AZ EN RU

Dövlət proqramının icrası davamlı sosial-iqtisadi inkişaf üçün möhkəm zəmin yaradır

Dövlət proqramı icra olunur

    Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin davamlı xarakter almasında icrası uğurla reallaşdırılan Dövlət proqramlarının əvəzolunmaz rolu vardır. Bu proqramların icrası istiqamətində görülən işlər Naxçıvanda rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsinə, müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılmasına, yeni iş yerlərinin açılmasına və əhali rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da əsas məqsədi muxtar respublikanın dayanıqlı inkişafının təmin olunmasına imkan verən əlverişli mühit yaratmaqdan ibarətdir. Proqramın icrası istiqamətində kompleks tədbirlər 2021-ci ildə də davam etdirilmişdir.

    Ötən il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromu, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı, Süni Mayalanma Mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı, Culfa-Ordubad magistral avtomobil yolu istifadəyə verilmiş, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti “ASAN xidmət” Mərkəzinin və Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə maraqlanmış, Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Bunlarla yanaşı, Ali Məclisin Sədri 2021-ci ildə Dövlət proqramı çərçivəsində müxtəlif təyinatlı 73 obyektin istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak etmiş, 5 obyektin yenidən qurulması istiqamətində görülən işlərlə maraqlanmış, 4 obyektin tikinti və yenidənqurma layihələrinə baxmışdır.

    Proqramın mühüm istiqamətlərindən birini sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi təşkil edir. Bu istiqamətdə görülən işlər muxtar respublikada sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşmasına səbəb olur. Sahibkarlığın inkişafının stimullaşdırılması, öz növbəsində, yeni istehsal sahələrinin yaradılması və müxtəlif iş yerlərinin açılması yolu ilə əhali məşğulluğunun təmin olunmasına gətirib çıxarır. Bu da sosialyönümlü iqtisadi siyasətin mühüm təzahürü kimi diqqəti cəlb edir. 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən mikro, kiçik və orta sahibkarlara, ümumilikdə, 7 milyon 744 min 378 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu dövrdə muxtar respublikada dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 157 layihə üzrə işlər başa çatdırılmış, yeni yaradılan istehsal sahələrində 660 iş yeri açılmışdır. İxrac qabiliyyətli məhsullar üzrə əmtəə nişanına dair 25 şəhadətnamə iddiaçılara təhvil verilmiş, 250 ədəd Naxçıvan məhsulları ixrac kataloqu çap edilmişdir. İxrac potensiallı məhsulların 166 halda sertifikatlaşdırılması təmin olunmuş, 2 hüquqi şəxsə “Yaşıl dəhliz” gömrük-buraxılış sistemindən daimi istifadə hüququ verilmişdir. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2 min 166 laboratoriya təhlili aparılmış, təsərrüfat subyektlərinə məhsulların texniki normaları və standartları üzrə 170 halda informasiya dəstəyi göstərilmişdir. 2021-ci ildə keçirilən 29 beynəlxalq tədbirdə muxtar respublikada fəaliyyət göstərən 70 sahibkarlıq subyektinin 97 nümayəndəsinin iştirakı təmin olunmuşdur ki, bu da sahibkarların xarici ölkələrdə ticarət tərəfdaşlarının tapılması istiqamətində mühüm rol oynamışdır.

    İqtisadi artımın dinamik xarakterini qorumaq üçün beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi başlıca şərtdir. Bu sahədə fəaliyyətin səmərəli təşkili inkişaf etmiş gömrük infrastrukturunun yaradılmasından əhəmiyyətli dərəcədə asılıdır. Onu da qeyd etmək lazımdır ki, daxili bazarın və iqtisadi təhlükəsizliyin qorunmasında gömrük xidmətinin rolu böyükdür. Ötən il proqramın icrası məqsədilə gömrük orqanlarının maddi-texniki bazasının gücləndirilməsi diqqətdə saxlanılmışdır. Xidmətin səmərəliliyini artırmaq, nəzarəti sadələşdirmək və yoxlamaları sürətləndirmək məqsədilə gömrük orqanları 1 rentgen yoxlama-baxış qurğusu, 3 videoskop, 7 təftiş aynası, 12 saxta pul dedektoru, 315 ekspress kimyəvi narkotester və 2 məsafədən istilik ölçən termal kamera ilə təmin edilmişdir.

