AZ EN RU

Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi qaydası təsdiq edilib

Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi üçün proaktiv və ya müraciət əsasında təyinatın aparılması proseduru, sığorta ödənişinin ödənilməsi ilə bağlı müddəalar müəyyən edilib.

Qərara əsasən dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi üçün dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərindən sığorta ödənişi almaq hüququ olan şəxs barəsində məlumatlar daxil olduqda “Dövlət icbari şəxsi sığorta” altsistemi vasitəsilə proaktiv qaydada təyinat aparılır. Proaktiv təyinat aparılması mümkün olmayan hallarda sığorta ödənişinin verilməsinə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciəti əsasında baxılır.

Sığorta ödənişinin verilməsi ilə bağlı xidmətlər (müraciətlərin qəbulu, sığorta ödənişi almaq hüququ olan şəxslər barədə məlumatların yoxlanılması, sığorta ödənişinin təyin edilməsi və s.) nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə göstərilir.

Sığorta ödənişi almaq hüququ olan şəxslər fondun müvafiq struktur bölmələrinə və nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə müraciət edirlər.

Nəşr edilib : 22.02.2023 16:16