AZ EN RU

Doğma meydançada çempionluq sevinci

    Dünən Naxçıvan Muxtar Respublika Stadionunda Azərbaycan 1-ci Divizion 2022-2023-cü illər mövsümünün çempionunun mükafatlandırma mərasimi olub. 
    Azarkeşlər arasında “Araz-Naxçıvan” Futbol Klubunun yaradıcısı Tofiq Axundovun həyat yoldaşı Gülər xanım və qızı Nuranə xanımla həmsöhbət olduq. Gülər xanım qeyd etdi ki, həyat yoldaşı Tofiq Axundov peşəkar futbolçu olub. “Neftçi” komandasının 3 nömrəli müdafiəçisi kimi bir çox futbol oyunlarında iştirak edib. O, Naxçıvana gəlib bu klubu yaratmağa başlayanda bir çox çətinliklərlə üzləşirdi. Bəzi valideynlər övladlarının peşəkar futbol oynamasına icazə vermirdi. Tofiq isə məhəllə-məhəllə gəzib uşaqları toplamaqdan, onlara bu oyunun sirlərini öyrətməkdən yorulmurdu.1967-ci ildə  həyat yoldaşının burada futbol komandası yaratdığını və seleksiya xarakterli məşqlərə start verdiyini  bildirən Gülər xanım dedi: – Bu Naxçıvana ikinci gəlişimizdir.  İlk dəfə ötən il “Araz-Naxçıvan”ın yaranmasının 55 illiyi münasibətilə gəlmişik. Naxçıvanın gəzməli-görməli yerləri ilə – Möminə xatın türbəsi, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olmuşuq, Əshabi-kəhf ziyarətgahına getmişik.  Naxçıvanda olub dünyadan vaxtsız köçən həyat yoldaşımın yaratdığı bu klubun oyununu, onları mükafatlandırma mərasimini izləyərkən çox sevindim, dedim ki, kaş Tofiq də sağ olub əkdiyi ağacın bəhrəsini görərdi. Əminəm ki, onun ruhu şaddır, o da bizi izləyir və yaradıcısı olduğu peşəkar futbol klubunun nailiyyətini görür. Meydandakı üç nömrəli oyunçuya baxdıqca Tofiqin də bir vaxtlar futbol meydanında bu nömrə ilə oynadığını xatırlayıram. 
    Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının (NFF) sədri və “Cahan Holdinq”in qurucusu Vüqar Abbasov həmişə Tofiq Axundovun xatirəsini uca tutub. Ötənilki tədbirdə və bu gün burada iştirak etmək üçün bizi Naxçıvana dəvət edib. Çox şadam ki, Vətənimizin bu gözəl diyarında bu möhtəşəm tədbirdə iştirak edirəm. Təşkilatçılara təşəkkür edirəm.
    Tofiq Axundovun qızı Nuranə xanım da bu gün burada atasının yaradıcısı olduğu futbol klubunun oyununu izləyir. O dedi ki, Naxçıvana ilk dəfə gəldiyi gün də, bu gün də insanların səmimiliyi, qonaqpərvərliyi ilə qarşılaşıb. Naxçıvanın təmizliyi həmişə onların diqqətini çəkib. Budəfəki gəlişlərində Naxçıvan şəhər qəbiristanlığında uyuyan Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdiklərini bildirən müsahibim qeyd etdi ki, Azərbaycanın bütün şəhər və rayonlarından olan  şəhid və qazilər barədə reportajlar hazırlayıb. Arzu edir ki, bu qəhrəman yurdun da igid oğulları haqqında reportajlar hazırlasın.  
    Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının (NFF) sədri və “Cahan Holdinq”in qurucusu Vüqar Abbasovla həmsöhbət olduqda bildirdi ki, uşaq futbolunu inkişaf etdirmək üçün futbol akademiyası yaradılıb. Klubun sponsoru “Cahan Holdinq” futbolçuların çempion olması üçün tələb olunan hər şeyi edib. Bundan sonra da klubun yüksək liqada uğur qazanması üçün lazımi işlərin görüləcəyinə əminliyini bildirib.
    “Zaqatala” futbol klubunun baş məşqçisi Rüstəm Məmmədov dedi ki, bundan əvvəl də Naxçıvana gəliblər. “Araz-Naxçıvan”la, çempion bir komanda ilə bugünkü qarşılaşma çox maraqlı keçib. Dünənki əlverişsiz hava şəraiti və meydançanın tam quru olmaması oyunçuların çətinliklə qarşılaşmasına səbəb olsa da, oyun çox yaxşı keçdi. “Araz-Naxçıvan” komandasını təbrik edir, bundan sonra da uğurlar arzu edirik. 
    “Zaqatala” komandasının kapitanı Roini İsmayılovla həmsöhbət olduqda bildirdi ki, bugünkü oyundan əvvəl də Naxçıvanda olub. Bu gün burada olmaqdan çox məmnundur: – Oyun gərgin mübarizə şəraitində keçdi. Peşəkar futbolçularla qarşılaşmaq xoş idi. Naxçıvan şəhəri çox təmiz və səliqəlidir. Qalib komandaya bundan sonra da uğurlar arzu edirik. 
    “Araz-Naxçıvan” klubunun baş məşqçisi Azər Bağırov dedi: – Bu kuboku Ulu Öndərin yüzillik yubileyi ərəfəsində qazandıq və bu qalibiyyəti dahi rəhbərə həsr edirik. Klubun bütün futbolçuları oyunlarda peşəkarlıq nümayiş etdirdi və sonunda qalib gəldik. Gözəl Naxçıvanımızda, doğma stadionda qızıl medallar və kuboku Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təqdim etməsi isə ayrıca bir qürur yaşatdı bizə. Bundan sonra da Naxçıvanı futbol məkanında layiqincə təmsil etməyə çalışacağıq.  

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 23.05.2023 23:07