    Naxçıvanda mövcud olan əlverişli təbii şərait aqrar sektorun inkişafı üçün mühüm zəmin yaradır. Bu istiqamətdə göstərilən dövlət dəstəyinin həcminin ildən-ilə artması kənd təsərrüfatını sosial-iqtisadi həyatın aparıcı sahələrindən birinə çevirir. Görülən işlər əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə nəticələnir. Proqramın icrası məqsədilə 2021-ci ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində 327 texnika və texnoloji avadanlıq alınaraq ehtiyat yaradılmış, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialında 252 kənd təsərrüfatı avadanlığının icarəyə verilməsi ilə bağlı lizinq müqavilələri bağlanmışdır. Həmçinin aqrar sahədə 4 min 888 sığorta müqaviləsi bağlanmışdır ki, bu da 2020-ci illə müqayisədə 956 müqavilə çoxdur. “Araz” Elm-İstehsalat Birliyi tərəfindən əkin sahələrindən 24 torpaq nümunəsi götürülərək aqrokimyəvi analizlər aparılmış və nəticələr aidiyyəti üzrə təhvil verilmişdir. Babək və Culfa rayonlarının, ümumilikdə, 1 qəsəbə və 8 kənd bələdiyyəsi üzrə torpaq sahələrinin qida maddələri ilə təmin olunma kartoqramları hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Muxtar respublikada dövlət maliyyə dəstəyi hesabına 72 heyvandarlıq, 2 quşçuluq, 1 tingçilik, 4 bağçılıq təsərrüfatının yaradılması, 15 heyvandarlıq, 1 quşçuluq, 1 bağçılıq, 1 limonçuluq təsərrüfatının genişləndirilməsi və 1 üzümçülük təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılmışdır. Ötən il 76 ailə təsərrüfatına 1 milyon 221 min 400 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir ki, bu da 2020-ci illə müqayisədə 27 ailə təsərrüfatı və 617 min 800 manat çoxdur. Bakı şəhərinə və respublikanın digər bölgələrinə 425 min 315 manat həcmində ailə təsərrüfatı məhsulları göndərilmişdir. “Naxçıvan Məhsulları” publik hüquqi şəxs tərəfindən ailə təsərrüfatlarından 16 adda ərzaq məhsulları alınaraq qapalı dövlət müəssisələrinin təchizatına yönəldilmişdir. 2021-ci ildə 10 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 84 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmiş, 51 ailə təsərrüfatının icarəsinə verilmiş 8,15 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Göycə məhsullarının satış yarmarkasında 195, “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasında 453 ailə təsərrüfatının iştirakı təmin edilmişdir. Ailə təsərrüfatları  6 min 285 tara ilə təmin olunmuş, 61 təsərrüfata istehsal etdikləri məhsulların etiketinin hazırlanmasında köməklik göstərilmişdir. Görülən işlər yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik məhsulların istehsalı ilə nəticələnmişdir ki, bu da muxtar respublika əhalisinin sağlamlığının qorunması və rifahının yüksəldilməsi deməkdir.

    Kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biri də daimi su mənbələrinin olmasıdır. Meliorasiya və su təsərrüfatının hərtərəfli inkişafı sosial-iqtisadi fəaliyyətin başlıca istiqamətlərindən birini təşkil edir. Dövlət proqramında da bu istiqamətdə tədbirlər müəyyənləşdirilmişdir. Ötən il “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Kəngərli rayonundakı əkin sahələrində qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Ərazidə, ümumilikdə, 3,8 kilometr ana xətt çəkilimiş, 34,7 kilometr paylayıcı boru xətti, 323 hovuz və hidrant, 44 siyirtmə və 28 suboşaldıcı quraşdırılmışdır. Qrunt sularını kənarlaşdırmaq üçün diametri 300 millimetr olan borularla 5,59 kilometr qapalı drenaj xətti və 5,25 kilometr açıq kollektor çəkilmişdir. Həmçinin Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində yeni qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılmış, ərazidə 5,25 kilometr ana xətt, 5,82 kilometr paylayıcı boru xətti çəkilmiş, 52 hovuz və hidrant quraşdırılmışdır. Ötən il 11 subartezian quyusu qazılaraq istifadəyə verilmiş, 255,36 kilometr kanal və 296,27 kilometr kollektor-drenaj şəbəkəsinin yerləşdiyi ərazinin topoqrafik planları hazırlanmışdır. Bu dövrdə 186,16 kilometr kanal, 259,43 kilometr ara arx və 66,4 kilometr kollektor lildən təmizlənmiş, ümumilikdə, 1032 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 5,8 kilometr selə qarşı istiqamətləndirici bənd tikilmişdir.

