AZ EN RU

Dövlət Bayrağı Muzeyində açıq dərs keçilmişdir

    Noyabrın 17-də Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Naxçıvanın bayraqları” mövzusunda açıq dərs keçilib.
    Dövlət Bayrağı Muzeyində keçilən açıq dərsdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı Anar Təhməzli bildirib ki, növbəti açıq dərs Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının 2022-2023-cü tədris ilində icrası ilə bağlı keçilir.  
    Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
      Vurğulanıb ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur.
    Açıq dərsdə Dövlət Bayrağı Muzeyinin direktoru Rəmzi Hüseynov “Naxçıvanın bayraqları” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı mərhələlərinin, böyük ədəbi-tarixi şəxsiyyətlərinin, xüsusən də dövlət rəmzlərinin öyrənilməsi, xalqa çatdırılması elmi cəhətdən olduğu kimi, siyasi-ideoloji baxımdan da son dərəcə əhəmiyyətlidir. 
      Açıq dərsdə mövzu ilə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb. Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.11.2022 21:57