AZ EN RU

Dövlət Orqanları İşçilərinin Reyestri Proqramı təqdim edilib

    Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzində keçirilən tədbiri giriş sözü ilə mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir. İnnovativ yeniliklərin tətbiqinin davam etdirilməsi nəticəsində mərkəzin 2 proqram təminatı yenidən işlənib ki, onlardan biri də bu gün təqdim olunan Dövlət Orqanları İşçilərinin Reyestri Pro­qramıdır. 
    Bildirilib ki, reyestrin idarə olunması, məlumatların avtomatlaşdırılmış qaydada toplanması, dəyişdirilməsi, saxlanılması, mühafizəsi, həmçinin sorğu əsasında əldə edilməsi xüsusi proqram təminatı vasitəsilə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Yeni proqram işçilərin “elektron şəxsi işi”nin yaradılmasına imkan verir.
    İsmayıl Qəribli deyib ki, reyestrin yaradılmasında məqsəd dövlət orqanlarında xidmət keçən işçilər haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması və digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. 
    Sonra mərkəzin baş məsləhətçisi Məmməd Babayev çıxış edərək slayd vasitəsilə Dövlət Orqanları İşçilərinin Reyestrinin aparılması qaydaları haqqında məlumat verib.
    Sonda dövlət orqanlarının səlahiyyətli nümayəndələrinə istifadəçi adı və şifrələr təqdim olunub, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 25.02.2022 22:47