AZ EN RU

Dirçəldilən, yenidən həyat bəxş edilən Ağdam

Ümummilli Liderimiz Heydər Əliyev 1973-cü ildə Ağdamda səfərdə olarkən demişdi: “Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər, həm də kəndlər dastanlarda, şeirlərdə olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı guşəsi olsun… Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!” Bu gün hər bir sahədə Ata vəsiyyətini uğurla yerinə yetirən Prezidentimiz cənab İlham Əliyev işğaldan azad edilmiş bütün şəhər və rayonlarımıza, o cümlədən Qarabağın canı Ağdama da yeni həyat verib, Ağdam gün keçdikcə daha da dirçəldilir…

Qarabağın qapısı

Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşən bu rayonumuz Qarabağın giriş qapısı sayılır. Qədim tarixi, füsunkar təbiəti, məhsuldar torpaqları ilə seçilən Ağdam şəhərinin adı qədim türk dilində “kiçik qala” deməkdir. Bu, keçmişdə bu ərazidə yaşayan türkdilli qəbilələrin özlərini müdafiə etmək üçün tikdikləri kiçik qalalarla bağlı olub. Qarabağlı Pənahəli xanın Ağdamda ağ daşdan tikdirdiyi imarət kənd sakinləri üçün simvola çevrilmiş və bu mənada, “Ağdam” həm də Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını vermişdir. Digər versiyalara görə isə Ağdam – ağ Adəm, ilk insan mənasını ifadə etməklə dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılır. 

    Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran, Xocavənd, həmçinin Füzuli rayonları ilə həmsərhəd olan Ağdam keçmişdə tarix, mədəniyyət, elm və təhsil mərkəzi kimi diqqəti cəlb edib. Bu torpaq Xudu Məmmədov, Sara Qədimova, Qədir Rüstəmov, Arif Babayev və başqa böyük sənətkarları, elm-mədəniyyət xadimlərini yetişdirib. Üzərliktəpə abidəsi, Sarı Musa türbəsi, Pənahəli xanın və onun nəslinin Ağdam şəhərindəki imarəti, Şahbulaq qalası, Ağdam Cümə məscidi, Çörək Muzeyi və digər tarixi-memarlıq abidələri, yaşayış məskənləri, sərdabələri, kurqanları, ziyarətgahları Ağdamın qədim Azərbaycan torpağı olduğunu sübut edir. Kənd təsərrüfatı üçün yararlı torpaqlara sahib olan rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.

Strateji əhəmiyyətli şəhər

Əvvəllər müxtəlif sənaye sahələrinin inkişaf etdirildiyi Ağdam həm də düşmənin həsədlə baxdığı strateji əhəmiyyətli şəhər olub. Qarabağa gedən yolların Ağdamdan keçməsi mənfur düşmənlərimizin işğalçılıq niyyətlərini daha da alovlandırmış, onların torpaqlarımıza təcavüzünün ilk qığılcımları da məhz Ağdamdan başlanmışdır. 1992-ci ilin sentyabrında Abdal-Gülablı kəndini tutan düşmən 1993-cü il iyul ayının 23-də ağdamlıların uzunmüddətli mübarizəsinə baxmayaraq, buranı işğal etmişdi. Qədim yurdumuz talan edilmiş, neçə-neçə kənd, yaşayış binası, sənaye və tikinti müəssisəsi, məktəb binası, səhiyyə mərkəzi, mədəniyyət ocağı, teatr, məscid və muzeylər, tarixi abidələr vandalizm siyasətinin qurbanına çevrilmişdi. Ağdamın payına neçə-neçə şəhid, sağlamlıq imkanları məhdud şəxs, qaçqın, məcburi köçkün düşmüşdü. Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra ağdamlılarla keçirdiyi hər bir görüşündə onların bir gün doğma yurdlarına qayıdacaqlarına inam hissi yaradırdı. Görkəmli dövlət xadimi ağdamlılarla görüşü zamanı demişdir: “Ağdam rayonu o vaxt bizim ən varlı rayonlarımızdan biri idi. Çünki Ağdamın çox gözəl torpağı var, çox gözəl təbiəti var, çox fədakar, zəhmətkeş insanları var. Ağdam Azərbaycanın inkişafında çox böyük rol oynamışdır. Ağdamdan olan insanlar Azərbaycanın elmini, mədəniyyətini inkişaf etdirmişlər. Azərbaycanın dövlət orqanlarının yaradılmasında, inkişaf etdirilməsində fəal iştirak etmişlər. Bu da həm ağdamlıların sərvətidir, həm də bütün Azərbaycan xalqının sərvətidir”. 

