AZ EN RU

Dostluğa sadiq şəhidimiz

Ramazan Əbülfət oğlu Göydağlı

04.02.1997 – 28.10.2020

    Ramazan çox qayğıkeş, ağıllı, hər şeyi fikirləşən oğul idi. Sanki məktəbdə oxuduğu vaxtdan şəhid olacağını bilirdi. Düzünü deyim ki, zəif oxuyurdu. Sinif yoldaşlarının uğurlarına çox sevinirdi. Bir dəfə X sinifdə oxuyanda sinif yoldaşlarına deyib ki, sizin on ildə qazandığınızı mən on gündə qazanacağam.

    Balaca vaxtı o qədər şuluqçu olub ki, sözlə ifadə etmək çətindir. Hara aparırdımsa, köynəyindən yapışırdım ki, getsə, tapa bilməyəcəyəm. Özü harasa tək gedəndə bir şuluqluq salmalıydı. Ona görə də yanıma gəlmək istəmirdi ki, şuluq etməsini əngəlləyəcəyəm. IX sinfə qədər məktəbdə də nadinclik edib. Amma sonra tamam dəyişdi. Gördük ki, həmin uşaqdan əsər-əlamət qalmayıb.
    Ramazan çox yerlərdə işləmişdi. Bakıda, Qazaxıstanda, Türkiyədə, Naxçıvan şəhərində. Hər yerdə də hörmət qazanmışdı. Hətta şəhid olanda biz burada, dostları Masazırda ona yas saxlayırdılar. Haraya gedərdi, mütləq onun çoxlu dostları olardı həmin yerdə. Çox mehriban, ürəyi təmiz, dostluğa sadiq idi Ramazan.
    Polis məktəbinə sənədlərin vermişdi. Gedib imtahanda da iştirak etdi. Sonra məktəbdən kəndin sahə müvəkkilinə zəng vururlar ki, Ramazan Göydağlı gəlsin məktəbə. Sahə müvəkkili də Ramazana deyir. Ramazan razı olmur, imtina edir. Deyir ki, mən hərbçi olacağam.
    Müharibəyə gedən günü evə gəldi. Otağına girdi. Evin hər yerini gəzdi. Dedi ki, ana, mən Füzuliyə gedirəm. Gedəndə qohumumuz apardı. Yolda ona deyib ki, gedirəm ya əsl hərbçi olacağam, ya da heç vaxt işləməyəcəyəm. Getdi. Dediyi kimi də oldu. Canını Vətəninə fəda etdi.
    Gedəndən hər danışdıqca deyirdi ki, ana, hər şey yaxşıdı. Bir dəfə də olsun müharibədən, çətin vəziyyətdən danışmadı. 
    Şəhid olan gecəsi yuxuda gördüm ki, bacımla Ramazan Kərbəlaya gedir. Demək, mən o yuxunu görəndə Ramazan şəhid olub. Səhər durdum. Yuxunu fikirləşə-fikirləşə həyəti süpürürdüm. Birdən başımı qaldırdım ki, bütün ağacların yarpaqları hamısı başlarını aşağı salıb. Mən üç ildir ki, yaşadığım o anın təsirindən hələ də çıxa bilməmişəm. Hər zaman deyirəm ki, o ağaclar, bitkilər mənə balamın şəhid xəbərini verib. 
    Bizim balalarımızın hər biri qəhrəmandır! 

Nəşr edilib : 16.02.2024 16:13