AZ EN RU

Dost, qardaş ölkənin qonaqpərvər diyarında qazanıldığı üçün ikiqat fəxarət bəxş edən qələbə

    Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. 9 turdan ibarət olan olimpiadanın qalibi Türkiyə Respublikasının “Türkiyə-Red” komandası olub. Qardaş ölkənin təmsilçisi 9 oyundan maksimum xal (18 xal) toplayaraq, tarixdə ilk dəfə olimpiadada fəxri kürsün ən yüksək pilləsinə qalxıb. 23 ölkənin 34 komandasının mübarizə apardığı yarış gərgin anları ilə yadda qaldı. Xüsusilə olimpiadada 50 titullu zəka sahibinin mübarizə aparması yarışın hansı səviyyədə keçdiyinin əyani göstəricisidir. Digər tərəfdən turnirin ən reytinqli 3 komandasından ikisinin fəxri kürsüyə qalxa bilməməsi muxtar respublikaya gələn digər komandaların gücündən xəbər verir. Gərgin və çətin mübarizə şəraitində keçən qarşılaşmalardan öncə şahmatçıların Naxçıvanın tarixi abidələrinə ekskursiyaları, onların vaxtlarının səmərəli təşkili olimpiadaya ayrıca gözəllik qatdı. Olimpiada ilə bağlı digər maraqlı fakt isə odur ki, sonuncu dəfə Türkiyənin Çorum şəhərində təşkil olunan yarışda qalib adını Azərbaycan yığması qazanmışdı. Ardınca Azərbaycanda təşkil olunan olimpiadada isə qızıl medal “Türkiyə” komandasına qismət olub.

    Olimpiadanın mükafatlandırma mərasimindən sonra qalib komandanın kapitanı və üzvlərinin fikirlərini öyrəndik: 
    Cəmil Ağamalıyev (“Türkiyə-Red” komandasının kapitanı): “Azərbaycanlı olaraq öz torpağımda qalib gəlmək, bu kuboku başımız üzərinə qaldırmaq hissini sözlə ifadə etmək çətindir. Komandamızın üzvlərilə qürur duyuram. Uzun müddətdir, olimpiadaya hazırlaşırdıq və çətin keçəcəyini bilirdik. Naxçıvana 3 komanda ilə gəlmişdik və hər birimiz də sonda  çempion olmaq arzusunda idik. Nəhayət, bu bizə qismət oldu. Digər komandalarımız da əla oyun nümayiş etdirdi. Olimpiadada iştirak edən hər bir şahmatçıya gələcəkdə daha böyük uğurlar arzulayıram. Təşkilatçılıq isə mükəmməl idi, hər şey ən xırda detala qədər düşünülmüşdü. Bu yüksək səviyyəli təşkilatçılıq üçün hər kəsə dərin minnətdarlığımı bildirirəm”.

    Eray Kılıç (“Türkiyə-Red” komandasının üzvü): “Olimpiadada birinci lövhədə ikincilik əldə etdim. Bu, çox gözəl və mükəmməl duyğudur. Burada – dost və qardaş Azərbaycanın gözü olan Naxçıvanda qalib gəlməyimiz unudulmaz qələbədir. Naxçıvan gözəl məmləkətdir. Burada xeyli mağazalar, ticarət mərkəzləri var. İnsanlarla isti münasibət qurduq. Ən əsası onlarla rahat ünsiyyətdə idik. Vaxt olduqca, Azərbaycan komandalarının oyunlarını izlədim. Çox yaxşı bazaları var və əla oynayırlar”.
    Taha Özkan (“Türkiyə-Red” komandasının üzvü): “Türkiyə-Red” komandasının heyətinə İstanbuldan dəvət olunmuşam. Olimpiadada üçüncü lövhədə mübarizə aparırdım və bu lövhənin qalibi oldum. Komanda olaraq uğur əldə etmək, çempion olmaq məni çox sevindirdi, çox xoşbəxtəm. Naxçıvanda keçirilən olimpiadaya Türkiyə 3 komanda ilə gəlmişdi və hər birimiz qalib olmağa iddialı idik. 9 oyundan 7,5 xal topladım. “İran” komandası yarışın favoriti idi və onlarla görüşdə qələbə qazana bildim. Etiraf edim ki, oyunda onlar bizi bir az da çətinə sala bilərdilər, nədənsə yetərincə peşəkar oyun nümayiş etdirə bilmədilər. Turnir ərəfəsində qarşılaşdığımız ən çətin rəqib “Özbəkistan” komandası oldu. 3 bərabərlikdən sonra mənim qazandığım çətin qələbə komandamıza xal gətirdi. Bu qələbə dost, qardaş ölkənin qonaqpərvər diyarında qazanıldığı üçün ikiqat fəxarətlidir”.
    Çəlik Həsən Hüseyn (Türkiyə-Red komandasının üzvü): “Türkiyə-Red” komandasının heyətində ikinci lövhədə çıxış edirdim. Bura İstanbuldan gəlirəm. 9 oyundan 8 xal topladım və çempion olduq. Bu bizlər üçün əla sınaq idi. Yarış gözlədiyimizdən də çətin keçdi. Bütün rəqiblər çox güclü oynayırdılar və ona uyğun olaraq hazırlaşmışdıq. Ən çox çətinliyi Özbəkistanla oyunda yaşadıq. Çox güclü, istedadlı və gənc komandaları var. Fürsətdən istifadə edib onları da təbrik edirəm”.
    Hatice Aslı (Türkiyə-Red komandasının üzvü): “15 yaşındayam və bura İstanbuldan gəlirəm. Çempion olduğumuz üçün çox xoşbəxtəm. Mənim üçün yarışda qarşılaşdığımız ən çətin rəqiblər İran və Özbəkistan komandaları oldu. Olimpiadada bütün oyunlar gərgin və inadlı mübarizə ilə  keçdi”. 
    Beləliklə, 9 gün davam edən gərgin beyin mübarizəsində komandalar mükafat əldə etməklə yanaşı, həm də Naxçıvanda yeni dostlar qazandılar. Bununla yanaşı, Naxçıvan bu yarışa mükəmməl ev sahibliyi etməklə şahmat dünyasında nəyə qadir olduğunu bir daha göstərmiş oldu. Artıq şahmatın mərkəzi hesab edilən Naxçıvan dünya və Avropa çempionatlarını qəbul etməyə tam hazırdır desək, yanılmarıq. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 11.10.2022 18:53