AZ EN RU

Dirçələn Qarabağ torpaqları, Laçından dünyaya mesajlar

    Ötən həftə tariximizə yeni qürur və şərəf dolu səhifələr yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin cəmi 8 ay ərzində qurub-yaratdığı, dirçəltdiyi müasir və yeni Qarabağı gözlərimiz dola-dola izlədik. Şuşada, Füzulidə, Kəlbəcər və Laçında görülən işlər qəlbimizi fərəh hissi ilə doldurdu. Ölkə başçısı bütün dünyaya müasir Qarabağın timsalında işğalçı ilə qurub-yaradanın kim olduğunu bir daha nümayiş etdirdi. Bu, həm də dünyaya bir mesaj idi ki, 30 ilə yaxındır, torpaqlarımızda təbiətimizə edilən vəhşiliklərə, tarixi abidələrimizə edilən barbarlıqlara kor qalan dünya gözünü açsın baxsın, bir də baxsın və Qarabağın bu gününü heç vaxt unutmasın. Xüsusilə işğalçı dövlətə  – Ermənistana havadarlıq edənlər unutmasınlar ki, bu torpaqların əsl sakinləri kim olub və onlar birdəfəlik geri qayıtdılar, əbədi o torpaqlarda yaşayacaqlar.  Dövlət başçımızın güclü siyasi iradəsi, ordumuzun böyük qəhrəmanlığı, vətənpərvərliyi və fədakarlığı hesabına əldə etdiyimiz şanlı Zəfərimiz günü-gündən öz bəhərlərini verir, dostlara sevinc bəxş edir, gözü götürməyənlərə, paxıllıq edənlərə isə gözdağı olur. Gəlin, ötən həftəyə geri qayıdaq, o qürur və fərəh dolu anları bir də xatırlayaq. 

