AZ EN RU

Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbirlər keçirilib

    Oktyabrın 18-də Naxçıvan Dövlət Tarix Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Müstəqilliyimiz əbədidir” mövzusunda interaktiv dərs keçilib.
    İnteraktiv dərsdə Azərbaycanın azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə dolu zəngin tarixi ilə bağlı məlumat verilib. Bildirilib ki, 1918-ci ildə ölkəmizdə ilk demokratik respublika yaradan Azərbaycan xalqı daha sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində milli azadlığından, dövlət müstəqilliyindən məhrum olmuş, 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə yaradılan tarixi fürsəti dəyərləndirərək öz dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmişdir. Bu aktla da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir. 
    Tarix dəfələrlə sübut edib ki, əvəzsiz milli sərvət olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də məhz bu missiyanı yerinə yetirmiş, görkəmli dövlət xadiminin rəhbərliyi ilə Ali Məclisin sessiyalarında dövlət müstəqilliyi ilə bağlı tarixi qərarlar qəbul olunmuş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülmüş, sovet qoşun hissələri Naxçıvandan çıxarılmış, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli ordu hissələri yaradılmışdır. 
    Dərsdə vurğulanıb ki, ötən illər ərzində müstəqil Azərbaycan Respublikası böyük sınaqlardan keçərək möhkəmlənmişdir. Bu gün qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu siyasi kursun uğurla davam etdirilməsi faktı dayanır. Aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasının qazandığı bugünkü nailiyyətlər məhz dahi liderin muxtar respublika haqqında düşüncə və arzularının uğurla yerinə yetirilməsinin göstəricidir. 
    Məlumat verilib ki, 2022-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra artıq iki ildir ki, bu bayramı tam fərqli olaraq öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etdiyi üçün 2021-ci il 15 oktyabr tarixdə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilib. 
     Sonra şagirdlərin diqqətinə çatdırılıb ki, muxtar respublikamızın ən ucqar dağ kəndlərində belə yeni məktəb binalarının inşası, maddi-texniki bazasının möhkəmləndirilməsi, gələcəyimiz olan uşaqların müasir tədris şəraiti yaradılan məktəb binalarında təhsil alması müstəqilliyimizin bəhrələridir.
    Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib. 

*  *   *

    Naxçıvan Müəllimlər İnstitutunda 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İlk olaraq çıxış edən institutun rektoru Azad Novruzov tədbir iştirakçılarını 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
    Rektor müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Çıxışda 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məğlubedilməz ordumuzun qələbəsinin müstəqilliyimizin ən parlaq qələbəsi olduğu qeyd edilib. Rektor çıxışınını sonunda müstəqilliyimizin əbədi olması üçün gələcək müəllimlərin üzərinə düşən vəzifələrdən söz açıb.

    Tədbirdə Humanitar və ictimai fənlər kafedrasının müdiri Aslan İbrahimov “Müstəqilliyimizin bərpası və qorunması xalq-dövlət birliyinin tarixi nailiyyətidir” mövzusunda çıxış edib. Çıxışda dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs edilib.
    İnstitut tələbələrinin iştirakı ilə hazırlanan bədii hissədə vətənpərvərliyə həsr olunmuş müxtəlifməzmunlu şeirlər qiraət olunub, xor və solo mahnılar ifa edilib. 13-14 oktyabr tarixlərdə keçirilmiş 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat yarışlarının qaliblərinə rektor tərəfindən diplomlar təqdim edilib.
    Sonda tələbələrin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.10.2022 20:46