AZ EN RU

Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

İyunun 7-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.

Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Dövlət Proqramı olduqca əhatəli və geniş spektrə malikdir.

Səlahiyyətli nümayəndə bildirib ki, gələn il Naxçıvan Muxtar Respublikasının 100 illiyi qeyd olunacaq. Heç təsadüfi deyil ki, muxtariyyətin 100 illik tədbirləri çərçivəsində Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvan amili xüsusi qeyd olunmalıdır. Muxtar respublikanın 50 illik dövrü məhz Onun siyasəti ilə formalaşıb. Xüsusilə Ümummilli Liderin 1990-1993-cü illərdə Naxçıvanda olması, nəinki Naxçıvan Muxtar Respublikasını, eləcə də Azərbaycan Respublikasını böyük bir təhlükədən xilas edib. Qarabağda və daha öncəki illərdə Zəngəzurda nələrin baş verdiyinin şahidiyik. Zəngəzur torpaqlarımız hissə-hissə, parça-parça bizdən qoparılıb. Keçmiş Dağlıq Qarabağda 1988-ci ildə baş vermiş, süni şəkildə törədilmiş hadisələr nəticəsində isə torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Məhz Ulu Öndərin uzaqgörən siyasəti Naxçıvan Muxtar Respublikasını bu kimi bəladan xilas edib. Yeni yaranmış, heç bir ordusu və təcrübəsi olmayan bir dövlətə qarşı xəyanət və birləşmiş qüvvələrin fəaliyyəti nəticəsində işğal faktı reallaşdırılmışdı. 44 günlük müharibə dövründə ordunun hansı çətinliklərlə üzləşdiyinin şahidi ola bilərik. Lakin Azərbaycan Respublikası öz ordusunun gücünə arxalanaraq, heç bir kənar qüvvənin dəstəyi olmadan 30 ildən artıq davam etmiş reallığı dəyişdirib və yeni reallıq yaradıb. Bu gün Qafqazda Azərbaycan dövləti söz sahibidir və mövqeyi əsas rol oynayır. Bunun da əsasında Ümummilli Liderin uzaqgörən siyasətinin bəhrələri dayanır. Bu siyasətin uğurlu davamçısı kimi ölkə Prezidenti cənab İlham Əliyevin rolu əvəzolunmazdır. Həqiqətən biz xoşbəxt xalqıq. Ona görə ki, məhz iki böyük şəxsiyyətin idarəetməsində Azərbaycan Respublikasını daha güclü sosial-iqtisadi potensialı olan gələcəyə gedir. 2023-2027-ci illəri əhatə edən Dövlət Proqramının təsdiq olunması xüsusilə əlamətdardır. Proqramda 11 sahənin prioritet olaraq seçilməsi heç də təsadüfi deyil. Bu prioritet istiqamətlər məhz ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi sayəsində formalaşıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında yerli səviyyədə qəbul olunmuş dövlət proqramları tətbiq olunurdu. Lakin istənilən nəticə yoxdur. Muxtar respublikada əldə olunmuş inkişaf isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində mümkün olub. Hər il Azərbaycan Respublikasının büdcəsindən 100 milyonlarla manat vəsait dotasiya şəklində Naxçıvan Muxtar Respublikasına ayrılıb. Təəssüf ki, bu dəstəyin qarşısında olduqca nöqsanlı iş aparılıb. Lakin ümumi xəttimiz, cənab Prezidentin formalaşdırdığı tapşırıqlar hər kəsə aydındır. Artıq muxtar respublikada struktur dəyişiklikləri aparılır. Bu dəyişikliklərin hədəfləri açıq-aydın görünür.

Səlahiyyətli nümayəndə Dövlət Proqramındakı 11 prioritet məsələ haqqında ətraflı danışıb, qarşıya qoyulan vəzifələrin icrasında aid dövlət qurumlarının üzərinə düşən vəzifələri diqqətə çatdırıb, Dövlət Proqramının qəbul olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına                            dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbulu ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının qüvvədə olan dövlət proqramlarının ləğv edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə Komissiyanın yaradılması barədə çıxış edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov, Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Kənd Təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova ölkə Prezidenti tərəfindən müvafiq Dövlət Proqramının qəbul edilməsinin Naxçıvan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 07.06.2023 17:22