AZ EN RU

Dövlət icbari şəxsi sığortası üzrə 47 nəfərə ödənişlər verilib

    Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına qayğı, onların maddi-mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Ölkə başçısı onların güzəranının yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayır, onlar mənzil və avtomobillərlə təmin edilir. Eyni zamanda bu qəbildən olan şəxslərin pensiya və müavinətlərinin artırılması istiqamətində bir çox işlər görülür. Dövlət icbari şəxsi sığortasının ödənilməsi də onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biridir. 
    Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə  hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fonduna həvalə edilib. Ölkə başçısının 18 iyun 2021-ci il tarixli digər Fərmanına əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olan dövlət icbari şəxsi sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu təmin edir.
    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu istiqamətdə muxtar respublikada dövlət icbari şəxsi sığorta ödənişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə verilməsi üçün müvafiq işlər görülmüşdür. Belə ki, fond tərəfindən 2022-ci il ərzində 47 hərbi qulluqçuya icbari şəxsi sığorta ödənişi verilib. Bunlardan 5-nə vəfat etdiyinə, 27-nə sağlamlıq imkanlarının məhdudluğuna, 15-nə isə xəsarət aldığına görə sığorta ödənişi verilib. Sığorta ödənişi verilən hərbi qulluqçuların 18-i Vətən müharibəsində iştirak etmiş şəxslərdir. Dövlət icbari şəxsi sığorta ödənişi alan şəxslərə, ümumilikdə, 196 min 900 manat vəsait verilmişdir.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 30.12.2022 20:58