AZ EN RU

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşları Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti 26 İyun – Silahlı Qüvvələri Günü münasibətilə Hərb Tarixi Muzeyini ziyarət ediblər.

Muzeyin bələdçisi ziyarətçilərə ətraflı məlumat verib. O, qeyd edib ki, Hərb Tarixi Muzeyi müdafiə nazirinin əmri ilə 1992-ci il dekabrın 10-da yaradılıb. İki mərtəbə və 13 zaldan ibarət muzey Azərbaycanın hərb tarixini və hərb sənətini ayrı-ayrı dövrlər üzrə ekspozisiya və vitrinlərdə əks etdirir.

Muzeydə dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, ona məxsus sənədlər və əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri nümayiş olunur.

Muzeydə Azərbaycanın Milli Qəhrəmanlarına aid ayrıca zal var.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti şəhidlərə həsr olunmuş stendin qarşısında dayanaraq, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin və gömrük əməkdaşı Ülvi Hacıyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yeri gəlmişkən xatırladaq ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyev Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Muzeyin dəyərli eksponatlarından olan, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın maketləri ziyarətçilərdə böyük maraq doğurub. Ziyarətçilərə tanklar, piyada döyüş maşınları, təyyarə və helikopterlər, Hərbi Hava Qüvvələrində iastifadə edilən vasitələr, Hərbi Dəniz Qüvvələrinin silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında məlumat verib.

Azərbaycan Hərb Tarixi Muzeyi ordumuzun şanlı tarixinin təbliğində mühüm rol oynayır. Muzeydə bir neçə əsr əvvəl istifadə edilən silahlardan tutmuş hazırda Azərbaycan Milli Ordusunda istifadə edilən müasir silahların maketləri və həqiqi vahidləri nümayiş olunur. Qarabağ müharibəsi dövründə istifadə edilən silahlar, şəhid hərbçilərə məxsus geyimlər, şəxsi əşyalar, həmçinin, açıq havada nümayiş olunan 130-dan artıq hərbi texnikalara baxış ziyarətçilərdə xoş təəssürat yaradıb.

Nəşr edilib : 25.06.2024 16:13