Ağdam artıq azaddır

Xalq şairi Cabir Novruz illər əvvəl hələ torpaqlarımız işğal altındaykən bu misraları yazmışdı: 
    Vaxt keçəcək, dövr edəcək,
    Qan-qadalı hərb bitəcək,
    Yağıları qovacağıq bu torpaqdan,
    Mütləq geri alınacaq
    Şuşa, Ağdam,
    Mütləq geri alacağıq
    Kəlbəcəri,
    Laçını da,
    Qarabağa bütün yollar açılacaq.
    Belə də oldu. 27 il doğma yurdlarının həsrətini çəkən ağdamlıların arzuları geçəkləşdi. Ölkə Prezidenti cənab İlham Əliyev nəinki ağdamlıları, bütün qarabağlıları sevindirdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi qubar bağlayan dərdli, kədərli qəlblərə təskinlik oldu. Uzun illər düşmən tapdağı altında inləyən torpaqlarımız cəmi 44 gün ərzində Ordumuzun şücaəti, dövlət başçımızın siyasi iradəsi, qətiyyəti hesabına azad edildi. Ölkə başçısının televiziya vasitəsilə verdiyi torpaqlarımızın azad edilməsi xəbərləri xalqımıza, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə böyük sevinc və qürur yaşatdı. Məğlubiyyətə uğrayan düşmən 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu və nəticədə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də işğaldan azad edildi. Ölkə başçısı bununla bağlı deyib: “Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq... Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”. 2020-ci il noyabrın 23-də dövlətimizin başçısı iyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda üçrəngli bayrağımızı qaldırdı.

Qafqaz Xirosiması və ruhlar şəhəri cənnətə çevrilir

Ağdamın işğal dövründəki fotoşəkillərinə baxsanız, onun nə üçün “Qafqaz Xirosiması” və “Ruhlar şəhəri” adlandırıldığını görəcəksiniz. Ağdam vəhşi, amansız erməni vandalları tərəfindən xarabazarlıq, viran edilmişdi. Ağdam turistlər arasında maraqdoğuran 20 ruhlar şəhərindən biri kimi dünyaya tanıdılmış, yer üzündən silinmiş şəhərlər siyahısında yer almışdı. Lakin bu artıq tarixdə qalıb. Dövlətimizin gücünü, potensialını, Prezident cənab İlham Əliyevin qətiyyətini və siyasi iradəsini təcəssüm etdirən tikinti-quruculuq tədbirləri Ağdam rayonunu da əhatə edib. 2021-ci il mayın 28-də Prezident cənab İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etmiş, bununla da Ağdamın bərpa və quruculuq dövrü başlanmışdır. Həmin gün Ağdam şəhərində 1 nömrəli məktəbin, Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun, böyük meşə sahəsinin təməli qoyulmuş, İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verilmişdir. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planına əsasən burada İşğal muzeyi və Zəfər muzeyi, kanallar, körpülər, süni göllər yaradılır. Ötən il fevral və oktyabr aylarında Ağdam rayonuna yenidən səfər edən dövlətimizin başçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etmiş, bir sıra qurğu və müəssisələrin, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq mənzillərdən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak etmişdi. Ölkə başçısı və birinci xanım Mehriban Əliyeva bu il mayın 2-də Ağdam rayonuna səfər edərək “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoymuşdur. Ağdamda həyata keçirilən infrastruktur layihələri, tədbirlər gələcəkdə regionun iqtisadi inkişafına böyük zəmin yaradacaq, əhalinin sosial vəziyyəti daha da yaxşılaşacaq. 

Dünya üçün örnək şəhər

Bu gün Ağdam həm də minalarla ən çox çirkləndirilən ərazilərimizdən biridir. Ağdam sürətlə minalardan təmizlənir. Həyata keçirilən tədbirlər tam əminlik yaradır ki, keçmişdə “Qafqaz Xirosiması” adlandırılan Ağdam yaxın zamanda “Qafqazın cənnəti”nə çevriləcək və dünya üçün örnək olacaq. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən hər il noyabrın 20-si Ağdam şəhəri günü kimi təntənəli şəkildə qeyd olunacaq.

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 17.11.2023 19:56