AZ EN RU

Dövlət Proqramının icrası ilə əlaqədar iclas keçirilib

    Dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar iclas keçirilib.

    Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov çıxış edərək bildirib ki, Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu sənəd, ümumilikdə, iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan prioritetlərdən ibarətdir.
    Baş nazir onu da diqqətə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” əsasında hazırlanmış 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulan sosial infrastruktur layihələrinin icrası məqsədilə cari il ərzində 30-dan çox satınalma elanı verilib. 27 satınalma üzrə artıq müsabiqə yekunlaşdırılıb. 18 tender üzrə artıq qalib şirkətlər müəyyən edilib. Digər satınalmalar üzrə komissiyalar tərəfindən  müvafiq meyarlar əsasında qiymətləndirmə aparılır. Qalib şirkətlərlə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun şəkildə satınalma müqaviləsi bağlanılır. 
    İclasda aidiyyəti dövlət qurumlarına “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda 2024-cü ildə həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası üçün işlərin görülməsinə başlanması ilə əlaqədar bir sıra tapşırıqlar verildi.
    Sonra mövzu ətrafında müzakirələr səsləndirilib.

Naxçıvan Muxtar Respublikası 
Nazirlər Kabinetinin mətbuat xidməti

Nəşr edilib : 11.12.2023 20:30