AZ EN RU

Doğum günündə şəhidlik zirvəsinə ucalan Elvin

Elvin Etibar oğlu Məmmədov

01.10.1997-01.10.2020

Elvin evimizin balacası, ərköyünü, uşaqlarımızın gözü olub. Ona heç vaxt “yox” kəlməsini işlətməmişik. Çox yaxşı oxuyurdu Elvin. Müəllimi görəndə ki, bir az zəiflik göstərir dərslərində tez göndərirdi evə ki, anan gəlsin. Mən də tez-tez gedib onun dərsində otururdum. Çox yaxşı oxuyurdu. Hərbi liseyə də 270 balla qəbul olmuşdu.

Elvinin o qədər xatirələri vardır ki... Böyük arzuları var idi Elvinin. Elə hey deyirdi ki, evlənim. Evlənmək istəyirdi. Amma gözündə qaldı balamın. Elə hey xəyal qururdu. Deyirdi, ana, belə ailə quraram, belə yaşayarıq. 
Sonuncu dəfə 30 sentyabrda danışdıq. Səhərisi 1 oktyabrda ad günü olacaqdı. Dedim, Elvin, ehtiyatlı ol. Dedi, ana, Allaha təvəkkül. Düz üç dəfə o sözü dedi. Atası ilə də danışdı. Atası dedi, vəziyyət belədir. Dedi, ata, narahat olma. Bizi heç yerə aparmayıblar. Olar ki, birdən mənə zəng çatmaz. Ya şəbəkə olmaz, ya da telefonun batareyası qurtarar. Onun da narahat olmağını istəmirdi. Əvvəl elə bilirdi ki, mənim xəbərim yoxdur ki, o müharibədədir. Sonra böyük oğlum deyib ki, anam bilir sənin harada olduğunu. Sonra gündə iki dəfə mənə zəng vururdu. 
Sonuncu danışığımız da 30 sentyabrda oldu. Oktyabrın 1-də doğum günü üçün tezdən zəng vurduq. Amma zəng çatmadı. Sən demə, həmin vaxt balam şəhid olub. Öz doğum günündə şəhidlik zirvəsinə ucaldı.
Döyüş yoldaşları bizi görməyə gəlmişdilər. Onlar danışırdılar ki, heç qorxmurdu. Hətta olduğumuz yeri top atəşinə tuturdular. Elvin isə heç yerə əyilmirdi. Əyilmədiyi üçün də qəlpələr qurşaqdan aşağı bədəninə dolmuşdu. Sonra onu yaralı vəziyyətdə maşına götürüblər. Maşın yaralıları Füzuliyə aparanda yolda maşını vurublar. Elvin elə orada da şəhid olub. 
Övlad dərdi çox ağırdır, çəkə bilmək hər kəsin işi deyil. Amma nə etmək olar ki, Vətən sağ olsun! 

Nəşr edilib : 19.06.2024 11:29