AZ EN RU

Dörd kəndimiz də Azərbaycan bayrağına qovuşdu

Dünyadakı mürəkkəb hərbi-siyasi konyunkturaya və Cənubi Qafqaza yaxın ərazilərdəki qaynayan münaqişələrə baxmayaraq son bir həftə ərzində bölgəmizdə baş verən hadisələr bütün çətinliklərə baxmayaraq sülhə aparan yolların inşasının mümkün ola biləcəyini göstərir. Rusiya sülhməramlı kontingentinin missiya müddəti başa çatmadan işinin bitməsi ilə Qarabağdan çıxıb getməsi və ardınca da Qazax rayonunun ermən işğalında qalmış kəndlərindən dördünün danışıqlar yolu ilə Azərbaycana geri qaytarılması araqarışdıran imperialist və kolonialist qüvvələrin barmağı olmayan dünyanın ən qaynar nöqtələrində də sülhə nail olunmasını sübut etdi. Ölkəmizin qanuni əraziləri olmuş bu kəndlərin siyasi iradə ilə heç bir güllə atılmadan yenidən suveren ərazilərimizə qatılması Azərbaycanın növbəti dipolmatik uğuru kimi hər kəsi sevindirsə də bölgədə separatizmin və münaqişənin bitməməsi üçün əlindən gələni etməyə hazır olan bəziləri üçün bu, narahatlıq da doğurur.

İşğal altında saxladıqları kəndləri Azərbaycana qaytarmaları erməni mediasında, daha doğrusu, ABŞ, Rusiya, Fransa, Paşinyan və müxalifət arasında beş hissəyə parçalanmış erməni cəmiyyətində birmənalı qarşılanmasa da, reallıq odur ki, Ermənistanın 10 noyabr bəyannaməsində göstərilən razılaşmaları yerinə yetirməkdən başqa çarəsi yoxdur. Azərbaycanın diqtəsi ilə aparılan siyasi təmaslardan Ermənistan rəhbərliyinin gəldiyi digər bir nəticə isə atılan hər müsbət addımın gələcək üçün etibarlı zəmin yaradacağına inanmasıdır. Dövlət başçımız, Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi əgər avropalı, amerikalı cənablar əl çəksələr və Cənubi Qafqaz rahat nəfəs alsa Azərbaycanla Ermənistan arasında heç bir məsələnin həlli mümkünsüz deyildir.

Bu gün Ermənistanı özünə tərəfdaş etməklə Rusiyaya qarşı gəlməyi planlayan Qərb ölkələri Azərbaycanın bölgədəki güclü mövqeyi ilə barışmaq kimi reallıqla da üz-üzə qalıb. Xüsusən, Qırmızı dənizdəki təhlükəli logistika və İran-İsrail qarşılaşması ilə dünya neft qiymətlərinin riskli hala gəlməsindən ehtiyatlanan Qərbin öz maraqları naminə ən yaxın strateji tərəfdaşını belə pula sata biləcəyi göz qabağındadır. Belə olan təqdirdə içiboş vədlərlə Ermənistanı yanına çəkib onu revanşizmə və ya Qarabağda separatçıların yenidən dirilməsinə şirnikləndirən Qərbin siyasi oyunbazlarının Azərbaycanın güclü siyasi gedişləri və iqtisadi partnyorluğu qarşısında sadəcə susmağı üstün tutmağı təsadüfi deyildir. Öz qanlı keçmişlərində hər işğal etdikləri ərazidən qırğınlar və soyqırımlar törətməklə çıxmış Fransa və ABŞ-ın bu dəfə Rusiyanın Qarabağdan, Ermənistanın isə Qazax rayonunun dörd kəndindən səssizcə çıxmasını ağzı açıq heyrətlə izləməsinin şahidi olmaqdayıq.

Bu gün özünün daxili siyasi və iqtisadi problemlərinə, işğala və terrora verdiyi dəstəyə görə qarşılaşdığı beynəlxalq sanksiyalara rəğmən Zəngəzur dəhlizini özünün qırmızı cizgisi elan edənlər üçün isə Qazax rayonunun müsəlmanlar yaşamış bu dörd kəndinin Azərbaycana qaytarılması, əslində, toy-bayram olmalı idi. Həmin kəndlər ki, bir vaxtlar ermənilər burada yaşamış qadın, uşaq, qoca demədən bütün müsəlman bacı-qardaşlara divan tutmuş, onları otuz ildən artıq bir müddətdə evlərindən didərgin etmişdir. Bu gün həmin insanların öz doğma yurdlarına qayıtması da Uca Allahın ədaləti kimi Azərbaycan xalqına, onun güclü liderinə bəxş olunmuş ən böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyə ən azından sevinmək, onu bayram edənlərə dualar etmək isə müqəddəs dinimizə görə ən müstəcəb səvabdır.

Qarabağdakı separatist tör-töküntülərinin Xankəndi və ətrafında atıb getdikləri ağır və yüngül atıcı silahların hələ də tapıldığı, az qala hər gün işğaldan azad olunmuş ərazilərdə erməni mianlarınıın partladığı bir dönəmdə Azərbaycana məxsus olmuş və Qarabağdan yüzlərlə kilometr uzaqda, dost Gürcüstana yaxın ərazidəki kəndlərimizin erməni işğalından qurtarılması dünyanın gözü qarşısında yeni bir pəncərə açdı. Bu, ermənilərin işğalçılıq iddialarının təkcə Qarabağda deyil, ölkəmizin Ermənistanla həmsərhəd olan hər yerdə olduğunu bütün dünyaya sübut etdi. Qarşıda isə Sədərəyin Kərki kəndinə gedən yolun təmizlənməsi dayanır.

Əli Cabbarov

 

 

Nəşr edilib : 20.04.2024 20:34