AZ EN RU

Dövlət Energetika Xidmətində ötən il görülmüş işlər müzakirə olunub

Bu münasibətlə keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək bildirib ki, ötən il xidmət tərəfindən elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılmış, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos yarımstansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi işləri davam etdirilib.
Bildirilib ki, 2023-cü  ilin 12 ayı  ərzində  muxtar  respublikanın  elektrik  şəbəkələrinə  507 283 561  kVt·saat  elektrik  enerjisi daxil olub,  bunun  32 714 000 kVt·saatı İran İslam Respublikasından alınıb, 46 411 416  kVt·saatı Araz Su Elektrik Stansiyasında, 26 560 700 kVt·saatı Biləv Su Elektrik Stansiyasında,  19 120 300 kVt·saatı Arpaçay-1  Su  Elektrik Stansiyasında,  327 400 kVt·saatı Arpaçay-2 Su Elektrik Stansiyasında, 1 970 900 kVt·saatı “H.Əliyev” Su Anbarı üzərindəki Su Elektrik Stansiyasında, 318 254 000 kVt·saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 1 408 137 kVt·saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 60 516 708 kVt·saatı Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilib elektrik şəbəkələrinə ötürülüb. Ötən il İran İslam Respublikasına 33 341 000 kVt·saat elektrik enerjisi verilib.
Vurğulanıb ki, ötən il elektrik stansiyalarında 474 569 561 kVt·saat elektrik enerjisi istehsal edilib sistemə ötürülüb ki, bu enerjinin 94 390 716  kVt·saatı və ya 19,89 faizi Su Elektrik stansiyalarında, 319 662 137 kVt·saatı və ya 67,36 faizi İstilik Elektrik stansiyalarında, 60 516 708 kVt·saatı və ya 12,75 faizi Günəş Elektrik Stansiyasında istehsal olunub sistemə ötürülüb. Eyni zamanda 2023-cü ilin 12 ayı ərzində alternativ və bərpaolunan enerji  mənbələrində 154 907 424 kVt·saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu,  stansiyalar  üzrə  sistemə  ötürülən  ümumi enerjinin 32,64 faizini təşkil edir.
Xidmət rəisi diqqətə çatdırıb ki, ötən il Şərur rayonunda gücü 8 MVt olan Günəş Elektrik Stansiyasının ərazisində yeni 3 MVt gücündə Günəş Elektrik Stansiyası istismara verilib, stansiyanın gücü 11 MVt-a, muxtar respublikadakı elektrik stansiyalarının ümumi generasiya gücü 244,8 MVt-a, Günəş Elektrik stansiyalarının ümumi gücü 39 meqavata, illik istehsal gücü 58,5 milyon kilovatsaata çatdırılıb.       
Araz çayı üzərində muxtar respublikanın ən böyük su elektrik stansiyası olacaq derivasiya tipli 36 meqavat gücündə “Ordubad” və Ordubad rayonu ərazisində Gilançayın Tivi qolu üzərində 15,6 meqavat güclü derivasiya tipli “Tivi” Su Elektrik Stansiyalarında isə tikinti-quraşdırma işləri qismən davam etdirilib. 
Xidmət rəisi vurğulayıb ki, 2023-cü il ərzində muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını apararaq sayğacların göstəriciləri əsasında enerji haqqının ödənilməsi təmin edilib, il ərzində abonentlərə 1247 ədəd yeni elektrik sayğacı quraşdırılıb. Naxçıvan, Babək, Şərur və Culfa şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkart tipli sayğacların qoyulması işləri davam etdirilib və hazırda bu tip sayğacların sayı 32163 ədəd təşkil edir.
Sonra məruzə ətrafında çıxışlar olub, müzakirələr aparılıb. 


Səbuhi HƏSƏNOV

 

Nəşr edilib : 03.02.2024 15:40