AZ EN RU

Dövlət Proqramı çərçivəsində muxtar respublikada elektroenergetika sahəsində yenidənqurma və bərpa işləri aparılacaq

Ölkəmizdə elektroenergetika sahəsinə ciddi nəzarət və diqqət var. Diqqətin başlıca göstəricisi isə bu sahədə muxtar respublika ərazisində planlaşdırılan və hazırda icra olunan layihələrdir. Prezident cənab İlham Əliyevin müvafiq Qərarı ilə Naxçıvan Muxtar Respublikası, Şərqi Zəngəzur və Qarabağ bölgələrinin “yaşıl enerji zonaları” elan edilməsi, 500 meqavat həcmində günəş elektrik stansiyasının tikilməsi haqqında layihənin araşdırılması və gələcəkdə icra olunması kimi prioritetlər görülən işlərin bariz nümunəsidir. Bu layihə 2-ci Şuşa Qlobal Media Forumunda cənab Prezident tərəfindən yenidən vurğulanıb. 500 meqavat həcmində yeni stansiyanın tikilməsi və başqa məsələlər haqqında danışan dövlət başçısı Naxçıvan haqqında öz fikrini çıxışı zamanı yenidən dilə gətirərək “Naxçıvanla bağlı böyük planlarımız var” fikri ilə bildirib.

Bundan başqa, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət proqramı” çərçivəsində qəbul edilən 11 prioritet istiqamətdən biri də energetika sahəsində aparılacaq yenidənqurma və layihələndirmə işləri ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası ərzisində aparılacaq işlər və energetika sahəsində bizləri maraqlandıran bəzi suallar barədə ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin şöbə müdiri Miryunis Seyidovla söhbətləşdik:

– Miryunis müəllim, Naxçıvan Muxtar Respublikasında yeni tipli stansiyalar və yarımstansiyaların tikilməsi planlaşdırılırmı?

– Muxtar respublikada daha əvvəldən tikinti-quraşdırma işləri davam etdirilən 36 meqavat “Ordubad” SES və 15,6 meqavat “Tivi” SES-də işlərin davam etdirilməsi üçün, eyni zamanda dövlət-özəl tərəfdaşlığı ilə yeni istilik elektrik stansiyasının, eyni zamanda alternativ və bərpa olunan enerji mənbələri üzrə külək və günəş elektrik stansiyalarının qurulması istiqamətində Dövlət Proqramında aidiyyəti üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. İşlərin icrası üçün ilkin mərhələdə layihələndirmə işlərinin aparılması üçün müvafiq məsləhətçi şirkətlərlə danışıqlar aparılıb. İşlər muxtar respublika üzrə müəyyən əraziləri əhatə edəcəkdir ki, zamanla bu istiqamətdə daha dəqiq məlumat veriləcəkdir. Eyni zamanda Dövlət Proqramının 8.6.3. “Mövcud elektrik enerjisi xətlərinin və yarımstansiyaların müasir tələblərə uyğun olaraq yenidən qurulması” bəndində göstərilmiş istiqamətlər üzrə Sədərək rayonunda 110/35/10 və 35/10 kV-luq “Sədərək” yarımstansiyalarının, Babək rayonunda 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasının, Culfa rayonunda 35/10 kV-luq “Əbrəqunus” yarımstansiyasının müasir tələblər çərçivəsində yenidən qurulması üçün, ilkin layihələndirmə işlərinin aparılmasına görə Dövlət satınalmalarının vahid internet portalında tender müsabiqələri keçirilib.

 – Dövlət Proqramı çərçivəsində hazırda görülən işlər nədən ibarətdir?

– Muxtar respublikada olan elektroenergetika infrastrukturunda, elektrik enerjisinin istehsal, ötürmə və paylama səviyyəsində bütün sahələrini əhatə etməklə yenidənqurma işlərinin aparılması, yeni texnoloji qurğu və avadanlıqların tətbiqi, ötürücü yüksək, orta və alçaqgərginlikli elektrik xətlərinin yenilənməsi, ötürücü və paylayıcı yarımstansiyaların, inzibati binaların yenidən qurulması, müvafiq kəndlərin elektrik təsərrüfatının tam yenilənməsi və bu kimi digər işlərin icra edilməsi ilə elektrik enerjisi tələbatçılarının daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçiriləcəkdir.

– Maraqlıdır, alternativ enerji ilə 100 faizlik bir enerji tələbatın ödəmək mümkündürmü? Əgər ödəmək mümkündürsə, digər enerji mənbələrinin rolu nədən ibarətdir?

– Elektrik enerjisi istehsalında ənənəvi enerji istehsalı mənbələri ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrinin də payı üstünlük təşkil edir. Belə ki, muxtar respublikada ümumi gücü 244.8 meqavat olan elektrik stansiyalarının 107.8 meqavat hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. İlin müəyyən fəsillərində çayların sululuq dərəcəsinin müxtəlif olması, günəşli günlərin sayı, küləklərin olması və bu kimi digər göstəricilər elektrik enerjisinin istehsalına təsir göstərən amillərdəndir. Bu gün Naxçıvanda ümumi enerjinin 50 faizdən artıq hissəsi alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir. Elektrik enerjisi sistemində dayanıqlılığın saxlanılması üçün böyük güclü istilik elektrik stansiyalarının rolu da əvəzedilməzdir. Bu bizə tələbat olduğu anda istədiyimiz gücü enerji sisteminə ötürməyə imkan verir.

– Alternativ enerji vasitəsilə istehsal olunan enerji toplanaraq daha sonra istifadə oluna bilərmi ?

– Bəli, saxlanc sistemlərinin tətbiq edilməsi ilə istehsal olunan elektrik enerjisi toplanaraq günün müxtəlif vaxtlarında elektrik enerjisi şəbəkəsinə buraxıla bilər.

– Naxçıvan Muxtar Respublikasının bəzi bölgələrində artıq istifadəyə yararsız elektrik dirəkləri dəyişdirilir. Bu proses ümumi muxtar respublika üzrə davam edəcək mi? Yararsız elektrik avadanlıqları üçün hansı tədbirlər görüləcək?

– Dövlət Proqramının 8.6.3.2.1. “20 kəndin 10 kV-luq və 0,4 kV-luq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulması” altbəndinin icrası işləri çərçivəsində, təyin olunmuş kəndlər üzrə elektrik təsərrüfatının tam yenidən qurulması həyata keçiriləcəkdir. Bununla əlaqədar bayaq da qeyd etdiyimiz üzrə olaraq, dövlət satınalmalarının vahid internet portalında tender müsabiqələri keçirilir. Eyni zamanda şəbəkələri əhatə edən digər yerlərdə də bu kimi tədbirlərin icrası tərəfimizdən davam etdirilir. Həmin işlər üzrə müxtəlif gərginlik nominallı elektrik verilişi xətləri, elektrik dirəkləri, transformator məntəqələri və bu kimi digər əsas və köməkçi qurğu və avadanlıqlar təmir olunur və yaxud dəyişdirilərək yenisi ilə əvəz olunur.

– Suallarımıza ətraflı cavab verdiyiniz üçün təşəkkürlər.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 26.07.2024 09:53