AZ EN RU

Distant Təhsil Mərkəzi sağlamlıq imkanları məhdud uşaqların təhsil imkanlarını artıracaq

    Muxtar respublikada dövlətimiz tərəfindən digər şagirdlər kimi, sağlamlıq imkanları məhdud uşaqların da təhsili diqqət mərkəzində saxlanılır.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu qəbildən olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradıb. Bu tədbirlərin davamı olaraq sağlamlıq imkanları məhdud uşaqların təhsil almaq imkanını artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmışdır. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində 2022-2023-cü tədris ilindən fəaliyyətə başlayacaqdır. Binada aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Burada tədris üçün ayrılmış otaqlarda lazımi şərait yaradılacaq. Distant təhsilə cəlb olunacaq şagird kontingenti müəyyənləşdirilir, tədris proqramı hazırlanır, onlar üçün dərslik və kompüter tələbatının ödənilməsi üçün lazım olan bütün təşkilati və metodik işlər aparılır.
    Sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan uşaqlar evlərindən tədrisə cəlb olunacaq. Bunun üçün mərkəzin pedaqoji kollektivi yaradılan müasir təhsil texnologiyalarından istifadə etməklə ümumtəhsil proqramını tədris edəcəklər.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.09.2022 20:00