    Tarixi dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrimizin yüksək səviyyədə olduğu Özbəkistan Respublikası işğaldan azad edilmiş torpaqlarımızda, xüsusilə Füzulidə tikinti, quruculuq işlərinə öz töhfəsini verir. Avqustun 23-də  Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı buna nümunə idi. Açılış mərasimində iştirak edən ölkə başçısı məktəbi hörmətli Şavkat Miromonoviçin Füzuli şəhərinə hədiyyə etdiyini və onun Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacağını bildirdi. 960 şagird yerlik məktəbdə bir vaxtlar bu torpaqdan qaçqın və köçkün düşən vətəndaşlarımızın uşaqları, nəvələri sentyabrın 15-dən etibarən təhsil alacaq, xalqına, dövlətinə layiq vətəndaş kimi yetişəcəklər. Həmin gün Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüş isə otuz illik Vətən həsrətindən sonra öz dədə-baba torpağına qayıdan Füzuli sakinlərinin ən gözəl günü kimi yaddaşa yazıldı. Onlar yaradılan şəraitə, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə görə dövlət başçısına, eyni zamanda övladlarının təhsil almaları üçün gözəl bir məktəb tikdirən cənab Prezident Mirziyoyevə təşəkkür etdilər. 
    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin “Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq” sözləri iki qardaş və dost xalqın birliyinin, həmrəyliyinin göstəricisi idi.  Həmin gün Şuşa şəhəri ilə tanışlıq isə qonaqlarda dərin təəssürat yaratdı. 
    Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 25-də Kəlbəcər rayonuna səfəri bir çox mühüm amillərlə yadda qaldı. Yadınızdadırsa, Kəlbəcər rayonunu tərk etməsinə əlavə vaxt verilən ermənilər onların olmayan evləri, ağacları yandırmış, təbiətə ziyan vurmuş, törətdikləri barbarlıq və vəhşilik nümunələrini bir daha bütün dünyaya sərgiləmişdilər. Həmin gün ərazini tərk edən düşmən tərəfindən tamamilə dağıdılan “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq”, eyni zamanda “Çıraq-1” və “Çıraq-2”  Kiçik Su Elektrik Stansiyalarının açılışı gələcəkdə Kəlbəcərin “yaşıl enerji” zonasına çevrilməsinə öz töhfəsini verəcək. 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq ki, bu da Kəlbəcərin gözəl təbiətinə bir töhfə, insanların rahat yaşayışı üçün təxirəsalınmaz addımlardan biridir. Həmin gün, ümumilikdə, 855 ailənin məskunlaşması planlaşdırılan Kəlbəcər rayonunun Zar kəndinin təməlinin qoyuldu və yaradılacaq yüksək səviyyəli şəraitdən sonra isə bu torpağın sakinləri öz doğma yurdlarına qayıdacaqlar. Laçın rayonuna səfər çərçivəsində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edən dövlətimizin başçısına bildirildi ki, yeni energetika obyektlərinin tikintisi və istismarında yerli sakinlər üstünlük təşkil edir və bu, onların məşğulluğunun təminində mühüm rol oynayır. Həmin gün bir çox müəssisələrin təməlinin qoyulması və açılışı onu göstərdi ki, Laçın rayonuna artıq həyat qayıdıb və laçınlılar öz doğma yurdlarında rahatlıqla yaşayırlar. 
    Avqustun 26-da Laçın şəhərinin işğaldan tamamilə azad edilməsi günü – “Laçın Şəhəri Günü” böyük təntənə ilə dövlət səviyyəsində qeyd edildi. Şəhidlərimizin, qəhrəmanlarımızın  şücaəti hesabına yaşadığımız həmin gün qəlbimiz bir daha onlara qarşı böyük minnətdarlıq hissləri ilə doldu, xalq olaraq böyük qürur və fərəh hisslərini yaşadıq. “Laçın Şəhəri Günü”ndə rayonun Zabux kənd sakinlərin köçürülməsi isə tariximizdə növbəti əlamətdar hadisələrdən biri idi. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Avqustun 25-də 20 ailə – 88 nəfər doğma yurdlarına – Zabux kəndinə qayıdıb. Dövlətimizin başçısı və birinci xanımın kənd sakinləri ilə səmimi görüşü zamanı sakinlər bu yerləri cənnətə çevirən, 31 ildən sonra onlara böyük xoşbəxtliyi yaşadan dövlətimizin başçısına minnətdarlıq etdilər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik etdilər. 
    Həmin gün Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənlikləri isə maraqlı və yaddaqalan oldu. Burada nümayiş etdirilən müxtəlif tamaşalar, xalq tətbiqi sənəti üzrə ustad dərslər, şəbəkə, həsir sənəti, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq və digər sənət növlərinin də daxil olduğu incəsənət sərgisi və “Laçın mənzərələri” adlı rəsm sərgisi orada olanlarda, eləcə də bu xoş anları televiziyadan izləyənlərdə yüksək əhvali-ruhiyyə yaratdı.  Ölkə başçısının və xanımının uşaqlarla, sakinlər və qonaqlarla səmimi münasibəti, hamı ilə tək-tək şəkil çəkdirmələri bu gözəl günə şahidlik edənlərdə bir daha bu mehriban, sadə, səmimi, gülərüz ailəyə böyük bir heyranlıq oyandırdı.
    Həmin gün Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbiri isə bir daha milli musiqimizin, mədəniyyətimizin zənginliyini bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının tədbirdə çıxışında söylədikləri  Ermənistana və ona havadarlıq edənlərə bir mesaj idi :  – “Heç bir şey bizi yolumuzdan döndərə bilməz... Bu gün dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq”.
    Əlli yaşını Ağcabədidə laçınlılarla, 60 yaşını Şuşada qeyd etdiyini fəxarətlə xatırladan, Laçın Şəhəri Günündə bayram tədbirlərində iştirak etməkdən böyük xoşbəxtlik  duyduğunu deyən Prezident cənab İlham Əliyev xalqımızın bundan sonra da sülh, əmin-amanlıq şəraitində yaşayacağını, öz doğma torpağında qurub-yaradacağını vurğuladı. 
    Bayram tədbirində səslənən “Laçınım”, “Ay Laçın”, “Cənnətim Qarabağ”, “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi”, “Azərbaycan”, “Azərbaycanım” və digər vətənpərvərlik mahnıları, milli rəqs, musiqi nömrələri könlümüzü oxşadı, qəlbimizə, ruhumuza dinclik, fərəh bəxş etdi. Bir daha əmin olduq ki, mayəsi, qayəsi, ruhu igidlik, qorxmazlıq, vətənpərvərliklə yoğurulan bu xalqın iradəsi qarşısında heç bir qüvvə dura bilməz. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 28.08.2023 18:16