AZ EN RU

Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən keçilən təlimlər yekunlaşıb

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən 9-10 avqust 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikasında yerləşən mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə orqanları və digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına təlim keçilib. 

    10 avqust tarixdə yerli icra hakimiyyəti orqanları və məhkəmə orqanlarının qulluqçuları üçün keçirilən təlimdə Mərkəzin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi”, Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov “Dövlət qulluğu sahəsində təlimlər”, Dövlət qulluqçularının reyestrinin aparılması və ehtiyat kadrların qeydiyyatı sektorunun müdiri Sakit Əliyev isə “Dövlət qulluqçularının Reyestrinin aparılması qaydaları” mövzularında təqdimatlar ediblər.
    Təlimdə Mərkəzin əməkdaşları tərəfindən iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi”, “Dövlət Qulluğu – Vəzifələrin İdarə edilməsi Sistemi” və “Dövlət Qulluğu – Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə, dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin təşkili və keçirilməsi qaydaları və digər məsələlər barədə məlumat verilib.
    Təlimin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
    Qeyd edək ki, təlimdə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının 37, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının 23 nümayəndəsi olmaqla, ümumilikdə, 60 dövlət qulluqçusu iştirak edib.
    Təlimdən sonra Mərkəzin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev “Şərq qapısı” qəzetinə müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
    – Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul qaydalarının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməsi prosesinə başlanılıb. Reallaşan təlimlərin əsas məqsədi görüləcək işlərin Naxçıvan Muxtar Respublikasında səmərəli həyata keçirilməsinin təşkili və bu sahədə mütəxəssisləri, dövlət qulluqçularını məlumatlandırmaqdan ibarətdir. Dövlət İmtahan Mərkəzi dövlət orqanlarının reyestrini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə birgə aparır. Artıq Naxçıvan Muxtar Respublikasının dövlət orqanları da həmin reyestrə inteqrasiya olunacaq. Bununla yanaşı, bütün məlumatlar, ştatlar, dövlət rüsumları barədə qeydlər vahid bir mərkəzdə aparılacaq. 
    Qeyd edək ki, müəyyən olunmuş  yeni qaydalara əsasən həm test imtahanlarının, həm də müsahibə mərhələsinin Naxçıvanda keçirilməsi nəzərdə tutulur. Test imtahanlarının qrafiki Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən olunur. Müsahibə onlayn, test imtahanı isə iştirakçıların sayından asılı olaraq kağız və elektron qaydada həyata keçiriləcək. Bütün bu işlər Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsində təşkil olunacaq. 
   Ümumiyyətlə, dövlət qulluğu vəzifələrinin tutulması üsulu konkret olaraq müsahibə əsasında həyata keçirilir. Bəzi qurumlarda vəzifələr müsahibə ilə tutulanadək müddətli əmək müqaviləsi ilə təyin olunur. Ancaq istənilən halda təyinat müsahibə mərhələsi ilə olmalıdır. Vəzifə yaranırsa, 1 ay müddətində onun ya müsahibə, ya da daxili müsahibə ilə tutulması üçün qərar qəbul edilməlidir. Qərar qəbul edildikdən sonra müsahibə elanları verilir. Qeydiyyat müddəti, təxminən, 30 gün müəyyən olunur. Prosesin yekunlaşması isə 2-3 ay çəkə bilir. 

    Qeyd etmək yerinə düşər ki, əvvəllər Naxçıvanda təşkil olunan imtahanlarda iştirak edənlərə sertifikatlar vəzifə qeyd olunaraq təqdim edilirdi. Bildiyiniz kimi, sertifikat müvafiq qaydalara əsasən – altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunmalıdır. Yəni sertifikatda vəzifə qeyd edilmir. Baxmayaraq ki, əvvəllər Naxçıvanda fərqli formatda sertifikatlar verilsə də, imtahandan keçənlərin nəticələrinin nəzərə alınması ilə bağlı məsələlər müzakirə olunur. Bildiyiniz kimi, test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun şəkildə test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Əvvəllər Naxçıvanda tətbiq edilən qaydada imtahandan müvəffəqiyyətlə keçən şəxslərin sertifikatları qanun çərçivəsində nəzərə alınacaq. Çünki həmin şəxslər də, nəticədə, imtahandan müvəffəqiyyətlə keçiblər, onların da hüquqları müəyyən bir qaydada təmin olunmalıdır. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 10.08.2023 21:00