AZ EN RU

Dövlət Proqramında mədəniyyətin inkişafı ilə bağlı qarşıya qoyulan tələblər uğurla icra olunur

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən oktyabr ayında müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələr icra edilib, mədəni-kütləvi tədbirlər keçirilib, konsertlər, kitab müzakirələri, tamaşa nümayişləri gerçəkləşib.
    “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Muzeyi tərəfindən Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilib, Naxçıvanın incəsənət nümayəndələri tərəfindən Türkiyənin Qars şəhərində Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş konsert proqramı təqdim olunub. Həmçinin Ümummilli Liderlə bağlı açıq dərslər, mühazirələr, müxtəlif tədbirlər gerçəkləşib. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və rəssamlarından bir qrupunun da təmsil olunduğu fırça ustalarının Türkiyə Cümhuriyyətinin Çorum və Ərzurum şəhərlərində Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə, Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20-ci ildönümünə həsr olunmuş “Türkiyə-Azərbaycan qardaşlıq sərgisi” təşkil olunub.
    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tabeli müəssisələrdə konsert, dəyirmi masa, yığıncaq və müxtəlif formatlı tədbirlər təşkil edilib, filmlər nümayiş olunub, sərgilər qurulub. Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən ötən dövr ərzində bir sıra işlər görülüb. Təfsilatlı Tədbirlər Planının icrası ilə bağlı – dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müvafiq siyahılar və texniki tapşırıqlar hazırlanıb, qiymətləndirmənin müəyyənləşdirilməsi məqsədilə müvafiq şirkətlərə rəsmi qaydada müraciətlər ünvanlanıb. Ötən ay muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması, tarixi-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, “Naxçıvanın 7 incisi” Tarix-Memarlıq Turizm Kompleksinin yaradılması, həmin abidələrin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması bəndləri ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən muxtar diyarda bir sıra abidələrə baxış keçirilib.
    Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illik yubileyinin, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 141 illiyinin qeyd edilməsi, Xalq artisti Fidan Hacıyevanın Heydər Əliyev Sarayında konsertinin baş tutması ən yaddaqalan mədəniyyət hadisələrindəndir.
    Ötən ay 141-ci yaradıcılıq mövsümünə başlayan Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev və aktyor Nəsimi Məmmədzadə İstanbulda Avrasiya Teatrlar Birliyi tərəfindən keçirilən V Maltepe Beynəlxalq Teatr Festivalında iştirak ediblər. Nəsimi Məmmədzadə Birliyin Naxçıvan Muxtar Respublikası üzrə təmsilçisi, Naxçıvan Teatrı isə Avrasiya Teatrlar Birliyinə üzv seçilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalında iştirak edən kollektiv fransız yazıçısı Viktor Hüqonun “Edam məhkumunun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşanı Sumqayıt Dövlət Milli Dram Teatrında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim edib. Ay ərzində teatrın yaradıcı kollektivi Elçinin “Şekspir” və J.B.Molyerin “Skapenin kələkləri” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqlərini aparıb, stasionarla yanaşı, rayonlarda tamaşa nümayiş etdirilib.
    Ötən ay M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 8, Naxçıvan Dövlət Uşaq Teatrında 25 tamaşa oynanılıb. Həmçinin Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tərəfindən görkəmli dramaturq Süleyman Sani Axundovun “Tamahkar” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə sənətsevərlərin qarşısına çıxıb.
    Mədəniyyət Nazirliyi tərəfindən Qərbi Azərbaycan məsələsi ilə bağlı işin aparılması diqqətdə saxlanılıb. Belə ki, ötən ay mədəniyyət evləri tərəfindən qərbi azərbaycanlı sakinlərdən yer adları və folklor nümunələri toplanması davam etdirilib, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Qərbi Azərbaycan adət-ənənələri ilə bağlı ssenari mətni hazırlanıb.
    Muxtar diyarda ötən ay nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılıb, seminarlar, açıq dərslər, görüşlər, mühazirələr keçirilib. Oktyabr ayında muzeyləri 25 min 608 nəfər yerli, 20 min 869 nəfər əcnəbi olmaqla, ümumilikdə, 46 min 477 nəfər ziyarət edib, muzeylərə 348 yeni eksponat daxil olub. 
    Oktyabr ayında kitabxanalarda keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılıb, sağlamlıq imkanı məhdud 25 uşağa səyyar kitabxana xidməti göstərilib. Kitab verilişi isə 50 min 827 nüsxə olub, elektron kataloqda kitabların sayı 36 min 240-a çatdırılıb. Klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılıb, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində tədbirlər keçirilib, sərgilər qurulub.
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilib. 
    Naxçıvan Dövlət Film Fondu tərəfindən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına və ümumitəhsil müəssisələrinin şagirdlərinə milli kinolarımızın dəyərli nümunələrindən seçmələr və Vətən müharibəsinə həsr olunmuş filmlər nümayiş olunub, gənclərlə iş sahəsi diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.11.2023 19:49