AZ EN RU

Doktoranturaya xarici dildən qəbul və fəlsəfə doktoru imtahanı keçirilib

`    Dövlət İmtahan Mərkəzi iyunun 12-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirib. İmtahanlarda, ümumilikdə, 2218 nəfər iştirak edib. 
    Naxçıvan Muxtar Respublikasında  imtahan Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə, 10 zalda təşkil olunub və 103 namizəd iştirak edib. İmtahanın keçirilməsi üçün 13 nəzarətçi, 2 imtahan rəhbəri ayrılıb. İmtahanda namizədlərə 30 sual təqdim olunub və 1 esse yazmaq tələb edilib. 
    Qeyd edək ki, test tapşırıqları üzrə toplanıla biləcək maksimal bal 30-a bərabərdir. Esse yazısı maksimum 10 balla qiymətləndirilir. Doktoranturaya xarici dil üzrə qəbul və xarici dil üzrə fəlsəfə doktoru imtahanında toplanıla biləcək maksimal bal 40-a bərabərdir. Fəlsəfə doktoru imtahanında 30 bal və ya daha yüksək nəticə göstərənlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim edə bilərlər. Xarici dil üzrə qəbul imtahanında 25 və daha yüksək bal toplayanlar həmin imtahandan keçmiş sayılır və fəlsəfə fənni üzrə qəbul imtahanına buraxılırlar. Doktoranturaya qəbul olan şəxslərdən xarici dil imtahanında yalnız 30 bal və ya daha yüksək nəticə göstərənlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
    Nəticələr 3 həftə ərzində açıqlanacaq. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 13.06.2022 22:00