AZ EN RU

Dövlət proqramının icrası təmin olunur

     Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri tərəfindən 2019-cu il 9 avqust tarixli Sərəncamla təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da  Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə verilmiş vəzifələr və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində 2022-ci ilin üçüncü rübündə də işlər davam etdirilib. 
    Mövcud rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı  Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə həyata keçirilən fəaliyyət nəticəsində 2022-ci il 1oktyabr tarixə muxtar respublika üzrə  POS-terminal aparatlarının sayı 1689-a çatdırılıb ki, onların da 826-sı Naxçıvan şəhərində, 863-ü rayon və kənd mərkəzlərində quraşdırılıb. Ödəniş terminallarının sayı 180 ədəd təşkil edib ki, onların 70-i MilliÖn ödəniş terminalı, 30-u mobil POS-terminalı olmaqla, 85-i Naxçıvan şəhərində, 95-i muxtar respublikanın rayonlarında yerləşdirilib, bankomatların sayı isə 118 olmaqla, 63-ü Naxçıvan şəhərində, 55-i isə rayonlarda fəaliyyət göstərir. 2022-ci ilin üçüncü rübündə 59 milyon 951 min 789 manat nağdsız ödənişlər həyata keçirilib. Ümumilikdə, 2022-ci il               1 oktyabr tarixə nağdsız ödənişlərin həcmi 146 milyon 158 min 112 manat olub ki, ödənişlərin 37 milyon 222 min 881 manatı POS-terminallar, 108 milyon 935 min 231 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.
    Vergi orqanları tərəfindən vergiödəyicilərini və sahibkarları maarifləndirmə işləri aparılıb, cari ilin 3-cü rübündə özəl sektorda 2 vergi­ödəyicisi üzrə  5 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
     Yeni yaradılan publik hüquqi şəxs statuslu müəssisələrdə mütəmadi maarifləndirmə işləri aparılmaqla, 2 publik hüquqi şəxsin                4 obyektində ödənişlərin nağdsız qaydada qəbul edilməsi üçün POS-terminalların quraşdırılması təmin olunub.
    Muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri də ödənişlərini nağdsız qaydada həyata keçirib. Belə ki, qeyd edilən dövrdə 222 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 141 min 579 manat, 722 vergiödəyicisi tərəfindən isə öz şəxsi kartları vasitəsilə 325 min 422 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.
    Xidmət mərkəzləri və POS-terminal quraşdırılmış kənd mərkəzlərində üçüncü rüb üzrə sahibkarlıq subyektləri və vətəndaşlarla 7 maarifləndirici görüş keçirilib, nağdsız ödənişlərin üstünlükləri, mobil bankçılıq və mobil tətbiqlər haqqında məlumatlar verilib, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin maarifləndirici bukletləri paylanılıb.
    Dövlət proqramının icrası ilə əlaqədar Dövlət Vergi Xidmətinin qarşısına qoyulan tapşırıqların icrası daim diqqət mərkəzində saxlanılmaqla, muxtar respublikada nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi və əməliyyat həcminin artırılması istiqamətində işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 26.10.2022 19:09