AZ EN RU

Dövlət Bayrağı Muzeyində Naxçıvanın muxtariyyətinə həsr olunmuş interaktiv dərs keçilib

    Fevral ayının 10-da Dövlət Bayrağı Muzeyi ilə Ordubad rayon Xanağa kənd tam orta məktəbi arasında “Naxçıvanın muxtariyyəti: dünən və bugün” mövzusunda interaktiv dərs keçirilib.
    Muzeyin bələdçisi tərəfindən aparılan dərsdə muxtariyyətin tarixi haqqında ətraflı məlumat verilib.Bildirilib ki, ötən əsrin əvvəllərində Naxçıvan  tarixi torpağımız olan Zəngəzurun itirilməsi ilə Azərbaycanın əsas hissəsindən ayrı düşüb.Yaranmış fürsətdən istifadə edən  erməni millətçiləri Naxçıvanı tutmaq üçün hər cür vasitələrə əl atıblar. Lakin qəhrəman naxçıvanlıların,dövrün vətənpərvər ziyalılarının inadlı müqaviməti bölgənin işğal edilməsinə yol verməyib. 1921-ci ildə Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verib. Qeyd olunub ki,Naxçıvanın muxtariyyət statusu qazanmasında Moskva və Qars müqavilələrinin müstəsna əhəmiyyəti var.
   Dərsdə vurğulanıb ki, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” , – deyən Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər diyarın hərtərəfli inkişafını təmin edib. 
    Şagirdlərin  diqqətinə çatdırılıb ki, ölkə Prezidenti cənab İlham Əliyev bu tarixi günlə bağlı 2009-cu il fevralın 6-da xüsusi Sərəncam imzalayıb.Ölkə başçısının ötən dövrdə muxtar respublikanın müdafiə, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi yolunda atdığı mühüm addımlar Naxçıvanın hərtərəfli inkişafına təkan verib.
    Dərsin sonunda  muzeyin ekspozisiyası haqqında ətraflı məlumat verilib.
    Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın ümumtəhsil məktəbləri tərəfindən izlənilib.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.02.2023 19:46