AZ EN RU

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-ci ildönümü qeyd edilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd edilib.
Kollektiv öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. 
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında davam etdirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev əlamətdar günün  mahiyyətinə toxunaraq miqrasiya sahəsində dövlət siyasəti və bu istiqamətdə reallaşdırılan sistemli tədbirlər barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə milli təhlükəsizliyin, iqtisadi  maraqların qorunması, miqrasiya proseslərinin idarə edilməsi və hərəkətliliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli Fərmanı ilə yaradılan Dövlət Miqrasiya Xidməti bu gün milli inkişaf strategiyasının reallaşdırılmasına, beynəlxalq imicin daha da artırılmasına, habelə təhlükəsizliyin və sabitliyin təmin olunmasına öz töhfəsini vermək əzmindədir. Ölkə başçısının 2010-cu il 17 mart tarixli Sərəncamı ilə isə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirilməsi sosial-iqtisadi və mədəni tərəqqi baxımından yeni tarixi mərhələnin əsasının qoyulması ilə nəticələnməkdədir. Bu baxımdan da muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və innovativ metodlarla tənzimlənməsi, vətəndaşlara göstərilən elektron xidmətlərin yüksək səviyyədə təşkili, vətəndaşla dövlət orqanı arasında şəffaflığın artırılması və əsas sahələrdən biri kimi kadr potensialının daha da gücləndirilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ciddi nəzarətdə saxlanılır.
“Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi zamanı dövlət qayğısını daim öz üzərində hiss etmişdir”-deyən xidmət rəisi əlavə edib ki,  Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə göstərilən yüksək etimad, ali diqqət və davamlı qayğı bizlər üçün qürurverici olmaqla bərabər, məsuliyyətimizi daha da artırır. Dövlət Miqrasiya Xidməti görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü-“Heydər Əliyev ili”ndə də fəaliyyətini beynəlxalq standartlara uyğun qurmağa, ölkə Prezidentinin fərman və sərəncamlarını, tapşırıq və tövsiyələrini rəhbər  tutaraq işini müasir tələblərə uyğun həyata keçirməyə, xalqa, dövlətə və dövlətçilik ənənələrinə sadiq qalmağa çalışacaqdır.
Sonda Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup əməkdaş təltif edilib.

Nəşr edilib : 17.03.2023 14:33