AZ EN RU

Dövlət Proqramı həyata keçirilən iqtisadi tədbirlərin yol xəritəsidir

2023-cü ildə bu istiqamətdə mühüm addımlar atılıb

    Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda yaxın 4 il ərzində sahibkarlığın inkişaf etdirilməsi, bölgəyə yerli və xarici investisiyaların cəlbi, sənaye və kənd təsərrüfatında innovativ yeniliklərin tətbiqi, yerli xammal potensialından layiqincə istifadənin gerçəkləşdirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Həmçinin bəhs olunan dövrdə Naxçıvanın tranzit imkanlarının genişləndirilməsi, ixrac potensialının artırılması və əhalinin məşğulluğu prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
    2023-cü il ərzində adıçəkilən Dövlət Proqramında nəzərdə tutulan əlverişli biznes mühitinin yaradılması, kiçik sahibkarlığın inkişaf etdirilməsi, şəffaf vergi və gömrük tənzimlənmələrinin tətbiqi, satınalmalarda müvafiq qaydalara əməl olunması məsələləri diqqətdə saxlanılıb. Məsələn, ötən ilin ilk 11 ayında 400-dən çox satınalma müsabiqəsi reallaşdırılıb. Bunun 270-ə yaxını kotirovka sorğusu, 125-i isə açıq tender üsulu ilə həyata keçirilib. Yaxud əvvəlki dövrlərdən fərqli olaraq yaradılmış əlverişli biznes mühiti nəticəsində sahibkarların vergi xidmətinə etimadı və onun xidmətlərindən istifadə səviyyəsi yüksəlib. Nəticədə, vergi yığımlarında artıma nail olunub. Belə ki, ötən ilin 11 ayında muxtar respublikada Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 150 milyon manatdan çox vəsait daxil olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur. Qeydiyyatdan keçmiş, yəni qanuni fəaliyyət göstərən vergiödəyicilərinin sayı isə ilin əvvəli ilə müqayisədə 20 faiz artıb. Həmçinin muxtar respublikada başlanan “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox, təkcə oktyabr ayında isə 98,9 min manat ƏDV məbləği geri qaytarılıb. 
    Mövcud biznesin inkişafı və onun qanuni maraqlarının müdafiəsi məqsədilə “KOB dostu” şəbəkəsinin genişləndirilməsinə də mühüm önəm verilib. Ötən dövrdə Naxçıvan, Culfa, Şahbuz şəhərləri və Sədərək rayonunda “KOB dostu” ofisləri fəaliyyətə başlayıb ki, bu da kiçik və orta biznesin inkişafina şərait yaradıb, sakinlərin kiçik və orta bizneslə məşğulluğunu stimullaşdırıb. 
    Biznesin inkişafında mühüm amillərdən biri də sahibkarların güzəştli və uzunmüddətli kredit resurslarına çıxışının olmasıdır. Buna görə də muxtar respublikada biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Həmin vəsaitdən ilin 10 ayı ərzində sahibkarlara 1,4 milyon manatdan çox güzəştli şərtlərlə kredit verilib. 
    Bununla yanaşı, ötən bir il ərzində Naxçıvanda banklar da fəallaşıb, yeni bank filialları fəaliyyətə başlayıb. Təsadüfi deyil ki, qısa müddətdə muxtar respublikada KOB (kiçik və orta biznes) kreditləri üzrə ixtisaslaşdırılmış banklar tərəfindən sənaye və ticarətin inkişafı məqsədilə kreditlərin artımına nail olunub, ilin yanvar-oktyabr aylarında verilmiş kreditlərin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Pul ekvivalentinə gəlincə isə sənaye üzrə 40 milyon manata yaxın, ticarət üzrə 50 milyon manata yaxın kreditlər verilib. 
    Həyata keçirilən mühüm tədbirlərdən biri də muxtar respublikanın xammal potensialının yenidən qiymətləndirilməsi ilə bağlı görülən işlərdir. Məlumdur ki, muxtar respublikanın ərazisində 200-dən çox nəcib, qara və əlvan metallar, üzlük və bəzək daşları, kərpic və kirəmit gili, seolit, boksit, inşaat qumu, habelə yol tikintisi və beton üçün çınqıl, sement və əhəng xammalı, yeraltı içməli və müalicəvi termal su yataqları var. Muxtar respublika iqtisadiyyatına mühüm təsir göstərəcəyi nəzərə alınaraq bu potensialdan lazımınca istifadə olunması qarşıda duran mühüm vəzifələrdəndir. Bunun üçün ilkin olaraq Naxçıvan Muxtar Respublikasının mineral xammal ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 2023-cü ilin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşən geoloji kəşfiyyat işlərinin dövlət sifarişi hazırlanaraq ötən ilin iyul ayından işlərə başlanılıb. 
    Hazırda yataqlar üzrə geoloji təftiş işləri davam edir, bu sahəyə investisiya qoyuluşu üçün mineral və termal su mənbələrinin yerləri müəyyənləşdirilir, laborator analizlər aparılır və yataqların kadastrı hazırlanır. Yeri gəlmişkən, artıq əvvəlki illərdən fərqli olaraq muxtar respublika ərazisində qum və qum-çınqıl yataqlarının rəqabətli şəkildə istismarına da başlanılıb. 
    Yuxarıda sadalananlar Naxçıvanda aparılan islahatların və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən fəaliyyət planının əməli nəticəsidir. Görülən işlər isə bununla bitmir. Ümumilikdə, həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan iqtisadi tədbirlər dövlət orqanlarının strukturunun təkmilləşdirilməsinə, həmin orqanların xidməti fəaliyyətinin daha da yaxşılaşmasına və səmərəliliyinin artırılmasına, xarici investisiyaların cəlbinə, biznesin canlanmasına mühüm təsir göstərir. 
    Şübhəsiz ki, proqramın icrası yaxın gələcəkdə muxtar respublikanın yeni inkişaf perspektivlərinə nail olmaqla Naxçıvanın müasir dövrün çağırışlarına yüksək səviyyədə cavab verən regiona çevrilməsinə də öz təsirini göstərəcək.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 10.01.2024 12:11