AZ EN RU

Dövlət ailə siyasətinin banisi - Ulu Öndər Heydər Əliyevdir

Bu gün “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və ailə siyasəti” mövzusunda konrans keçirilib.

Konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra konfransı giriş sözü ilə açan “Naxçıvan” Universietinin rektoru, dosent Anar Kazımov xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə  2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib:

 “Təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Liderin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin bütün mərhələlərinin dərindən öyrənilməsi, Heydər Əliyev irsinin və ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə il ərzində universitetdə çoxsaylı tədbirlərin keçirilməsi davam edəcək”

Onun sözlərinə görə, ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edib:

“Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şərait yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığını etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə və inkişafına gətirib çıxarır.”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Söz yox ki, nəhəng şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Ulu öndər Heydər Əliyev öz xatirələrində qeyd edirdi: "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib...”.

Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu və siyasi irsini əks etdirən videoçarxın nümayişindən sonra "Pedaqogika və psixologiya" kafedrasının baş müəllimi Nübar Səfərli və "Pedaqogika nəzəriyyəsi və tarixi" ixtisası üzrə I kurs magistrant İlahə Əliyevanın məruzələri dinlənilib. Məruzələrdə milli-mənəvi dəyərlərin qorunmasında ailə siyasətinin rolundan bəhs olunub. Qeyd edilib ki, Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Ulu Öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib

Bədii hissə ilə davam edən konfransda iştirakçılar tələbələrin ifasında musiqi və şeir parçalarını da dinləyiblər.        

Nəşr edilib : 05.05.2023 16:32