AZ EN RU

Distant təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlara kompüter, məktəbli formaları və dərsliklər verilib

    Dünən distant təhsilə yeni cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlara kompüter, məktəbli formaları və dərsliklər verilib.
    Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada dövlətimiz tərəfindən digər şagirdlər kimi, sağlamlıq imkanları məhdud uşaqların da təhsili diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu qəbildən olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradıb. 
    Göstərilən dövlət qayğısının nəticəsidir ki, sağlamlıq imkanları məhdud uşaqlardan 55-i məktəbəqədər təhsil müəssisələrində, 953-ü ümumtəhsil məktəblərində, 7 görmə məhdudiyyətli uşaq isə xüsusi ibtidai məktəbdə təhsillərini davam etdirirlər. 
    Təhsil naziri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəb, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri də yaradılıb, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlayıb, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilib. 
    Diqqətə çatdırılıb ki, hərəkət qabiliyyəti məhdud uşaqların təhsil imkanlarını genişləndirmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində yeni tədris ilindən fəaliyyətə başlayacaq. Dərslərin səmərəli təşkili üçün məktəbdə təmir işləri aparılıb, mərkəz üçün ayrılmış otaqlarda lazımi tədris şəraiti yaradılıb. Bildirilib ki, artıq distant təhsilə cəlb olunacaq şagird kontingenti Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilib, tədris proqramı hazırlanıb, onların dərslik və kompüter tələbatının ödənilməsi üçün lazım olan bütün təşkilati və metodik işlər görülüb. Mərkəzdə tədris aparacaq müəllimlər üçün kurslar da təşkil olunub.
    Vurğulanıb ki, mərkəzin yaradılmasında əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını və təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil almaq imkanı olmayan uşaqlar evlərindən tədrisə cəlb olunacaq. Bunun üçün mərkəzin pedaqoji kollektivi yaradılan müasir texnologiyalardan istifadə etməklə ümumtəhsil proqramını tədris edəcəklər. Distant Təhsil Mərkəzi sağlamlıq imkanları məhdud uşaqların təhsil imkanlarını artıracaq.
    Mərkəzdə tədris ümumi təhsil pilləsinin ibtidai, ümumi və tam orta təhsil səviyyələrində təşkil olunacaq. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat veriləcək. Bu da həmin məzunlara imkan verəcək ki, gələcəkdə də distant təhsildən yararlanaraq ali və orta ixtisas təhsili müəssisələrində öz təhsillərini davam etdirərək gələcəyin ixtisaslı kadrları kimi formalaşsınlar. 
    Fatimə İbrahimova övladları üçün yaradılan təhsil şəraitinə görə bütün valideynlər adından dövlətimizə minnətdarlığını bildirib.
    Tədbirdə 24 uşağa evlərində təhsillərini davam etdirmək üçün dizüstü kompüter, məktəbli formaları və dərsliklər verilib.
    Qeyd edək ki, distant təhsilə cəlb olunan fiziki imkanları məhdud uşaqların evlərinə telefon xətləri çəkilib, internetlə təmin olunublar.

  Naxçıvan Muxtar Respublikası Təhsil
     Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.09.2022 18:31