ki, dövlətimizin sükanı etibarlı əllərdədir. Ümummilli Liderimizin müəyyənləşdirdiyi siyasi xətt uğurla davam etdirilir. Atılan hər bir addım, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin ardıcıl olduğunu, müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərildiyini sübut edir. Bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasına xidmət edir. 
    “Prezidentimiz öz fəaliyyətilə həmişə sübut edib ki, O, hər bir azərbaycanlının Prezidentidir. Dövlət başçımız bütün vətəndaşlara qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür”, – deyən müsahibim onu da qeyd edir ki, bu gün muxtar respublikada cəmiyyətin hər bir üzvü qayğı ilə əhatə olunur. İstər yaşlı, istərsə də  gənc bu qayğıdan yetərincə bəhrələnir. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. 
    “Çox sevindirici haldır ki, mütəmadi olaraq şəhid ailələri, müharibədə sağlamlığını itirmiş şəxslər və veteranların müavinətləri artırılır, mənzil-məişət şəraitləri yaxşılaşdırılır, pulsuz müalicə və müayinələrinin təşkili həyata keçirilir. Mən də bu qayğıdan bəhrələnirəm”, – deyən müsahibim Ordubad şəhəri sakini Raqib Məmmədov Çernobılda baş verən qəzanın fəsadlarını aradan qaldıran zaman sağlamlığını itirib. Bildirdi ki, Ordubad şəhərinin mərkəzi küçəsində yeni inşa olunan binada ikiotaqlı mənzillə təmin edilib. 
    Göründüyü kimi, Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Sözsüz, dövlətimizin başçısının müvafiq sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək qiymətləndirilir. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 28.11.2023 18:08