    Muxtar respublikada, eyni zamanda əhalinin keyfiyyətli içməli suya olan tələbatının ödənilməsi istiqamətində ardıcıl tədbirlər görülür. 2021-ci ildə 45,65 kilometr içməli su xətlərində, 5,28 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmış, “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 141,48 kilometr içməli su, 3,21 kilometr kanalizasiya xətti çəkilmişdir. Görülən işlər nəticəsində 4 min 670 evin içməli su, 1805 evin kanalizasiya xəttinə birləşməsi aparılmışdır ki, bu da 2020-ci illə müqayisədə içməli su xətti üzrə 843, kanalizasiya xətti üzrə 1122 ev çoxdur.
    Həm istehsal sahələrinin xammal ehtiyatı ilə sürətli təmin olunması, həm də xidmət sahələrində təkliflərin cəlbediciliyinin intensiv surətdə artırılması nəqliyyat imkanlarından əhəmiyyətli dərəcədə asılıdır. Digər tərəfdən nəqliyyat əhalinin gündəlik ehtiyacları içərisində xüsusi çəkisi olan sahələrdəndir. Qeyd edilənlər onu deməyə əsas verir ki, sosial-iqtisadi inkişafa təsir göstərən mühüm faktorlardan biri müasir nəqliyyat infrastrukturunun mövcudluğudur. Dövlət proqramında nəzərdə tutulan yol təsərrüfatı və nəqliyyatın inkişafı tədbirləri çərçivəsində 2021-ci ildə 2 şəhərdaxili və 8 kənd avtomobil yolları, eləcə də Şərur şəhərində yeraltı piyada keçidi yenidənqurmadan sonra istifadəyə verilmişdir. Ümumilikdə, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 60,57 kilometr uzunluğunda avtomobil yollarında yenidənqurma və asfalt-beton işləri başa çatdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 17,65 kilometr çoxdur. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yararsız vəziyyətdə olan 4 min 709 ağac şpal yeni şpallarla əvəz edilmiş, Culfa Lokomotiv Deposunda lokomotivlər 39 dəfə texniki baxışdan keçirilmiş, Culfa İstismar Vaqon Deposunda 142 vaqon təmir olunmuşdur. 
    Müasir dövrün aktual strateji məsələlərindən biri də enerji təchizatıdır. Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır və bu enerji mənbələrinin sayı ildən-ilə artmaqdadır. Dövlət proqramında nəzərdə tutulan və icrası həyata keçirilən tədbirlər Naxçıvanda enerji təchizatı sahəsində müsbət dinamikanın əldə olunmasına gətirib çıxarmışdır. Bu tədbirlər 2021-ci ildə də davam etdirilmiş, Şərur rayonunda 5 meqavat gücündə Günəş, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik, Naxçıvan şəhərində Qaz Kompressor stansiyaları istifadəyə verilmişdir. Şahbuz rayonunda 3 kəndi əhatə edən elektrik təsərrüfatı yenidən qurulmuşdur. Ümumilikdə, muxtar respublikada 87,9 kilometr yeni elektrik xətləri çəkilmiş, 238,9 kilometr elektrik xətləri təmir edilmiş, 25 transformator yarımstansiyası quraşdırılmış, 19,6 kilometr hava elektrik xətləri yeraltı xətlərlə əvəz olunmuşdur. Şərur rayonunda 3 meqavat gücündə Günəş, Ordubad rayonunda 15,6 meqavat gücündə Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilmişdir. Bu dövrdə 405 smartkarttipli qaz sayğacı quraşdırılmış, 10 qaz paylayıcı stansiyada operator evləri təmir olunmuş, Qaz İstismar Xidmətinə 1 minik avtomobili alınmışdır. Görülən işlər istehlakçıların keyfiyyətli qaz və elektrik enerjisi ilə təmin olunmasına xidmət etmişdir.
    İnformasiya texnologiyaları sahəsində hərtərəfli şəraitin yaradılması sənayedən ticarətə, təhsildən tibbi xidmətə qədər sosial-iqtisadi həyatın bir çox istiqamətlərində dinamik inkişafa yaxından təsir göstərir. Bu sahənin dünya miqyasında sürətlə yenilənməsi ən son çağırışlara çevik reaksiya verilməsini zamanın tələbinə çevirir. Dövlət proqramında da rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlər çərçivəsində 2021-ci ildə Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası və 9 kənd mərkəzində rabitə evləri istifadəyə verilmişdir. Ötən il 32 min 357 metr, o cümlədən “Evədək optika” layihəsi çərçivəsində 56 mənzilə fiber-optik kabel xətti çəkilmiş, 6 min 300-dən çox abonent internetlə təmin olunmuş, 2 min 441 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilmişdir.

    Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır. Əhalinin sağlamlığının qorunması və keyfiyyətli təhsil imkanlarının yaradılması istiqamətində icrası uğurla davam etdirilən sosial infrastruktur layihələri bunu deməyə əsas verir. Ötən il sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində təhsil quruculuğu həmişəki kimi mühüm yer tutmuşdur. Bu istiqamətdə muxtar respublikanın rayonlarında 9 məktəbin, eləcə də Şəhriyar kənd Uşaq Musiqi Məktəbinin, Naxçıvan Dövlət Universitetində Xarici dillər fakültəsinin yeni binaları və Naxçıvan şəhərində tələbə yataqxanası istifadəyə verilmişdir. Əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılmış, 5 həkim ambulatoriyasının, Ordubad Rayon Uşaq Xəstəxanasının, Naxçıvan şəhərində modul tipli xəstəxananın, Gigiyena və Epidemiologiya Mərkəzinin açılışı olmuşdur. Mərkəzin 3 rayon şöbəsi üçün yeni iş şəraiti yaradılmışdır. Bütün bunlarla yanaşı, mədəni sərvətlərimizin mühafizəsi məqsədilə həyata keçirilən yenidənqurma və bərpa işləri bu sahədə də dövlət qayğısının yüksək səviyyədə olmasından xəbər verir. Ötən il Dövlət proqramında mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi ilə bağlı nəzərdə tutulan tədbirlər də davam etdirilmiş, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası, Babək rayonunun Cəhri qəsəbəsində yeni məscid istifadəyə verilmişdir.   
    Mənzil təsərrüfatı və abadlıq-quruculuq tədbirləri çərçivəsində 9 xidmət və kənd mərkəzinin, 3 bayraq meydanının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 6-cı Sərhəd Zastavası üçün xidmət və yaşayış kompleksinin, Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisinin açılışı olmuşdur. 
    İnsan amilinə verilən dəyərin digər mühüm göstəricisi isə şəhid ailələrinin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin daim diqqətdə saxlanılmasıdır. Bu istiqamətdə tədbirlər ötən il də davam etdirilmiş, ümumilikdə, 28 ailəyə mənzil və 28 nəfərə minik avtomobili təqdim olunmuşdur. Dövlət proqramının icrası məqsədilə 330 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğunun təmin olunması bu istiqamətdə də sosial layihələrin davam etdirildiyini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri demişdir: Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Bunlar da ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmiz inkişaf edir, qayğıya ehtiyacı olan insanlara diqqət göstərilir, əməyi ilə fərqlənənlərə dövlət mükafatları verilir. İnsanlarımız rahat yaşayır, yeni iş yerləri açılır, əhalinin rifahı yaxşılaşdırılır. Bunların hamısı ölkəmizin inkişafına, gələcəyinə xidmət edən işlərdir.
    2021-ci ildə dövlət əmlakının özəlləşdirilməsindən 678 min 756,39 manat vəsait daxil olmuş, tоrpaq və qeyri-yaşayış sahələri üzrə bağlanmış icarə müqavilələrindən 214 min 143 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Ötən illə müqayisədə dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitin məbləğində 412 min 798,14 manat, tоrpaq və qeyri-yaşayış sahələri üzrə bağlanmış icarə müqavilələrindən dövlət büdcəsinə ödənilən vəsaitin məbləğində isə 51 min 906 manat artım olmuşdur. 
    Naxçıvan şəhərində 43 nəqliyyat infrastrukturu obyektinə 898 ünvan lövhəsi, 4 min 367 giriş nömrə nişanı quraşdırılmışdır.
    Bir daha aydın olur ki, ötən il Dövlət proqramının uğurla icrası muxtar respublikanın şəhər, rayon və kəndlərinin simasını tanınmaz dərəcədə dəyişərək, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir. Hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasət, Dövlət proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi muxtar respublikanın inkişafının daha da sürətlənməsini təmin etmişdir.

“Şərq qapısı”

Nəşr edilib : 28.01.2022 19:11