AZ EN RU

Dövlət orqanlarında inzibati vəzifələrin tutulması üçün test imtahanları keçirilir

    Naxçıvan Muxtar Respublikasında dövlət idarəçiliyi sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri də müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının peşəkar kadrlarla komplektləşdirilməsidir. Buna uyğun olaraq da Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqənin test mərhələsinə start verilib. 
    Müsabiqəyə çıxarılmış 52 vakant vəzifənin tutulması üçün 293 müraciət qeydə alınıb. Müraciət edənlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi birinci pillədə qərarlaşıb – 103 namizəd. Daha çox müraciətin qeydə alındığı digər dövlət orqanı isə Maliyyə Nazirliyidir ki, burada müvafiq vəzifələrin tutulması üçün 53 namizəd qeydiyyatdan keçib. Ən sıx müsabiqə vəziyyətinin yarandığı dövlət orqanları isə Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat nazirlikləridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsi Kəngərli rayonu üzrə məsləhətçi vəzifəsi üzrə 83, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi İqtisadi təhlil və proqnozlaşdırma şöbəsində İnfrastruktur, analitika və icmal sektoru aparıcı məsləhətçi vəzifəsinin tutulması üçün isə 51 namizəd qeydiyyatdan keçib. 
    İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla cəmi 100 sual təqdim olunur, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir.
    19-23 iyun tarixləri əhatə edən test imtahanında obyektivliyin və şəffaflığın tam təmin olunması məqsədilə imtahanın videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında (www.ndim.gov.az) yerləşdirilir. Test imtahanlarında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Naxçıvan Muxtar Respublikası
 Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 20.06.2023 19:00