AZ EN RU

Dövlət Proqramı icra olunur

Zəngəzur  Milli Parkının zonalaşma xəritəsi hazırlanıb

Muxtar respublikanın termal və mineral su mənbələrinin yerinin müəyyənləşdirilməsi və ehtiyatının qiymətləndirilməsi, 2024-cü ildə icrası nəzərdə tutulan su atlasının hazırlanması istiqamətində ilkin olaraq 58 termal və mineral su bulaqların təftişinə başlanılması üçün kameral araşdırmalar aparılıb. Ümumiyyətlə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun ekologiya və təbii sərvətlərin mühafizəsi sahəsində indiyədək mühüm işlər görülüb.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin tənzimlənməsi və təbii sərvətlərdən istifadənin təşkili şöbəsinin müdiri Şövqi Əliyev  söyləyib.

O bildirib ki, Ordubad, Şahbuz, Babək  və Culfa rayonları ərazisində mövcud olan 51 mineral bulaqda təftiş işləri aparılıb, suların debiti, temperaturu, duzluluğu, yüksəkliyi, coğrafi koordinatları dəqiqləşdirilib, hər birinin kimyəvi tərkibinin öyrənilməsi məqsədilə su nümunələri götürülüb kadastırı hazırlanıb, 43-nün analizi aparılıb. Həmçinin Culfa, Ordubad, Şərur-Sədərək, Naxçıvan düzənlikləri və Kəngərli yaylasında mövcud olan yeraltı su hövzələrində hər 10 gündə bir dəfə olmaqla ayda 3 dəfə müşahidə quyuları vasitəsilə yeraltı suların monitorinqi aparılır. Həmin düzənlik və yaylalarda yerləşən 79 quyuda suların minerallaşma dərəcəsi, suyun statistik səviyyəsi, elektrik keçiriciliyi və quyuların mütləq yüksəkliyi, dərinliyi, qazıldığı il və coğrafi koordinatları dəqiqləşdirilib. Şərur, Culfa, Ordubad, Sədərək, Babək və Kəngərli  rayonlarının ərazisində yerləşən quyuların 56-sından götürülmüş yeraltı su nümunələrinin analizi aparılıb, suların dinamikasının izlənilməsi məqsədilə kadastr və qrafikləri hazırlanıb.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən icra edilən layihələr barədə danışan nazirliyin şöbə müdiri qeyd edib ki, Parağaçay molibden (qalıq ehtiyatı 456 min ton), Gümüşlü polimetal (qalıq ehiyatı 5400 ton) Nəsirvaz kolçedan-polimetal (filiz ehiyatı 24 mln ton), Buzqov travertin (ehtiyatı 8200 min m3), dolomit  (ehtiyatı 9914 min ton), Göycələr seolit (ehtiyatı 15,7 mln ton), Şərqi Aydaş seolit  (14,8 mln ton), Culfa əqiqsaxlayan konqlomerat  (2367 min m3) yataqlarının ehtiyatları müəyyənləşdirilib,  dəyər təklifləri hazırlanıb. Filiz və qeyri-filiz, şirin və termal su yataqlarına investorlar cəlb etmək üçün ötən il  7-14 noyabr tarixlərində Türkiyəli iş adamları ilə birgə yataqlarla bağlı görüş keçirilib, müzakirələr aparılıb. Parağaçay molibden, Gümüşlü polimetal, şüşə xammalı kimi dolomit  və kvarsit, süst və duzdağ daş duz, Şahtaxtı travertin yataqlarına yerində baxış keçirilib, nümunələr götürülüb. Bundan başqa bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün “LandfilSanitary” texnologiyası seçilib. Bu texnologiyanın tətbiqi ilə bağlı konsept təkliflər hazırlanıb. Beynəlxalq dərəcəli mütəxəssis muxtar respublikaya dəvət edilib və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılıb.

“Zəngəzur  Milli Parkının zonalaşma xəritəsi hazırlanıb, 15 652, 53 hektar sahədə nüvə zonası müəyyən edilib. Bioloji müxtəlifliyin qorunub artırılması məqsədilə əhali arasında ekoloji maarifləndirmə tədbirləri keçirilib, 10 ədəd maarifləndirici lövhə yerləşdirilib. Xüsusi mühafizə olunan təbiət ərazilərində turizm obyektlərinin yerinin  müəyyən edilməsi, turistik sahələrin yaradılması və marşrutların müəyyənləşdirilməsi məqsədilə işlər davam etdirilib, vəhşi heyvanların suya olan tələbatının ödənilməsi məqsədilə ərazilərə 3 su novu qoyulub”-, deyə müsahibimiz əlavə edib.

Xatırladaq ki, ölkə Prezidenti cənab İlham Əliyev ötən il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sentyabrın 15-də Dövlət Proqramının 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı əsasında aidiyyəti təşkilatlar tərəfindən ötən müddətdə müvafiq işlərin icrasına başlanılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 23.02.2024 16:00